Mayın 22-də Azərbaycan Milli İncəsənət Muzeyində “Sənətin zirvəsində: Xalq Rəssamı Ömər Eldarov” adlı mühazirə keçirilib.
Mayın 22-də Azərbaycan Milli İncəsənət Muzeyində “Sənətin zirvəsində: Xalq Rəssamı Ömər Eldarov” adlı mühazirə keçirilib. Ustad sənətkarın qatıldığı mühazirə AMİM-nin Elmi-tədqiqat şöbəsinin elmi işçisi, sənətşünas Yeganə Mövsümova Şirəliyeva tərəfindən təqdim edilib. Məruzədə Ömər Eldarov yaradıcılığının Azərbaycan təsviri sənətinin dəyərli hissəsini təşkil etdiyi vurğulanaraq onun heykəltəraşlıq sənətinə verdiyi töhfələrdən, yaratdığı parlaq obrazlardan, əsərlərinə xas yüksək bədii xüsusiyyətlərdən bəhs olunub. Muzeyin kolleksiyasında qorunan “Elegiya”, “Heydər Əliyevin büstü”, “Şairə Natəvan”, “Rəssam Səttar Bəhlulzadənin portreti”, “Zamanın dörd rəngi” kimi əsərlərindən söz açılıb.
Daha sonra AMİM-nin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova Ömər Eldarov yaradıcılığının özünəməxsusluğundan danışıb, heykəltəraşın yalnız ölkəmizdə deyil, Azərbaycanın hüdudlarından kənarda olan monumental abidələrinin də böyük qürur mənbəyi olduğunu vurğulayıb. Muzeyin Elmi-tədqiqat şöbəsinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Telman İbrahimov sənətkarın həyat və yaradıcılığının müxtəlif yönlərindən bəhs edib.
Sonda Xalq rəssamı, akademik Ömər Eldarov çıxış edərək təhsil aldığı illər, yaradıcılıq yolu ilə bağlı öz maraqlı xatirələrini bölüşüb, bu layihə çərçivəsində gənclərlə görüşməkdən məmnunluq duyduğunu ifadə edib və onlara uğurlar arzulayıb. Tədbirin yekununda görkəmli heykəltəraşla xatirə fotosu çəkilib.
Növ :
Muzeydə mühazirəVaxt :
22 May 2025 - 22 May 2025event gallery