Xalq rəssamı, professor Böyükağa Mirzəzadə (1921-2007) həm fırça ustası, həm də pedaqoq kimi müasir Azərbaycan rəngkarlığının inkişafında müstəsna rol oynayıb. Rəssamın “Bakı axşamçağı” tablosunda paytaxtın yüksək nöqtəsindən açılan məşhur panoraması göz önündə canlanır. Qürub edən günəşin solğun şəfəqləri şəhəri öz ağuşuna almışdır. Arxa fonda mavi Xəzərin sularında bərq vuraraq səpələnmiş günəş şüaları əsərin təsir gücünü artırır. Mənzərə fonunda verilmiş istirahət edən insanların təsvirləri tabloya dinamiklik gətirmiş, istifadə edilmiş parlaq və isti rənglərin həmahəngliyi xüsusi ab-hava yaratmışdır.