Çərşənbə axşamı, cümə axşamı, cümə 10:00-18:00
Çərşənbə 12:00-21:00
Şənbə, bazar 11:00-19:00
İstirahət günü: bazar ertəsi
Azərbaycan Milli İncəsənət Muzeyi qədim dövrlərdən bugünümüzədək yaranmış milli və ümumbəşəri mədəni irs nümunələrini qoruyub saxlayan və bu misilsiz bədii inciləri nəsillərdən-nəsillərə ötürən qiymətli mədəniyyət xəzinəsidir.
Muzeyin tarixi 1920-ci ildə, nəzdində təsviri incəsənət şöbəsinin də olduğu Azərbaycan Dövlət Muzeyinin yaradılması ilə başlayır. Azərbaycan Dövlət Muzeyi Hacı Zeynalabdin Tağıyevin keçmiş malikanəsində yerləşirdi.
Zamanla muzeyin tərkibində humanitar, həmçinin təbiət elmlərinin müxtəlif sahələrinə aid eksponatların geniş fondları formalaşır. 1930-cu illərin ortalarında isə Azərbaycan Dövlət Muzeyinin şöbələrinin genişlənməsi onların komplektləşdirilərək hər birinin ayrıca muzeyə çevrilməsinə zəmin yaradır. Beləliklə, 1936-cı ildə təsviri incəsənət şöbəsinin bazası əsasında Azərbaycan Dövlət İncəsənət Muzeyi təsis olunur.
Azərbaycan Dövlət Muzeyi isə ləğv olunduqdan sonra Azərbaycan Tarix Muzeyinə çevrilir. İlk ekspozisiyasının açılışı 1937-ci ildə baş tutmuş Azərbaycan Dövlət İncəsənət Muzeyi də əvvəlcə məhz o binada yerləşirdi. 1939-cu ildə Azərbaycan Dövlət İncəsənət Muzeyi Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyinin beşinci mərtəbəsində yerləşdirilir.
Növbəti onillikdə o, yenidən məkanını bir neçə dəfə dəyişərək ekspozisiya qurulduğu və müvəqqəti sərgilərinin keçirildiyi, çox da böyük olmayan tarixi malikanələrdə fəaliyyət göstərir.
Azərbaycan Dövlət İncəsənət Muzeyi hazırkı ünvanında 1951-ci ildən “Kaspi Tərəfdaşlığı” Səhmdar Cəmiyyətinin təsisçisi, tacir və neft maqnatı Lev Martınoviç de Burun təşəbbüsü ilə 1891-1895-ci illərdə memar Nikolay fon der Nonne və şəhər mühəndisi Anton Kandinov tərəfindən inşa olunmuş tarixi binada yerləşir.
1889-cu ildə L.M. de Bur ömrünün çiçəklənən çağında, hətta öz evinin tikintisinin başlanmasını görmədən vəfat edir. İki il sonra bünövrəsi qoyulmuş malikanə onun varisləri tərəfindən 1886-cı ildə təsis edilmiş “Kaspi Tərəfdaşlığı” Səhmdar Cəmiyyətinə satılır. Bina təkcə kontor kimi deyil, həm də yaşayış binası kimi istifadə edildiyinə görə onun iki –əsas rəsmi və şəxsi ehtiyaclar üçün nəzərdə tutulmuş giriş qapısı vardır.
İnteryer Venesiya güzgüləri və yarımdairəvi tağlardan ibarət klassik motivlərlə bəzədilib. O zamanlar Sadovaya küçəsi (indiki – Niyazi küçəsi) hələ tam şəkildə abadlaşdırılmamışdı və bu əzəmətli bina onun simasını formalaşdırıraq, gələcək tikintilərə xüsusi çalar qatır.
Rusiyada Oktyabr inqilabından sonra Bakıda hakimiyyət dəyişməyə başlayır. 1918-ci ilin 31 iyun tarixində ingilis konsulunun da fəal iştirakı ilə şəhərdə hakimiyyət daşnaklar tərəfindən qurulmuş “Sentrokaspi diktaturası”na keçir, malikanədə isə ingilis komandanlığının qərargahı yerləşdirilir.
