Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı Tağı Tağıyev (1917-1993) rəngkarlıqda realistik metodun təməlini qoyan rəssamlardan biridir. Portret ustası kimi böyük şöhrət qazanmış sənətkarın yaradıcılığında tarixi mövzular, zəhmət insanlarının tərənnümü, eləcə də doğma təbiət təsvirləri mühüm yer tutur. Rəssamın füsünkar Bakı mənzərəsinin əksini tapdığı “Pəncərə” tablosu mükəmməl kompozisiya quruluşu, harmonik rəng həlli ilə seçilir. Şəhər panoramasına açılan pəncərə önündə təsvir olunmuş çiçəklər qəlbdə həzin, incə duyğular oyadır. Xəfif meh küləyinin otağa dolması zərif pərdə vasitəsilə ifadə olunaraq tabloya xüsusi canlılıq və həyatilik bəxş etmişdir.