20-21 dekabr 2024-cü il tarixlərində Türkiyə Cümhuriyyətinin paytaxtı Ankara şəhərində TÜRKSOY Muzeylər Birliyi ölkə koordinatorlarının növbəti toplantısı keçirilib.

20-21 dekabr 2024-cü il tarixlərində Türkiyə Cümhuriyyətinin paytaxtı Ankara şəhərində TÜRKSOY Muzeylər Birliyi ölkə koordinatorlarının növbəti toplantısı keçirilib. Tədbirdə birliyin ölkəmiz üzrə koordinatoru olaraq Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova iştirak edib. Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Qaqauziya (Moldova Respublikası) muzey rəhbərlərinin qatıldığı toplantıda TÜRKSOY Muzeylər Birliyinin 2025-ci il üçün nəzərdə tutulmuş iş planı, mədəni irsin qorunması və təbliği, türk dövlətləri muzeyləri arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi, birgə elmi-tədqiqat işləri, sərgi layihələrinin reallaşdırılması, təcrübə mübadiləsinin aparılması və s. kimi məsələlər müzakirə edilib.

Tədbirin bağlanış mərasiminə qatılan TÜRKSOY-un Baş katibi Sultan Raev Muzeylər Birliyinin fəaliyyətinə qarşıdan gələn yeni ildə uğurlar arzulayıb. Qeyd edək ki, toplantı çərçivəsində bir sıra muzeylər, o cümlədən Azərbaycan Milli İncəsənət Muzeyi TÜRKSOY Muzeylər Birliyinə üzv qəbul olunub.

Ölkə koordinatorları, həmçinin onlar üçün təşkil olunmuş mədəni proqram çərçivəsində Ankarada yerləşən 15 Temmuz Demokratiya Muzeyi, Ankara Etnoqrafiya Muzeyi, Ankara Rəsm, Heykəl Muzeyi və digər muzeyləri ziyarət ediblər, eləcə də xalq rəqslərindən ibarət konsertə qatılıblar.

  • Növ :

    Tədbirlər
  • Vaxt :

    20 Dekabr 2024 - 21 Dekabr 2024