1921-ci ildə Azərbaycanda sovet hökümətinə Nəriman Nərimanov rəhbərlik etməyə başladığı zamanda burada Xalq Komissarları Şurası yerləşdirilib. Nəriman Nərimanovun ailəsi də malikanənin ikinci mərtəbəsində yaşayırdı. 1933-cü ildən 1950-ci illərin əvvəlinə kimi Azərbaycan KP MK-nın birinci katibi Mircəfər Bağırov öz ailəsi ilə birgə bu malikanədə məskunlaşmışdır.
De Burun sarayının yanında, ondan bir neçə il öncə ucaldılan, keçmiş Bakı Mariinski Qadın Gimnaziyasının binası yerləşir. Şəhərdə qızlar üçün yeni təhsil müəssisəsinin yaradılması təşəbbüsü ilə ilk dəfə Bakının o vaxtkı qubernatoru Dmitri Staroselski çıxış edir. 1874-cü ildə yaradılan və 1883-cü ildə Mariinski adı verilən qadın gimnaziyası əvvəlcə Müqəddəs Nina təhsil müəssisəsinin bazasında mövcud idi. Amma yaradıldıqdan bir neçə il sonra gimnaziyanın ayrıca binaya ehtiyacı olduğu məlum oldu. Onun tikintisi ideyası Bakı Şəhər Dumasının başçısı S.Despot-Zenoviç və gimnaziyanın Qəyyumlar Şurasına məxsus idi.
Binanın layihəsi o dövrlər quberniya idarəsində tikinti işləri üzrə icraçı kimi xidmət edən mülki mühəndis Mixail Denisoviç Botov tərəfindən hazırlanıb. Botovun vəfatından sonra, 1886-cı ildə inşaata qonşu binanın da tikintisini həyata keçirən memar fon der Nonne nəzarət edir.
Şəhər idarəçiliyinin kifayət qədər maliyyə vəsaitinə sahib olmaması səbəbi ilə Bakıya gələn moskvalı zadəgan, inşaat podratçısı və Bakıda küçələrin döşənməsi ilə məşğul olan firmaya sahib V.N.Qirş binanın maliyyələşməsini öz öhdəsinə götürür.
Gimnaziya bütün Rusiya imperiyasının Mariinski gimnaziyalar şəbəkəsinə daxil olduğu üçün belə adlanırdı. Binanın təntənəli təməlqoyma mərasimi 1885-ci ilin 22 iyun tarixində, bu binaların hamisi, əlahəzrət İmperatriça Mariya Fyodorovnanın adaşı olduğu müqəddəsin şərəfinə vəftiz olunduğu gündə keçirilib. Təməl daşlarından birinə xatirə yazısı olan metal lövhə vurulub.
1887-ci ildə Mariinski Qadın Gimnaziyası Hacı Zeynalabdin Tağıyev başda olmaqla azərbaycanlı neft milyonçularının hesabına inşa olunmuş öz yeni binasına köçür. Əsrin sonuna yaxın burada beş yüzdən çox qız təhsil alırdı.
Sovet dövründə keçmiş Mariisinki Gimnaziyasının binasında Bakı Şəhər Kommunist Partiyası Komitəsi və şəhər komsomol təşkilatı yerləşir. 1992-ci ildə ərazisini genişləndirmək məqsədilə gimnaziyanın binası İncəsənət Muzeyinin istifadəsinə verilir.
1943-cü ildən 2011-ci ilədək muzey görkəmli Azərbaycan rəssamı Rüstəm Mustafayevin adını daşıyıb.
Azərbaycan Milli İncəsənət Muzeyinin iki unikal memarlıq həllinə malik tarixi binaları 2013-cü ildə müasir üslubda inşa edilmiş şüşə-polad konstruksiyalı keçid vasitəsilə birləşdirilmişdir. Yeni mərkəzi korpusda müasir incəsənət sərgiləri keçirilir.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 iyun 2011-ci il tarixli 94 saylı qərarına əsasən Dövlət İncəsənət Muzeyinə “Milli” statusu verilmişdir.
Paylaş :