Yanvarın 22-də Azərbaycan Milli İncəsənət Muzeyində Əməkdar rəssam, Naxçıvan Rəssamlar Birliyinin sədri, millət vəkili Ülviyyə Həmzəyevanın “Çağırış – zaman və məkan boşluğunda itmiş simvollar” adlı qrafika sərgisinin açılış mərasimi keçirilib.

Yanvarın 22-də Azərbaycan Milli İncəsənət Muzeyində Əməkdar rəssam, Naxçıvan Rəssamlar Birliyinin sədri, millət vəkili Ülviyyə Həmzəyevanın “Çağırış – zaman və məkan boşluğunda itmiş simvollar” adlı qrafika sərgisinin açılış mərasimi keçirilib. Tədbirdə  tanınmış ictimai- mədəni xadimlər, millət vəkilləri, ziyalılar və digər çoxsaylı qonaqlar iştirak ediblər.

Sərginin açılışında çıxış edən Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova, Xalq rəssamı Salhab Məmmədov, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, millət vəkilləri Hicran Hüseynova, