"Zamanın pillələri ilə" sərgisi

Cümə | 26 May, 2023

12 aprel-10 may 2023-cü il tarixlərində Dmitriy Şevardnadze adına Milli Qalereyada  Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və Gürcüstanın Mədəniyyət, İdman və Gənclər Nazirliyinin tərəfdaşlığı, Azərbaycan Milli İncəsənət Muzeyinin və Gürcüstan Milli Qalereyasının birgə təşkilatçılığı ilə Azərbaycanın tanınmış rəssamı Çingiz Fərzəliyevin "Zamanın pillələri ilə" adlı yubiley sərgisi keçiriləcəkdir.

Sərginin təntənəli açılışı 12 aprel, saat 19:00-da baş tutacaqdır.

Gürcüstan və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş sərgi rəssamın 60 illik müddət ərzində ərsəyə gətirdiyi zəngin yaradıcılığının yalnız bir hissəsini nümayiş etdirir. Sərginin kuratorları Çingiz Fərzəliyev, Könül Rəfiyeva və Məryəm Dvalidir.

Çingiz Fərzəliyevin yaradıcılğı heyrətamiz mənzərələri, natürmortları və fəlsəfi xarakteri ilə seçilir.

Rəssam 20 noyabr 1943-cü ildə Bakı şəhərində anadan olub.

1973-cü ildə V. İ.Surikov adına Moskva Dövlət Akademik Bədii İnstitutunun rəngkarlıq fakültəsini bitirib.

2008-ci ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru, 2010-cu ildən isə Azərbaycan Milli İncəsənət Muzeyinin direktorudur.

Çingiz Fərzəliyev görkəmli rəssam və ictimai xadimdir. O, çoxsaylı beynəlxalq akademik reqaliyalarla, orden və mükafatlarla təltif edilib. Belə ki, rəssam Böyük Britaniyanın Kembric Universitetinin Beynəlxalq Bioqrafik Mərkəzinin fəxri professoru, həmçinin V. İ.Surikov adına Moskva Dövlət Akademik Bədii İnstitutunun fəxri professoru və Tbilisi Dövlət Rəssamlıq Akademiyasının fəxri doktorudur.

Dünya elminə və mədəniyyətinə verdiyi töhfələrə görə professor Fərzəliyev Almaniyanın Hannover şəhərində yerləşən Avropa Təbiət Elmləri Akademiyası tərəfindən “Avropanın fəxri elm və mədəniyyət xadimi” adına layiq görülüb. O, Avstriya Respublikası qarşısında xidmətlərinə görə “Böyük Şərəf ordeni”, həmçinin Gürcüstan Prezidentinin “Şəfəq” ordeni, Azərbaycanda təsviri incəsənətin inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni, Fransa Respublikasının İncəsənət və ədəbiyyat ordeni, “Atatürk Beynəlxalq mükafatı”, həmçinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Nizami Gəncəvi qızıl medalı və bir çox digər mükafatlarla təltif edilib.

“Zamanın pillələri ilə” sərgisi çərçivəsində Gürcüstanda nəşr olunan sərgiyə dair kataloq təqdim ediləcəkdir. Sərgidə, həmçinin Çingiz Fərzəliyevin müəllifi olduğu çoxsaylı nəfis nəşrlər; kitab və albomlar nümayiş etdiriləcəkdir.

Əlaqədə qalın

Kolleksiyalar, sərgilər, fəaliyyətlər və digər mövzular haqda xəbərləri əldə edin.