Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyevin “Sev...

14 Sentyabr-21 Sentyabr, 2023

Keçirilmiş

Sentyabrın 14-də Özbəkistan Rəssamlıq Akademiyasının “Akademiya” qalereyasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Azərbaycan Milli İncəsənət Muzeyinin və Özbəkistan Rəssamlıq Akademiyasının birgə təşəbbüsü, Azərbaycan Rəssamlar İttifaqının və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tərəfdaşlığı ilə Azərbaycanın tanınmış rəssamı, Əməkdar incəsənət xadimi, Özbəkistan Rəssamlıq Akademiyasının fəxri xarici üzvü Çingiz Fərzəliyevin “Sevinc piyaləsi” adlı fərdi sərgisinin açılış mərasimi keçirilib.

Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan sərgi dost və qardaş olan iki ölkə arasında mədəni əlaqələrin daha da inkişafına xidmət edir. Sərgidə rəssamın ilk yaradıcılıq illərdən başlayaraq bu günümüzədək ərsəyə gətirdiyi əsərlərindən 40-a yaxını nümayiş olunur.Layihənin koordinatoru Könül Rəfiyevadır.

Vernisajın açılışını edən Özbəkistanın xalq rəssam Akmal Nur belə mötəbər sərginin ərsəyə gəlməsi münasibəti ilə göstərdikləri köməyə görə Azərbaycan Respublikası Səfirliyinə və Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə təşəkkürünü bildirib. O, qonaqlara Çingiz Fərzəliyevi Rusiya və Özbəkistan Rəssamlıq Akademiyasının akademiki, professor və Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru kimi təqdim edib. Akmal Nur özbək sənətsevərlərini Azərbaycan rəssamlığı ilə yaxından tanış olmağa dəvət edərək, qarşıdan gələn növbəti illərdə də özbək rəssamların sərgilərinin Azərbaycanda da keçiriləcəyinə ümid etdiyini vurğulayıb.

Kökləri XIV əsrdən qurulan Azərbaycan və  Özbəkistan xalqları arasındakı  dostluq əlaqələrindən bəhs edərək çıxışı davam etdirən, Azərbaycan Respublikasının Özbəkistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyev hərtərəfli tərəfdaşlığın inkişafında hər iki ölkə liderlərinin mühüm səylərindən söz açıb.

Çıxışı davam etdirən Azərbaycan Respublikasının xalq rəssamı Səlhab Məmmədov Azərbaycan və Özbəkistan Prezidentləri tərəfindən möhkənlənən mehriban dostluq münasibətlərindən məmnunluğunu ifadə edib. O, Çingiz Fərzəliyevi sərginin açılışı münasibətilə təbrik edərək, tədbirin təşkilinə görə Özbəkistan Rəssamlıq Akademiyasına təşəkkürünü bildirib, hər iki ölkənin incəsənət xadimlərinin xalqlar arasındakı dostluğunun bundan sonra da davam etdirəcəyinə əminliyini ifadə edib. Səlhab Məmmədov həmçinin, Çingiz Fərzəliyevin yaradıcılığına toxunaraq rəssamın zərif duyum və parlaq ruhundan süzülən istedadının əks olunduğu əsərlərə heyranlığını vurğulayıb.

Azərbaycandan gələn qonaqları salamlayan Özbəkistan rəssamları sərginin açılışı münasibəti ilə sevinc hissi keçirdiklərini və bu tədbirin ölkələr arasında mədəni əlaqələrin möhkəmlənməsinə və səmərəli münasibətin açarına çevriləcəyinə əminliklərini ifadə ediblər. Çingiz Fərzəliyevin daxili dünyasının dərinliyini əks etdirən sərgi eyni zamanda Özbəkistan və Azərbaycan arasında qurulan mədəni əlaqələrin bariz ifadəsidir.

Çingiz Fərzəliyevin sənəti təsirli mənzərələri, natürmortları və zəngin fəlsəfi məzmunu ilə tanınır. Akademiyanın qalereyasında təqdim olunan “Sevinc piyaləsi” sərgisi tamaşaçı üçün Çingiz Fərzəliyevin uzunmüddətli yaradıcılıq yolunu müşahidə etmək və zövq almaq üçün unikal imkan yaradır. Bundan əlavə, bu sərgi rəssamın yaradıcılığının əyani təcəssümüdür.

 

 

Son Sərgilər

Səttar Bəhlulzadə - təbiətin ecazkar nağ...

Ətraflı...

Beynəlxalq Muzeylər Günü...

Ətraflı...

«Açıq qapı» Günü 18 may...

Ətraflı...

Beynəlxalq Muzeylər Günü...

Ətraflı...