Əməkdar incəsənət xadimi Vəcihə Səmədovanın (1924-1965) yaddaqalan əsərlərindən olan “Kür qırağında” tablosu mürəkkəb kompozisiya quruluşuna və dərin bədii ifadə həllinə malikdir. Tablo müəllifin yaradıcılıq axtarışlarının zirvəsində dayanır və onun böyük kolorist-rəssam qabiliyyətini, kompozisiya ustalığını, dəst-xəttinin özəlliyini göstərir. Əsər lakonikdir, lakin bir hekayə danışır. Sanki tək kadrlı kinofilmdir, əvvəli və ardı var. Az öncə paltar yuyan qızlar daha sonra çayda yuyunurlar. Biri hələ də sudadır, digəri isə artıq geyinib, saçlarını qurudur. Qürub çağının lirik ab-havası çay və xüsusilə səthinə düşən ayın əksi ilə canlandırılıb.