Ünvan :
Niyazi küçəsi 11/9 | Bakı, Azərbaycan AZ1000
  • Əlaqə üçün :

    +994(12) 492-07-07

  • Çərşənbə axşamı, cümə axşamı, cümə 10:00-18:00
    Çərşənbə 12:00-21:00
    Şənbə, bazar 11:00-19:00
    İstirahət günü: bazar ertəsi

Muzeyimiz haqqında

Azərbaycan Milli İncəsənət Muzeyi ölkənin aparıcı mədəniyyət ocaqlarından biridir. “Rəngkarlıq”, “Qrafika”, “Heykəltəraşlıq”, “Tikmə”, “Metal”, “Arxeoloji keramika və çini” adlı altı kolleksiyadan ibarət muzey fondunda 18 mindən çox eksponat mühafizə edilir.

Burada Azərbaycan incəsənətinin müxtəlif dövrlərinə aid rəngkarlıq, qrafika, heykəltəraşlıq və dekorativ-tətbiqi sənət əsərləri mühafizə olunur, həmçinin Qərbi Avropa, rus və Şərq ölkələri incəsənəti təqdim edilir. Muzey rus avanqardı və XVI-XX əsrlərə aid Qərbi Avropa rəssamlığının maraqlı kolleksiyasına malikdir.

Ekspozisiyalar üzrə müxtəlif növ ekskursiyalarla yanaşı, həftənin çərşənbə günləri  milli və dünya musiqisini əhatə edən konsertlər, həftəsonları isə uşaqlar üçün incəsənət tarixinə dair maarifləndirici və əyləncəli proqramlar, Azərbaycan incəsənəti haqqında sənədli filmlər nümayiş etdirilir. 

Azərbaycan Milli İncəsənət Muzeyinin iki unikal memarlıq həllinə malik tarixi binaları 2013-cü ildə müasir üslubda inşa edilmiş şüşə-polad konstruksiyalı keçid vasitəsilə birləşdirilmişdir. Yeni mərkəzi korpusda müasir incəsənət sərgiləri keçirilir.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin  10 iyun 2011-ci il tarixli 94 saylı qərarına əsasən Dövlət İncəsənət Muzeyinə “Milli” statusu verilmişdir. Həmin ildə muzey Brüsseldə yerləşən Avropa İqtisadiyyat, Sənaye və Ticarət Palatasının (European Economic Chamber of Trade, Commerce and Industry - EEIG) qərarı ilə beynəlxalq standart və kriteriyalara cavab verən, keyfiyyətli muzey xidməti göstərən və peşəkar təcrübəyə malik Avropa Muzey Standartı (EUMS) statusuna layiq görülüb. 

Muzeyə ötən illər ərzində Azərbaycanın Xalq rəssamları Salam Salamzadə, Kazım Kazımzadə, İbrahim Zeynalov, Çingiz Fərzəliyev və digər tanınmış sənət xadimləri rəhbərlik etmişdir. Hazırda Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru vəzifəsində Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Şirin Məlikova fəaliyyət göstərir.

Paylaş :