Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə keçirilən “Sənət yolunun izləri: Cahangir Rüstəmovun yaradıcılıq dünyası” adlı sərgidə rəssamın AMİM, Azərbaycan Dövlət Rəsm Qalereyası və şəxsi kolleksiyalardan seçilmiş, yaradıcılığının müxtəlif dövrlərini əhatə edən 40-dan çox əsəri nümayiş olunur.

Mövzu üzrə bölünmüş zallarda rəssamın yaradıcılığına aid portret, natürmort və tematik tablolar xüsusi yer tutur. Sənətkarın yaradıcılığının ilk mərhələsi İkinci Dünya müharibəsindən sonrakı illərə təsadüf edir. Sərgi ekspozisiyasında nümayiş olunan “Qəhrəmanın qarşılanması”, “Axırıncı alman”, “Pambıq yığımı” kimi əsərlərdə onun fərdi üslubu və bədii axtarışları aydın şəkildə izlənilir. 1950-ci illərdən etibarən isə portret və məişət mövzularına müraciət edən rəssamın “Hüseyn Qafarovun portreti”, “Eyvan”, “Bakı”, “Balaca köməkçi” və “Ailə sevinci” kimi əsərləri ekspozisiyada xüsusi yer tutur və yaradıcılığında yeni mərhələnin başlanğıcını əks etdirir.

Sərgidə Cahangir Rüstəmovun yaradıcılığında mühüm yer tutan kənd həyatına həsr olunmuş tablolar da nümayiş olunur. Rəssam Azərbaycanın müxtəlif bölgələrindən əldə etdiyi müşahidələri rəngkarlıq dili ilə ifadə edərək zəhmətkeş insanların həyatını realist və emosional üslubda təqdim edib. Qadın əməyi mövzusuna həsr olunmuş “Yaşıl çay plantasiyası”, “Kolxozçular” və “Tarla zəhmətkeşləri” əsərləri ekspozisiyada lirik ovqatı və milli koloritin harmoniyasını əks etdirən nümunələr kimi diqqəti cəlb edir.

Ekspozisiyada rəssamın xarici səfərlərinin nəticəsi olaraq ərsəyə gəlmiş əsərlər də nümayiş olunur. Fransa və Tunis səfərlərindən əldə etdiyi təəssüratlar “Luvr”, “Tələbə qızlar”, “Karfagen yaxınlığında” və “Kayruanlı qızlar” tablolarında öz bədii həllini tapıb.

Sərgi 31 may 2026-cı il tarixinədək ziyarətçilər üçün açıq olacaq.

  • Növ :

    Sərgilər
  • Vaxt :

    22 Aprel 2026 - 31 May 2026

event gallery