Mayın 2-də Azərbaycan Milli İncəsənət Muzeyində Qərbi Azərbaycanın Göyçə və Qaraqoyunlu bölgələrinə aid “İlmələrdə yaşayan tariximiz” adlı sərgi açılıb.
Mayın 2-də Azərbaycan Milli İncəsənət Muzeyində Qərbi Azərbaycanın Göyçə və Qaraqoyunlu bölgələrinə aid “İlmələrdə yaşayan tariximiz” adlı sərgi açılıb.
5 May – Xalçaçı Gününə həsr olunmuş sərginin açılış mərasimində Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova, Çəmbərək rayon icmasında qadınlarla iş üzrə məsul şəxs Aynurə Məhəmmədova, icmanın sədri, professor Əvəz Ələkbərov, Qərbi Azərbaycan İcmasının (QAİ) sədri, millət vəkili, professor Əziz Ələkbərli, İcmanın İH-nin sədr müavini, millət vəkili Hikmət Babaoğlu və Çəmbərək rayon icmasında mədəniyyət üzrə məsul şəxs Rüxsarə Adilqızı çıxış edərək sərginin tarixi və mədəni əhəmiyyətindən bəhs ediblər. Çıxışlarda qeyd olunub ki, nümayiş olunan xalçalar Qərbi Azərbaycanın tarixi yaddaşını, mədəni kimliyini və məişət ənənələrini yaşadan qiymətli irs nümunələridir. Bu cür sərgilərin Azərbaycanın mədəni mirasının qorunması və gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb. Eyni zamanda, xalçaçılıq sənətinin qadın yaradıcılığı ilə sıx bağlı olduğu və bu ənənənin yaşadılmasının önəmi diqqətə çatdırılıb.
Tədbirinin bədii hissəsində istedadlı musiqiçilər tərəfindən Azərbaycanın xalq mahnıları və milli rəqs ifa edilib.
Daha sonra qonaqlar sərgi ilə tanış olublar.
Sərginin ekspozisiyasını Göyçə və Qaraqoyunlu bölgələrinə aid, vaxtilə həmin ərazilərdə yaşayan azərbaycanlı qadınlar tərəfindən toxunmuş xalçalar təşkil edir. Bu xalçalar 1987–1991-ci illərdə baş vermiş son deportasiya dalğası zamanı soydaşlarımız tərəfindən ən dəyərli və müqəddəs əşyalar kimi qorunaraq Azərbaycana gətirilmiş, bu günədək milli irsimizin canlı nümunəsi kimi yaşadılmışdır.
Təqdim olunan xalçalar əsasən İrəvan mərkəzinə aid olsa da, onların ornament və naxış sistemində digər klassik xalçaçılıq mərkəzlərinə xas bədii xüsusiyyətlər də aydın şəkildə hiss olunur. Xalçalarda istifadə olunan həndəsi elementlər, simvollar və kompozisiya quruluşu milli kimliyimizin dərin qatlarını əks etdirir.
Sərgidə nümayiş olunan nümunələrdə Göyçə və Qaraqoyunlu bölgələrinin zəngin təbiəti də öz bədii ifadəsini tapır. Xalça ornamentlərində əks olunan nərgiz, bənövşə və lalə motivləri həmin ərazilərin estetik gözəlliyini və yaddaşını bu günə qədər yaşadır.
Növ :
SərgilərVaxt :
2 May 2026 - 3 May 2026event gallery