Fransanın "Total" şirkəti...

21 Noyabr-21 Noyabr, 2016

Keçirilmiş

Azərbaycan Milli İncəsənət Muzeyində 21 noyabr 2016-cı il tarixində  Fransanın Total neft-qaz şirkətinin Azərbaycandakı fəaliyyətinin 20 illiyinə həsr olunmuş təntənəli tədbir keçirilib.

Tədbiri giriş sözü ilə Totalın Azərbaycan üzrə regional icraçı direktoru Denis Lemarşal açıb.

Azərbaycanın Respublikasının Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev "Total” şirkətinin ölkəmizdə fəaliyyətinin 20 illiyi münasibətilə şirkət rəhbərliyini təbrik edib.

Nazir Azərbaycanla Fransa arasında mədəni, iqtisadi, siyasi əlaqələrin  günü-gündən intensivləşdiyini, eyni zamanda  SOCAR ilə “Total” arasında uğurlu və işgüzar əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə davam etdiyini qeyd edib.

Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev SOCAR və “Total” arasında mövcud olan səmərəli əməkdaşlıq əlaqələrindən bəhs etmiş, hər iki şirkətin birgə iştirak etdiyi neft-qaz layihələrinin regional və beynəlxalq enerji təhlükəsizliyində oynadığı rolu xüsusi qeyd etmişdir.

“Total”ın baş icraçı direktoru Patrik Puyanne Azərbaycanla əlaqələrin davam etdirilməsində maraqlı olduqlarını söyləyib, əməkdaşlığın inkişafı üçün geniş perspektivlər gördüyünü bildirib. O, Azərbaycanda həyata keçirilən layihələrin gedişini diqqətlə izlədiklərini qeyd edib, yeni investisiya imkanlarını araşdırdıqlarını və Azərbaycanda neft-qaz əməliyyatlarına sərmayə qoyuluşunu davam etdirəcəklərini deyib.

Tədbirdə mədəniyyət, dövlət və ictimai xadimləri iştirak ediblər.

Tədbir çərçivəsində Fransanın Total neft-qaz şirkətinin dəstəyi ilə  keçirilən  “Fransa incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından”  adlı sərginin ilkin, qapalı nümayişi olub.

Sərginin açılış mərasimi noyabr ayının 25-i keçiriləcək. Sərgi 26 noyabr 2016-cı il tarixindən 26 yanvar 2017-ci il tarixinədək açıq olacaq.

Zəngin və rəngarəng kolleksiyaya malik Azərbaycan Milli İncəsənət Muzeyi, toplusunda xüsusi yer tutan fransız bədii mədəniyyətini sənətsevərlərə təqdim edir. “Fransa incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” sərgisində fransız rəssam, heykəltəraş, qravürvə sənətkarlarının yüksək yaradıcılıq ənənələri, ideyaları müxtəlif texnikalarda yaratdıqları təsviri və dekorativ tətbiqi sənət əsərlərində tam, dolğun şəkildə əks olunmuşdur.

Hazırda muzeyin Fransa incəsənətinə aid olan kolleksiyası 300-dən artıq sənət əsərindən ibarətdir. Sərgidə kolleksiyanın bir qismi nümayiş olunur.

Sərginin xronoloji çərçivəsi XVII əsrdən XX əsrin əvvəllərinə qədərki dövrü əhatə edir. Görkəmli rəssamlar Jül Düpre, Konstan Jan Benjamin, Danyan Paskal Buvre, Qaspar Düqenin tabloları, Jan Dallen, Pyer Dreve, Jak Kallo, Şarl Klemon, Nikolya Larjomi, Robert Qaymer kimi tanınmış ustaların qravürləri, məşhur heykəltəraşlar Klod Mişel Klodion, Jan Antuan Qudon, Etyen Moris Falkone, Mari Rozali Bonerin mərmər və tuncdan yaratdığı heykəl və kompozisiyaları yüksək bədii məzmunu, ifadəliyi, mükəmməl kompozisiya həlli ilə diqqəti cəlb edir. Sərgidə, həmçinin XVIII əsrdən çini istehsalında bədii  ifadə dərəcəsi və üslub mükəmməlliyi ilə xarakterizə olunan Fransanın Sevr manufakturası, Duqoti, Nast, Solxer, Föyye və digər zavodlarının nadir və qiymətli nümunələri təqdim olunur. Mebel, xüsusən də məşhur “Bul” markasına məxsus nümunələr, saatlar, müxtəlif metal məmulatlar, tikmə və qobelen kolleksiyası, həmçinin qadın geyiminin ayrılmaz hissəsi və həqiqi sənət əsəri sayılan yelpiklər toplusu kifayət qədər maraqlıdır.

Qeyd edək ki, sərgi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müvafiq sərəncamı ilə elan edilən “2016-cı il - Multikulturalizm ili” və həmçinin Azərbaycan Milli İncəsənət Muzeyinin 80 illik yubileyi çərçivəsində keçirilir.  “Fransa incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” sərginin kuratoru Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, professor Çingiz Fərzəliyevdir.

Son Sərgilər

"Mədəni yaddaşımızda Qərbi Azərbaycan" a...

Ətraflı...

“Zamanla dialoq” adlı sərgisi ...

Ətraflı...

"Miniatürsayağı" adlı fərdi sərgisi...

Ətraflı...

"Türkiyə- Azərbaycan Qardaşlığı: Anadolu...

Ətraflı...