"Anaların gəncliyi"...

Çərşənbə | 02 Noyabr, 2022

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas, rəssam Ülkər Əliyevadır. Ülkər xanımla Xalq rəssamı Mikayıl Abdullayevin "Anaların gəncliyi" əsəri haqqında danışmışıq.

***

- Bu il Xalq rəssamı Mikayıl Abdullayevin 100 illik yubileyi qeyd olundu. Əsərə keçməzdən öncə Mikayıl Abdullayev haqqında bir qədər məlumat verə bilərsinizmi?

- Azərbaycan təsviri sənətində özünəxas dəsti-xətti ilə önəmli yerlərdən birini Mikayıl Abdullayev yaradıcılığı tutur. Onun əsərlərində əsas ifadə vasitələrindən biri rəngdir desəm, yəqin ki, yanılmaram. Əslən təbrizli olan atası Hüseyn S.Vurğun, M.Müşfiq, C.Cabbarlı kimi görkəmli şəxsiyyətləri evində qonaq edərmiş. Belə bir ab-havada, əbədiyyatla, şeirlə, incəsənətlə dolu mühitdə böyüyən biri necə sənətdən uzaq qala bilərdi?

Hər nə qədər bədii fəaliyyətinin ilk dövrlərində təhsil aldığı rus realist məktəbinin ənənələrindən və mövzularından istifadə etsə də, sonrakı dövrlərdə gərgin bədii axtarışlar onun yaradıcılığında ənənəvi mövzulara yeni bir yanaşma qazandırır. İkinci Dünya müharibəsindən sonrakı illər rəssama SSRİ məkanında böyük şöhrət və uğur gətirən "Mingəçevir süitası"na daxil olan əsərlərdən fərqli olaraq, artıq 50-ci illərdən başlayaraq onun əsərlərinin palitrası daha parlaq olur.   

- Lakin rəng qamması hər nə qədər onu Şərq sənəti üslubuna yaxınlaşdırsa da, obrazların bədii şərhində rəssam şərti dekorativlikdən uzaq realizm üslubundan istifadə edirdi. 

- Bu məqam Mikayıl Abdullayev yaradıcılığında Şərq və Qərbin uğurlu sintezi deməkdir. Biz bu xüsusiyyətləri Mikayıl Abdullayevin digər önəmli silsiləsində, "Masallı süitası"na daxil olan bədii nümunələrdə izləyə bilərik. Cənub regionunun rəngarəng koloriti, orada yaşayan zəhmət insanlarının gündəlik məişətindən və əmək fəaliyyətindən olan fraqmentlər, qadınların al-əlvan geyimi onu ilhamlandırır. "Sevinc", "Körpə dalınca", "Lənkəranlı qız", "Astarada çay yığımı", "Azərbaycanın çay mütəxəssisləri" və bir-birindən uğurlu digər rəngkarlıq nümunələri yaradır. Rənglərin Mikayılsayağı bədii ifadə dili özünü, həmçinin, sənətkarın "Hindistan silsiləsi"ndə də göstərir. Bu yerlərin də parlaq rənglərə boyanmış təbiəti, insanları, adət-ənənələri onda böyük təəssüratlar doğurur. Nəticədə isə Hindistana yenidən səfər edir və buradakı yaradıcı fəaliyyətinə görə Cəvahirləl Nehru adına beynəxalq mükafata layiq görülən iki azərbaycanlıdan biri olur. 

- "Anaların gəncliyi"  tablosunun yaranma tarixçəsi haqqında nə deyə bilərsiniz?

