İyunun 17-də Azərbaycan Milli İncəsənət Muzeyində(AMİM) milli təsviri sənətin görkəmli nümayəndəsi, Xalq rəssamı Elbəy Rzaquliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Elbəy Rzaquliyev. Ürəyi ilə yaradan rəssam” adlı sərginin açılış mərasimi keçirilib. .
İyunun 17-də Azərbaycan Milli İncəsənət Muzeyində(AMİM) milli təsviri sənətin görkəmli nümayəndəsi, Xalq rəssamı Elbəy Rzaquliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Elbəy Rzaquliyev. Ürəyi ilə yaradan rəssam” adlı sərginin açılış mərasimi keçirilib. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin təşkilatçılığı ilə keçirilən sərgidə AMİM, Azərbaycan Dövlət Rəsm Qalereyası və rəssamın ailə kolleksiyasından 80-ə yaxın rəngkarlıq və qrafika əsəri, kino eskizləri yer alır.
Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət komitəsinin sədri, Xalq artisti Polad Bülbüloğlu, Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Murad Hüseynov, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, s.ü.f.d. Şirin Məlikova, Azərbaycan Rəssamlıq Akademiyasının prorektoru, Xalq rəssamı Salhab Məmmədov, Elbəty Rzaquliyevin qızı, ADMİU-nun baş müəllimi, rəssam Aytən Rzaquliyeva çıxış ediblər. Onlar çıxışlarında Elbəy Rzaquliyevin Azərbaycan təsviri sənəti və yaradıcılığının mühüm qolu kimi kino sənətinin inkişafına verdiyi mühüm töhfələr vurğulanıb, onun zəngin sənət irsinin milli mədəniyyətimizdə xüsusi yer tutduğu qeyd edilib. Çıxışçılar həmçinin, sənətkarla bağlı xatirələrini bölüşərək onun yüksək insani keyfiyyətlərini xatırladıblar.
Açılış mərasimi Xalq artistləri Ülviyyə Hacıbəyova və Salman Qəmbərov, rəssamın qızı, ADMİU-nun baş müəllimi Aytac Rzaquliyeva, Mert Kopuzun iştirakı ilə təqdim olunan musiqi proqramı ilə davam edib.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin təşkilatçılığı ilə keçirilən Elbəy Rzaquliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Elbəy Rzaquliyev. Ürəyi ilə yaradan rəssam” adlı sərginin mühüm bölmələrindən biri Elbəy Rzaquliyevin Azərbaycanın şəhər və kənd həyatına, doğma yurdun mənzərələrinə həsr olunmuş əsərlərini bir araya gətirir. Abşeron torpağı rəssamın bədii dünyasının ayrılmaz hissəsinə çevrilmişdir. Pirşağıdakı emalatxanasında keçirdiyi uzun illər ərzində yaratdığı əsərlər onun doğma məkana bağlılığının, təbiətə və gündəlik həyata poetik baxışının ifadəsi kimi diqqəti cəlb edir.
Rəssamın yaradıcılığında insan və əmək mövzusu xüsusi yer tutur. Neftçilər, inşaatçılar, gəmi təmirçiləri, geodeziyaçılar və digər əmək adamları onun əsərlərinin əsas qəhrəmanlarıdır. “Sumqayıt tikilir”, “İnşaatçılar”, “İnsanlar torpağı”, “Əmək adamları”, “Tikintidə” kimi silsilələrdə əmək insanının mənəvi gücü, peşə ləyaqəti və həyat sevgisi yüksək bədii dillə ifadə olunmuşdur. Bu bölmədə Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasında qorunan “İnşaatçılar” triptixi xüsusi yer tutur.
Ekspozisiyanın digər mühüm istiqaməti Elbəy Rzaquliyevin xarici səfərləri nəticəsində yaranmış əsərləridir. Dünyanın müxtəlif ölkələrinə etdiyi səfərlər rəssamın bədii dünyagörüşünü zənginləşdirmiş, onun əsərlərinə yeni mövzular və obrazlar bəxş etmişdir. Meksika, ABŞ, Afrika, Yaponiya, Nepal, İtaliya və digər ölkələrə həsr olunmuş silsilələrdə memarlıq abidələri, şəhər mənzərələri, gündəlik həyat səhnələri və müxtəlif insan portretləri öz əksini tapmışdır. Bu əsərlərdə rəssamın fərqli mədəniyyətlərə həssas baxışı, müşahidə qabiliyyəti və insan xarakterlərini təsvir etmək bacarığı aydın şəkildə görünür.
Sərginin maraqlı məqamlarından biri sənətkarın həmkar dostları Toğrul Nərimanbəyov, Həsən Haqverdiyev və gürcü rəssamı B.Samalaşvili tərəfindən yaradılmış portretlərinin də yer almasıdır. Sərgidə Elbəy Rzaquliyevun quruluşçu rəssamı olduğu “Qəm pəncərəsi”, “Sevil” bədii filmlərindən və “Fitnə” cizgi filmindən kadrlar nümayiş olunur. Sənətkarın şəxsiyyətini tamaşaçıya daha yaxından tanıtmaq məqsədilə sərgidə onun ailə mühitini, dost çevrəsini, yaradıcılıq fəaliyyətini və həyatının müxtəlif dövrlərini əks etdirən fotoşəkillərindən ibarət video-çarx da təqdim olunur.
Sərgi 31 avqust 2026-cı il tarixinədək davam edəcək.
Növ :
SərgilərVaxt :
None - Noneevent gallery