"Ruhunu görəndə gözlərini də çəkəcəyəm"...

Çərşənbə | 02 Noyabr, 2022

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Ülkər Əliyevadır. Onunla rəssam Amadeo Modilyaninin "Janna Ebutern boyunbağı ilə" əsəri haqqında danışmışıq.

***

- Elə rəssamlar var ki, onların həyatı, şəxsiyyəti və bu vəhdətdən doğan şəxsi həyatı o qədər maraqlıdır ki, bu barədə nəsə demədən rəssamın hansısa əsəri haqqında danışmaq günah olar. Fikrimcə, Modilyani də o rəssamlardandır. 

- Amadeo Modilyani XX əsrin əvvəllərində özünəməxsus yeni üslub yarada bilən rəssamlardan biridir. O illər bir çox sənətkarların toplaşdığı mərkəz Paris şəhəri hesab olunurdu. Bu sənət mərkəzinin rəssamları fərqlilik axtarışında olan  sənətkarlar idi və onların  bir çoxunun, məsələn, P.Pikasso, X.Sutin, Utrillo və başqalarının yaradıcılığında yenilik cəhdləri açıq şəkildə özünü büruzə verirdi. Amadeo Modilyaninin də yaradıcılığının məhsuldar dövrü elə  "Paris dövrü" hesab olunur. Həyat və yaradıcılıq yolu qısa olan rəssam vəfat etdikdən sonra daha çox məşhurlaşmağa və əsərləri rəğbət qazanmağa başlayır. Elə müasir dövrümüzdə də o, əsərləri hərraclarda ən baha qiymətə satılan rəssamlardandır.

Əslən italyan olan Amadeo yəhudi əsilli bir ailənin sonuncu - dördüncü uşağı olaraq dünyaya gəlib. O, uşaqlıqda ard-arda vərəm və tif xəstəliyinə tutulduğu üçün təhsilini tam başa vura bilmir. Belə çətin anlarda incəsənətə olan marağı ona güc verir və nəticədə rəsm dərslərinə qoşulur. Gənc Amadeo Florensiya, Venesiya kimi sənətin beşiyi hesab edilən şəhərlərdə təhsilini davam etdirir. Lakin Venesiyada olarkən ilk dəfə zərərli vərdişlərə qurşanır, narkotik maddələrə meyl göstərir. Venesiyadan sonra rəssamın yaradıcılığı üçün mühüm rol oynayan, qeyd etdiyim məşhur "Paris dövrü" başlayır. O, burada Monmartr səmtindəki kasıb sənətkarların toplaşdığı məhəllədə yaşayır. Onun qonşularından biri isə bütün dövrlərin tanınmış rəssamı Pablo Pikasso idi. Lakin Paris ona tükənməz ilham verdiyi kimi, zərərli vərdişləri həyatına bir az da yaxınlaşdırır.
Parisdə yaşamağa başladığı ilk dövrlərdə  bir çox həmkarı kimi, o da A.Tulus-Lotrek, P.Sezan kimi rəssamlardan təsirlənir. Lakin inkişaf edən yaradıcılığında dövrün digər rəssamları ilə eyni kateqoriyaya aid olmayan orijinal bir ifadə tərzi yarada bilir. Maraqlısı budur ki, Modilyaninin daha çox rəngkarlıq əsərlərini görsək də, o, yaradıcılığa heykəltəraşlıqla başlamışdı. İlk dəfə olaraq heykəltəraşlıq əsərlərində uzadılmış bədən proporsiyalarından istifadə etməsi sonrakı dövr rəngkarlıq əsərləri üçün əsas bədii ifadə üsuluna çevrilir.

- Əgər Modilyani yaradıcılığını qısaca araşdırmaq istəsək, dərhal qarşımıza uzadılmış bədən proporsiyalarına sahib, bəzən isə işlənməyən və ya sadəcə qara rənglə doldurulmuş göz boşluqları ilə hara baxdığı bəlli olmayan obrazlar çıxacaq. Bu rəsm isə istisnadır.

- Həqiqətən də, Modilyaninin  obrazlarında gözlərə rast gəlmək çətin məsələ idi. Onun məşhur bir sözü də var:  "Ruhunu görəndə gözlərini də çəkəcəyəm". Amma yenə də gözləri tamamilə təsvir etmirdi deyə bilmərik. Bəzi obrazlarında xüsusilə də sevgilisi Janna Ebuternin obrazını yaratdığı bir sıra portretlərində gözləri çəkdiyini görə bilərik.

- Kim idi bu Janna?

- Qatı və varlı katolik bir ailənin qızı olan 19 yaşlı Janna Ebutern də Modigliani kimi rəssam idi. O, Parisdə İncəsənət məktəbində rəssamlıq təhsili alırdı. Onlar tanış olduqdan sonra Modilyani bu gənc qadının portretlərini işləməyə başlayır. Bu yaxınlıq isə onların arasında sevgi münasibətlərinin yaranmasına səbəb olur. Ancaq Jannanın qatı katolik ailəsi onun bir yəhudi ilə birlikdə olmasını qətiyyən qəbul etmir. Modilyaniyə sonsuz bağlı olan Janna isə ailəsindən ayrılaraq sevdiyi insanla qalır. Zəngin ailənin qızı olan Jannanın Modilyani ilə bərabər, bir çox başqa həmkarları kimi "kasıb sənətçilər" həyatı başlayır. Bu maddi sıxıntılar dövründə onların bir qızları dünyaya gəlir.

Haqqında danışacağımız əsər də elə Janna Ebuternin obrazının olduğu portretlərdən biridir və "Janna Ebutern boyunbağı ilə" adlanır.

