Heydər Əliyev 100 – “Sevimli əsərlər”...

08 May-18 Fevral, 2024

Keçirilmiş

Mayın 8-də Azərbaycan Milli İncəsənət Muzeyində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan “Heydər Əliyev 100 – Sevimli əsərlər” adlı sərginin açılışı mərasimi baş tutub.

Sərgidə Ulu öndərin yaradıcılıqlarına xüsusi sevgi və hörmət ilə yanaşdığı görkəmli fırça və tişə ustalarımızın təxəyyülündən süzülüb gələn sənət örnəkləri yer almaqdadır. Tahir Salahov imzalı rəngkarlıq və Ömər Eldarovun müəllifi olduğu heykəltəraşlıq əsərlərində təsvir olunan Heydər Əliyevin canlı obrazları sərginin xüsusilə maraqdoğuran eksponatları sırasındadır. 100-dən artıq eksponatın nümayiş olunduğu vernisajda Səttar Bəhlulzadə, Mikayıl Abdullayev, Tahir Salahov, Toğrul Nərimanbəyov, Hüseyn Əliyev, Oqtay Sadıqzadə, Elmira Şahtaxtinskaya, Maral Rəhmanzadə, Mircavad Cavadov, Tofiq Cavadov, Rasim Babayev və başqa korifey rəssamlarımızın mənzərə və natürmort əsərləri təqdim olunmaqdadır.

Açılış mərasimində muzeyin direktoru, Əməkdar incəsənət xadimi, professor Çingiz Fərzəliyev Ulu Öndər Heydər Əliyevin tariximizdə müstəsna yerindən söz açıb. O, qeyd edib ki, incəsənətimizin hamisi olan Heydər Əliyevin Azərbaycan mədəniyyətinin ayrılmaz hissəsi olan rəssamlıq məktəbi ilə bağlılığı heç kimə sirr deyil. O, yaradıcı şəxslərlə daim maraqlanıb, onların yaradıcılığında milli dəyərlərin əks olunmasına böyük önəm verib. İncəsənətin elə bir sahəsi yoxdur ki, Heydər Əliyevin diqqət və qayğısından kənarda qalsın. Musiqimiz, teatrımız, kino sənətimiz, heykəltəraşlıq və rəssamlığımız, xalça sənətimiz bugünkü inkişafında onun dəyərli ideyalarından bəhrələnib. Ulu öndər çıxışları zamanı söyləyirdi: “Milli dövlətçilik dəyərlərinin əsasını sağlam düşüncəli mədəniyyət təşkil edir. Sabahkı uğurlara yeganə təminat isə sağlam cəmiyyət quruculuğuna diqqət artırmaq, köklü mənəvi dəyərləri yeni nəslə və bütün cəmiyyətə daha dərindən və əzmlə aşılamaqdır”.

Çıxışı davam etdirən Fərhad Xəlilov qeyd edib: “Ulu Öndərin qəlbi əsl sənətkar qəlbi idi. O, incəsənətin bütün sahələrinə bələd idi. Bildiyiniz kimi, Heydər Əliyevin bir vaxtlar rəssam olmaq arzusunda var idi və hətta memarlıq fakültəsinə də daxil olmuşdur. Siyasi fəaliyyəti dövründə yaradıcı insanlara həmişə səmimi münasibət bəsləyib, diqqət yetirər, emalatxanalarında onlara baş çəkər, sərgilərin, abidələrin açılışında şəxsən iştirak edərdi. Fərhad Xəlilov çıxışı zamanı indi Heydər Əliyevin adını daşıyan sarayda Səttar Bəhlulzadəyə həsr olunmuş yaradıcılıq gecəsindəki unudulmaz nitqini yada salır. Ulu öndərin çıxışı, Səttar Bəhlulzadənin yaradıcılığına xüsusi diqqət yetirməsi və onun əməyini yüksək qiymətləndirməsi Səttar Bəhlulzadəni çox təsirləndirmişdi. Ulu öndər mahir sənət duyumu, əsərləri gözəl təhlil etmək bacarığı onun sənətə güclü sevgisindən, hər şeyə diqqətlə yanaşmasından xəbər verirdi. Ulu Öndərin xatirəsi hər zaman qəlbimizdə yaşayacaq”.

Sərgiyə giriş ödənişsizdir.

Son Sərgilər

Beynəlxalq Muzeylər Günü...

Ətraflı...

«Açıq qapı» Günü 18 may...

Ətraflı...

Beynəlxalq Muzeylər Günü...

Ətraflı...

Fiziki məhdudiyyətli uşaqlar üçün ustad ...

Ətraflı...