Ünvan :
Niyazi küçəsi 11/9 | Bakı, Azərbaycan AZ1000
  • Əlaqə üçün :

    +994(12) 492-07-07

  • Çərşənbə axşamı, cümə axşamı, cümə 10:00-18:00
    Çərşənbə 12:00-21:00
    Şənbə, bazar 11:00-19:00
    İstirahət günü: bazar ertəsi

Azərbaycan incəsənəti

Muzeyin Azərbaycan incəsənətinə aid kolleksiyası özündə çoxəsrlik tarixə malik zəngin mədəni irs nümunələrini birləşdirir. Burada Tunc dövründən başlayaraq XXI əsrin ilk onilliklərini əhatə edən böyük zaman kəsiyində yüksək bədii zövq nümunəsi kimi ərsəyə gətirilən 10.000-ə yaxın eksponat qorunub saxlanılır. Keramika, xalça, bədii tikmə, zərgərlik, torevtika və s. kimi dekorativ-tətbiqi sənət əsərləri mükəmməl forma, naxış və təsvir sistemi ilə əcdadlarımızın estetik zövqü, inancları haqqında informasiya daşıyıcıları kimi çıxış edirlər. Bu yüksək bədii özüllər üzərində formalaşmış Azərbaycan incəsənəti təsviri sənət sahəsində də dünya mədəniyyət xəzinəsinə layiqli töhfələr bəxş etmişdir. Daimi ekspozisiyada sərgilənən və fond saxlanclarında mühafizə edilən Səfəvilər və Qacarlar dövrünə aid qrafika və rəngkarlıq nümunələri, XX əsrin realist və avanqard istiqamətlərini təmsil edən təsviri sənət əsərləri buna misal ola bilər.
Awesome Image

Arxeologiya

Azərbaycan Milli İncəsənət Muzeyinin arxeoloji materiallardan ibarət kolleksiya Azərbaycanın müxtəlif bölgələrində aparılmış qazıntılardan toplanılmışdır. Mingəçevir, Şəki, Göygöl, Qəbələ, Naxçıvan və digər ərazilərdən aşkar edilmiş kiçik plastika nümunələri, keramika məmulatları, bədii silah və zərgərlik əşyaları, Bayıl qəsrinin XIII əsrə aid daş kitabələri xüsusi əhəmiyyət daşıyır.
Awesome Image

Rəngkarlıq

Muzeydə Azərbaycan rəngkarlığı zəngin kolleksiya ilə təmsil olunur. Burada milli təsviri sənətdə dəzgah rəngkarlığının ilkin nümunələrini yaratmış Mirzə Qədim İrəvaninin, Bəhruz Kəngərli, Qəzənfər Xalıqov, Ələkbər Rzaquliyev, Salam Salamzadə, Səttar Bəhlulzadə, Mikayıl Abdullayev, Böyükağa Mirzəzadə, Toğrul Nərimanbəyov və digər görkəmli sənətkarların müəllifi olduqları rəngkarlıq əsərləri qorunub saxlanılır. XX əsr incəsənətində xüsusi istiqaməti təşkil edən Abşeron rəssamlıq məktəbinin Cavad Mircavadov, Tofiq Cavadov, Rasim Babayev, Kamal Əhməd, Əşrəf Muradoğlu və digər tanınmış nümayəndələrinin əsərləri kolleksiyanın önəmli nümunələrindəndir.
Awesome Image

Heykəltəraşlıq

Azərbaycan heykəltəraşlığının zəngin kolleksiyası əsasən XX-XXI əsrlərin tanınmış heykəltəraşlarının əsərlərini əhatə edir. Kolleksiyada Fuad Əbdürrəhmanov, C.Qaryağdı, Mirəli Mirqasımov, Ömər Eldarov, Tokay Məmmədov və başqa sənətkarların müxtəlif üslub və janrlarda işlənilmiş əsərləri qorunub saxlanılır.
Awesome Image

Qrafika

Muzey özündə Azərbaycan qrafikasının çoxəsrlik inkişafını əks etdirən maraqlı kolleksiyaya malikdir. Burada XVII-XIX əsrlərdə yaradılmış Səfəvilər və Qacarlar dövrünə aid miniatür nümunələri, Mirzə Qədim İrəvani, Mir Möhsün Nəvvab, Abbas Hüseyni, Qeysər Kaşıyeva, Bəhruz Kəngərli, Əzim Əzimzadə, Ələkbər Rzaquliyev, Maral Rəhmanzadə və digər məşhur sənətkarların qrafikanın müxtəlif texnikalarında ərsəyə gətirilmiş əsərləri mühafizə edilir.
Awesome Image

Dekorativ-tətbiqi sənət

Azərbaycan Milli İncəsənət Muzeyi xalqın dünyagörüşünü, estetik zövqünü, geyim və məişət mədəniyyətini parlaq şəkildə özündə əks etdirən dekorativ-tətbiqi sənətin nadir və nəfis nümunələrinin kolleksiyasına sahibdir. Onların sırasına XVII-XX əsrlərə aid rəngarəng xovsuz və xovlu xalçalar, mükəmməl gözəlliyə, forma və tərtibata malik bədii tikmə, metal, keramika, ağacoyma nümunələri daxildir.