AMİM-də Əli bəy Hüseynzadəyə həsr olunmuş xüsusi proqram keçirilib

3 və 4 oktyabr 2026-cı il tarixlərində Azərbaycan Milli İncəsənət Muzeyində Əli bəy Hüseynzadənin həyat və yaradıcılığına həsr olunmuş xüsusi proqram keçirilib.

“Muzeydə kino” layihəsi çərçivəsində təşkil olunan proqramın ilk hissəsində “Yüz ilin sirləri” adlı film nümayiş etdirilib. Film Əli bəy Hüseynzadənin həyat və fəaliyyəti ilə bağlı müxtəlif məqamların daha geniş kontekstdə nəzərdən keçirilməsinə, onun fikir dünyası və dövrünün ictimai-mədəni mühiti haqqında əlavə məlumat əldə edilməsinə imkan yaradıb.

Film nümayişindən sonra iştirakçılar “Əli bəy Hüseynzadə: böyük mütəfəkkir və rəssam” sərgisi ilə tanış olublar. Ekskursiya zamanı Əli bəy Hüseynzadənin yalnız mütəfəkkir, publisist və ictimai fikir nümayəndəsi kimi deyil , həm də rəssamlıq irsi geniş təqdim olunub. Sərgidə təqdim olunan əsərlər, arxiv fotoşəkilləri və digər materiallar onun yaradıcılığının müxtəlif istiqamətlərini bir arada görməyə və həmin dövrün ictimai-mədəni mənzərəsini daha yaxından anlamağa şərait yaradıb.

Film nümayişi və sərgi ekskursiyasının bir proqramda təqdim olunması iştirakçıların mövzuya müxtəlif mənbələr və təqdimat formatları vasitəsilə yanaşmasına, Əli bəy Hüseynzadənin Azərbaycan mədəniyyəti və ictimai fikrindəki rolunu daha dolğun şəkildə dərk etməsinə imkan yaradıb.

Xüsusi proqramla “Əli bəy Hüseynzadə: böyük mütəfəkkir və rəssam” sərgisinin nümayişi başa çatıb.

  • Növ :

    Muzeydə kino
  • Vaxt :

    3 Oktyabr 2026 - 4 Oktyabr 2026

event gallery