Hələ sağlığında ikən adı əfsanəyə çevrilmiş Xalq rəssamı Səttar Bəhlulzadə (1909-1974) bütün yaradıcılığı boyu böyük məhəbbətlə sevdiyi doğma yurdun təbiətini tərənnüm etmiş və öz əsərlərində onun bütöv obrazını əbədiləşdirmişdir. “Bakıda yaz səhəri” əsərində paytaxtın ecazkar panoraması şəhərin uca nöqtəsindən təsvir olunmuşdur. Rəssam mavi Xəzəri, sıra ilə düzülmüş bəyaz göyərçinləri, göydə pərvazlanan quşları, al-əlvan bahar çiçəklərini və yaz səhərində Bakı havasının təravətini bu fəslə və eləcə də öz yaradıcılığına xas olan poetikliklə təsvir etmişdir.