3-7 fevral 2025-ci il tarixlərində Azərbaycan Milli İncəsənət Muzeyində Böyük Britaniya incəsənətinə aid əsərlərin elmi tədqiqi, həmçinin konservasiyası üzrə təlimin keçirilməsi məqsədilə layihə reallaşdırılıb.
3-7 fevral 2025-ci il tarixlərində Azərbaycan Milli İncəsənət Muzeyində Böyük Britaniya incəsənətinə aid əsərlərin elmi tədqiqi, həmçinin konservasiyası üzrə təlimin keçirilməsi məqsədilə layihə reallaşdırılıb. Layihə Britaniya Şurası ilə (British Council) mədəni əməkdaşlıq çərçivəsində həyata keçirilib. Elmi araşdırma və təlim Britaniyadan dəvət olunmuş rəngkarlıq əsərlərinin konservasiyası üzrə tanınmış ekspert Rupert Fezerstoun tərəfindən aparılıb. Rupert Fezerstoun 2001-2008-ci illərdə Vindzor sarayında Britaniya Kral Kolleksiyası üzrə rəngkarlıq əsərlərinin konservasiyasının rəhbəri, 2008-2021-ci illərdə Kembric Universitetinin nəzdindəki Fitzvilyam Muzeyində konservasiya işləri üzrə rəhbər, həmçinin Hamilton Kerr İnstitutunun direktoru vəzifəsində çalışmışdır.
Layihənin proqramına əsasən AMİM-nin Britaniya kolleksiyasının elmi tədqiqatı və onun qorunub saxlanılması üçün vacib olan məqamlar, mövcud vəziyyətinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar aparılıb. Məhsuldar keçən müzakirələr və AMİM-nin Elmi-bərpa şöbəsinin əməkdaşları ilə birgə təlimlər gələcəkdə muzeyin fəaliyyətinə böyük töhfə verəcək. Layihə çərçivəsində Azərbaycan Milli İncəsənət Muzeyinin Britaniya kolleksiyasına aid əsərlərin sərgiyə hazırlanması üçün planın işlənib hazırlanması üzrə təklif və tövsiyələr də verilib, eləcə də layihənin yekun nəticələri müzakirə olunub. Rupert Fezerstoun muzeyin əməkdaşları ilə yekün görüşdə layihədən çox məmnun olduğunu bildirərək, Azərbaycan incəsənətinin zənginliyini və özünəməxsusluğunu xüsusi vurğulayıb. O, gələcəkdə də bu kimi mühüm layihələrdə muzeyə öz töhfələrini verməyə hazır olduğunu bildirib.
Layihənin sonuncu günündə Rupert Fezerstoun onun üçün təşkil olunmuş mədəni proqram çərçivəsində Heydər Əliyev Mərkəzi və Azərbaycan Milli Xalça Muzeyini ziyarət edib.
Növ :
TədbirlərVaxt :
3 Fevral 2025 - 7 Fevral 2025event gallery