Ümumiyyətlə, portret janrı Modilyani yaradıcılığında ən çox müraciət olunan janrdır. Rəssam portretlərində bədii ümumiləşdirməyə müvəfəqiyyətlə nail olurdu. O, əsasən təsvir etdiyi şəxsin daxili aləmini çatdırmağa çalışırdı. Bu baxımdan onun portretlərini psixoloji portretlər hesab etmək olar. Portretlərində bir qayda olaraq uzun boyunlara və üz cizgilərinə, badamşəkilli gözlərə rast gəlirik. Bu ifadə tərzi artıq Modilyaninin imzasına çevrilir. Onun yaradıcılığına qədim Afrika incəsənətinə olan marağı da təsir göstərir. Qədim Afrika mədəniyyətində rast gəldiyimiz maskalarda təsvir olunan qeyri-adi və maraqlı simalar rəssama əsərlərini yaradarkən əsas  ilhamverici qaynaqlardan idi.

- Əsərin kompozisiyası necədir?

- Əsər sadə kompozisiya quruluşuna malikdir. Əsas qəhrəmanın obrazı və tamaşaçı qarşı-qarşıyadır. Modilyani yaradıcılığının yetkin dövrlərinə xas olan bütün spesifik xüsusiyyətlər bu əsərdə də öz əksini tapıb. Lakin rəssamın sevdiyi qadını xüsusi incəliklə, məlahətli və zərif bir qadın kimi plastik  bədii ifadə ilə təsvir etdiyini qeyd etmək lazımdır.

Modilyani əsərləri üçün  əksər hallarda sadə, birrəngli arxa plan seçir, sanki bununla izləyicinin diqqətinin əsas qəhrəmandan yayınmasına icazə vermirdi. Boyunbağının açıq ağ və boz tonlarda olan rəngi isə əsərdə geyim və gözlərin rəngi ilə harmoniya yaradır.

Bu portretdə də rəssam qəhvəyi rəngli sadə bir fondan istifadə edib. Bu tünd fona zidd olaraq qadının sarımtıl rəngli bədəni izləyicinin gözü qarşısında parlayır. Ruhuna bələd olduğu xanımın gözlərini də təsvir edib Modilyani. Baxışlarını kənara, boşluğa doğru yönəldən obraz melanxolikliyi ilə seçilir.

Bu isə təsadüfi deyil. Modilyani və Ebuternin sevgisi nə qədər möhkəm olsa da, təəssüf ki, xoşbəxt sonluqla bitmir.

- Səbəb nə olur?

- Spirtli içki və narkotik maddə aludəçiliyi həm Modilyaninin özünün, həm də sevdiyi qadının sonu olur.  Bu vərdişlərinə və bəzən də sərt sözlərinə görə Modilyanini bəzi dostları da tərk edir, amma Janna heç vaxt onu atmır. Janna onun rəsmlərinin satılması, pul qazana bilməsi üçün əlindən gələni edir, hətta Modiglianinin ən böyük rəqibi Pikassodan kömək istəməyə belə məcbur olur. Lakin bu müddətdə Modilyaninin  yetərincə zəif olan sağlamlığı pis vərdişlər ucbatından daha da korlanır. Bütün bunlara onun bədəni tab gətirmir və 1920-ci ilin fevral ayında, 35 yaşında son nəfəsini verir. Modilyani öldüyü zaman Janna ikinci dəfə ana olmağa hazırlaşırdı. Bu hadisədən sonra Jannanın ailəsi onu öz yanına gətirir və qayğısına qalmaq istəyir. Ancaq o, sevdiyi insanın yoxluğu ilə sadəcə iki gün mübarizə apara bilir. Modilyaninin ölümündən iki gün sonra bətnindəki uşaqla birlikdə intihar edir. Ailəsi yalnız 10 il sonra Jannanın Modilyaninin yanında dəfn olmasına icazə verir və o vaxtdan bəri onların məzarları yanaşıdır.

- Tablo hazırda harda saxlanır?

- Əsər hazırda şəxsi bir kolleksiyada saxlanılır.

-Sizcə, bu rəsm bizə nə deyir?

- Qarşımızdakı bu melanxolik obrazın üz cizgiləri, ələlxüsus da baxışları çox incə, sanki saf bir uşaq kimi təsvir edilib. Modilyani Jannanı tanıyanda gənc qızın cəmi 19 yaşı var idi. Həyatın bərkinə-boşuna düşməmiş bir qızcığaz özünü sevgisi uğrunda mübarizə apararkən tapır. Bu bağlılıq isə onun həyatdakı məğlubiyyətinə çevrilir. Yaşatdığı bütün bu əzabların fərqində olan Modilyani öz təsvir üslubu ilə sevdiyi qadının  dərin kədərini izləyicisinə çatdırır. Rəssam hər zaman qəhrəmanlarının sıxıntılarının və hisslərinin ifadəsinə önəm verir, dünyəvi məsələlərdən uzaq,  bir fərdin daxili aləmində gedən prosesləri əks etdiridi. Elə bu baxımdan da haqqında danışdığımız tabloda əslində bir əsər deyil,  bir şəxsin, yəni Jannanın bizə dedikləri var - faciəli bir sona məhkum, onu daxildən bitirən bir sevgi hekayəsinin dedikləri.

525-ci qəzet. "Bir rəsmin dedikləri" rubrikası, Aytac SAHƏD 

 

Əlaqədə qalın

Kolleksiyalar, sərgilər, fəaliyyətlər və digər mövzular haqda xəbərləri əldə edin.