Qarabağ torpağı bir neçə onilliklərdir ki, qayıdışımızı gözləyir!

Cümə axşamı | 01 Oktyabr, 2020

#KarabakhisAzerbaijan!

30 ildən çoxdur ki, hər bir Azərbaycanlı erməni işğalçıları tərəfindən zəbt olunmuş ata-baba torpaqlarımızı geri qaytarmaq, ədaləti bərpa etmək arzusu ilə yaşayır. Dünya birliyi tərəfindən qeyd-şərtsiz suveren Azərbaycan ərazisi kimi tanınan Qarabağ torpağı, xalqımızın mədəni, tarixi və bədii ruhu olmaqla, min illər boyu Azərbaycanın bir növ mədəni matrisini, mədəni genotipini təşkil edən müdriklik, təcrübə və biliyə, musiqi və sənət uğurlarına yiyələnmişdir. Bəşəriyyətin beşiklərindən biri olan Qarabağ torpağı bir neçə onilliklərdir ki, qayıdışımızı gözləyir. Və biz, nəhayət, yenidən qurub-yaratmaq, zorla işğal olunmuş torpaqlarımıza tərəqqi və parlaq bir gələcəyi bəxş etmək üçün qayıdırıq! Qarabağ xalçaçılığının bənzərsiz ənənələrinə həyat verməyə, solğun parlaq rənglərini canlandırmağa, Qarabağa həsrət qalan Qarabağ atlarını vətənimizə qaytarmağa, qiymətli çiçəkimiz – xarı-bülbülü ürəklərimizin və əllərimizin hərarəti ilə isitməyə qayıdırıq! Elə qayıdırıq ki, Qarabağ muğam məktəbinin parlaq nümayəndələrinin bənzərsiz səsləri Qarabağda eşidilsin! Bu torpaqlara davamlı inkişaf və inam vermək üçün tarixi ədaləti bərpa etmək üçün qayıdırıq!

Bu gün Azərbaycan Milli İncəsənət Muzeyinin bütün əməkdaşları adından Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandanı cənab İlham Əliyevə və qəhrəman Azərbaycan ordusuna, vətən uğrunda mübarizə aparan, əzəli düşmən tərəfindən tapdaq altında qalan və alçaldılan ata-baba torpaqlarımızı azad etmək məqsədi ilə müqəddəs borcunu yerinə yetirən hər bir döyüşçüyə dərin minnətdarlığımı bildirirəm. Əminəm ki, bu gün hər bir Azərbaycan vətəndaşı çoxdan gözlədiyi ölkə rəhbərinin yaxın vaxtlarda işğal olunmuş torpağlarımızın qaytarılması haqqda söylədiyi sözləri eşidəndə sevinc hissi keçirir.

27 sentyabr 2020-ci il – artıq xalqımız üçün simvolik bir tarixdir. Axı işğal olunmuş kəndlərdə son dəfə Azərbaycan nitqinin eşidilməsindən, Azərbaycan musiqisinin gözəl sədalarının səsləndirilməsindən, toy və bayramlarımızın təşkil olunmasından düz 27 il keçir. O zaman minlərlə dinc Azərbaycan əhalisinin sevinc və kədərləri ilə adi, ölçülü həyat tərzlərinə son qoyuldu.  O vaxtdan etibarən bütün bu illərin hər bir anı əbədiyyatı xatırladırdı.

Amma buna baxmayaraq, bütün bu müddət ərzində ölkə gücünü artırıb, hərbi potensialını gücləndirib, cəsarətli döyüşçülər yetişdirməklə qələbəyə aparan yolu möhkəmləndirirdi.

Bu gün xalqımız və ölkə rəhbərliyi canları bahasına on illərdir tapdalanmış ədaləti bərpa etmək, ölkənin ərazi bütövlüyünə nail olmaq, yüz minlərlə mülki şəxsi evlərinə qaytarmaq, parlaq və sevincli bir gələcək qurmaq qərarında həmrəydir.

Əminəm ki, bu cür birlik yenilməz və sarsılmazdır! Yaxın gələcəkdə bizi uzun illərdir həsrətində olduğumuz qələbə gözləyir və “Qarabağ Azərbaycandır!” şüarı yeni bir rəng qazanacaqdır.

 

Hörmətlə,

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru,

professor Çingiz Fərzəliyev

Əlaqədə qalın

Kolleksiyalar, sərgilər, fəaliyyətlər və digər mövzular haqda xəbərləri əldə edin.