- Tablo 50-ci illərdə yaradılıb. Bu dövrdə Mikayıl Abdullayev artıq yaradıcılıqda öz yolunu  müəyyən etmişdi, fəaliyyəti bədii baxımdan kamillik zirvəsinə çatan yetkinlik dövründə idi.  Bu da həqiqətdir ki, mövcud ideologiya ilə üst-üstə düşən mövzular onun əsərlərindən yan keçmirdi - əmək mövzusu və zəhmətkeş insanların monumental təsviri. Bütün bunlar Mikayıl Abdullayevin müəllifi olduğu əsərlərdə də var idi. Lakin onun əsas qəhrəmanı bir çox hallarda öz gücünə güvənən, bəşəri dəyərlərə söykənən qadın obrazları idi. Rəssam qadınları öyrəşdiyimiz standart gözəllik çərçivələri arasında təsvir etmir. Çünki Mikayıl Abdullayevin qəhrəmanlarının belə zahiri gözəllik ideallarına ehtiyacı yoxdur. Onlar gözəldirlər. Çünki öz ayaqları üzərində dayana bilən işçi, zəhmətkeş qadınlardır. Onları gözəl edən günəşin qızmar şüaları altında qızılı rəngli dərilərinə zidd olan al-əlvan geyimlər, baş ötrükləridir. "Anaların gəncliyi" adlı monumental tabloda da öz duruşu ilə bizə bir çox şey demək istəyən bir qadın görürük. O, Azərbaycan qadının - analarının ümumiləşdirilmiş obrazıdır. Əlində çadrasını tutan qadının baxışlarının bir qədər aşağıya yönəldiyini düşünsək də, diqqətlə baxdığımız zaman əslində, bu baxışların əsl ünvanın biz - izləyici olduğu hiss olunur. 

- Bu cür azadlığa, yeniliyə can atan güclü qadının təcəssümü incəsənətimizdə başqa hansı nümunələrdə var?

- Elə bir çoxumuzun yaxşı bildiyi, bəlkə də tez-tez qarşısından ötüb keçdiyimiz heykəltəraş Fuad Əbdürrəhmanovun yaradıcılıq nümunəsi olan "Azad qadın" heykəli buna ən yaxşı misallardan biri ola bilər. Haqqında danışdığım heykəl sonrakı onillikdə, 60-cı illərdə yaransa da, hər iki surətin bədii ifadəsində yaxın məqamlar var. Belə bir obraz bizə ədəbiyyatmızdan da tanışdır. Dahi ədibimiz Cəfər Cabbarlının 1928-ci ildə qələmə aldığı "Sevil" pyesinin əsas qəhrəmanı olan Sevil bu baxımdan özündən sonra yaradılan qadın obrazlarına önəmli ilham mənbəyidir.

- Əsər hazırda saxlanılır?

- Əsər hazırda Azərbaycan Dövlət Rəsm Qalereyasının kolleksiyasına daxildir. 

- Tablonun rəng koloriti haqqında nə deyə bilərsiniz?

- Biz arxa planda zümrüdü-mavi tonlarda işlənmiş Xəzərin sularını və gün işığı altında öz qızılı-sarımtıl rəngi ilə tabloda harmoniya yaradan Abşeron torpağını görürük. Mərkəzdə təsvir olunan əsas qəhrəmanımızın ağ koloritə sahib üst geyimi isə diqqətimizi dərhal özünə yönəldir. Mikayıl Abdullayev izləyicisinin diqqətini rənglərlə özünə çəkməyi sevirdi. 

Güclü və parlaq rənglərin inamlı fırça zərbələri ilə kətan üzərində ahəngdar əksi Abdullayev yaradıcılığının əsas xüsusiyyətlərindən biridir. O, həqiqətən də, inamlı bir şəkildə işıldayan sarı, göy, qırmızı kimi güclü rəngləri bir yerdə istifadə etməkdən çəkinmir. Əsərlərində rənglərin belə ahəngdar əksi onun uşaqlıqdan bəri agah olduğu Şərq incəsənətinə, miniatürlərimizə olan marağından irəli gəlirdi.

- Bəs kompozisiya?

