Fevralın 19-da Azərbaycan Milli İncəsənət Muzeyində müasir incəsənətin seçilən isimlərindən biri, rəssam, heykəltəraş, pedaqoq, qalereyaçı Aydan Salahovanın muzeyə hədiyyə etdiyi “Boşluq” adlı rəngkarlıq əsərinin təqdimat mərasimi keçirilib.

Fevralın 19-da Azərbaycan Milli İncəsənət Muzeyində müasir incəsənətin seçilən isimlərindən biri, rəssam, heykəltəraş, pedaqoq, qalereyaçı Aydan Salahovanın muzeyə hədiyyə etdiyi “Boşluq” adlı rəngkarlıq əsərinin təqdimat mərasimi keçirilib.Tədbir iştirakçılarını salamlayan AMIM-nin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova hər bir muzey üçün yeni eksponatın mühüm hadisə olduğunu qeyd etdi. O, Aydan Salahova yaradıcılığının, orijinal bədii düşüncə tərzinin bir parçasını təşkil edən bu əsərin muzeyə dəyərli hədiyyə olduğunu bildirdi. Vurğulandı ki, rəssam yaradıcılıq axtarışlarını müasir dövrün dərinliklərinə yönəldərək özünü aktual incəsənətə həsr etmişdir. Bu yanaşma təkcə onun üsullarında deyil, eyni zamanda toxunduğu mövzularda da özünü göstərir. Yaradıcılığında əsas mövzulardan biri isə Şərq qadını, onun cəmiyyətdəki yeri, hüquqları və gələcəyidir.

Daima eksperimentlər apararaq öz düşüncələrini ifadə etmək üçün yeni formalar tapan rəssamın əsərləri müasir sənət sərgilərində böyük maraqla qarşılanır. Bu sırada onun Rusiya, Böyük Britaniya, Belçika, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrin sərgi salonlarında, Venesiya Biennalesində nümayiş etdirilmiş əsərlərini qeyd etmək olar. 

Aydan Salahovanın müəllifi olduğu sənət nümunələri bu gün Moskvada Dövlət Tretyakov Qalereyasında, Müasir İncəsənət Muzeyində, Roma, Nyu-Yorkda yerləşən nüfuzlu qalereyalarda, eləcə də şəxsi kolleksiyalarda saxlanılır.

Daha sonra tədbir tanınmış sənət nəzəriyyəçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Teymur Daiminin moderatorluğu ilə davam etdi. O, öncə Aydan Salahova fenomeninin özünəməxsusluğunu geniş şərh 

etdi və onun müəllifi olduğu, çoxqatlı məna yükünə malik əsərlərinin müasir incəsənətin seçilənləri sırasında olduğunu bildirdi.

Dialoq formatında təşkil olunan təqdimat mərasimində çıxış edən rəssam Aydan Salahova öz həyat və yaradıcılıq yolunun maraqlı məqamlarını dinləyicilərlə bölüşərək,  2022-ci ildə Bakıda yaratdığı “Boşluq” adlı əsəri haqqında bəhs etdi. O, bu əsəri öz kolleksiyasına daxil etdiyi üçün Azərbaycan Milli İncəsənət Muzeyinə təşəkkürünü bildirdi. Müəllif, həmçinin təqdimat mərasiminə qatılan qonaqları maraqlandıran sualları cavablandırdı.   

  • Növ :

    Tədbirlər
  • Vaxt :

    19 Fevral 2025 - 19 Fevral 2025