- Ümumi kompozisiyadan danışarkən rəssamın dərindən agah olduğu realistik ənənələrdən də istifadə etdiyini qeyd etmək lazımdır. Obrazın psixoloji təsviri göz önündədir. Baxmayaraq ki, onun üzü profildən təsvir olunub və biz onun üzünün yalnız bir hissəsini görə bilirik, bununla belə, onun simasında dərin hisslər, ən əsası isə məğrurluq ifadə olunub. Portretlərində bəzən sadəcə zahiri obrazı canlandıran rəssam bu əsərində izləyicisini qəhrəmanı ilə ünsiyyətə çağırır. Lakin bu bilavasitə yarıkölgədə gizlənən gözlərdən gələn ünsiyyətdir. 

- Bu rəsm bizə nə deyir?

- Ümumi etdiyimiz təhlilə nəzər salsaq, əsərin bizə demək istədiyi mesaj açıqdır - qadının bir fərd olaraq cəmiyyətdə təsdiqi. Çadranın başdan çıxarılması simvolik məna daşıyır. Artıq yeni dünya ilə ayaqlaşmağa çalışan, daha doğrusu, hüquqlarını dərk edən bir fərd var qarşımızda. Diqqətlə baxsaq, əsərdəki qəhrəmanın qiyafəsi əslində, yetərincə milli xüsusiyyətləri özündə cəmləşdirib. Yəni bu heç də kor-koranə qavrayış və ya milli kökdən qopma deyil. Əksinə, özünüdərkdir. Bu gənc gəlin - ana əsərdə tək deyil. Rəssam onun qarşısında da iki qadın obrazı təsvir edib. Üzlərini görməsək də, onların daha yaşlı nəslin nümayəndəsi olduğunu başa düşürük. Bu, keçmişlə indinin qarşı-qarşıya qoyuluşudur. Mən isə o vaxtın indisinin, yəni 50-ci illərin qadının arxasının bizə tərəf olmasında da bir simvolik məna görürəm. Arxası izləyiciyə tərəfdir, amma gizlin baxışları isə yox. O, bizə baxır. Ehtiyat edərək əmin olmaq istəyir ki, biz onun arxasınca gəlirikimi, yoxsa bu mübarizədə o, təkdirmi?

Yuxarıda da qeyd etdiyim kimi, bu mövzu incəsənətimiz üçün heç də yad deyil. Əsrlər boyu ədəbiyyatımızdan təsviri sənətimizə, musiqimizə qədər bir çox sahələrdə qadın hüquqsuzluğuna qarşı işlənmiş bədii nümunələrə rast gəlirik. Bu, əslində, təəssüf doğuran bir məqamdır. Təəssüf ki, əsrlər, illər boyu gündəmdən düşməyən bu problem Mikayıl Abdullayevin dövründə də öz aktuallığını saxlayıb. Rəssam isə bu məsələni öz növbəsində gördüyümüz kimi ifadə etməyə çalışıb. SSRİ-nin hər baxımdan sənətə qəti qanunlar diktə etdiyi bir dövrdə hansısa bir fikri yaradıcılıqda istənilən formada əks etdirmək heç də asan deyildi. Bəzən bunu mövcud ideologiyanın pərdəsi altında gizlətmək lazım gəlirdi. Çünki hər nə olursa-olsun, sənətin ötürdüyü mesaj tez, ya da gec öz ünvanına çatır. Amma yenə də, çox əfsuslar olsun ki, bu gün də "qadın hüququ" problemi aktual mövqedədir. Həqiqətə baxanda isə "qadın hüququ" sözü özü belə bərabərliyin pozulmasıdır. Qadın, yaxud kişi yox, insan hüquqları var və hər kəsin bu hüquqları bilmək və əməl etmək borcudur.

525-ci qəzet. "Bir rəsmin dedikləri" rubrikası, Aytac SAHƏD 

Əlaqədə qalın

Kolleksiyalar, sərgilər, fəaliyyətlər və digər mövzular haqda xəbərləri əldə edin.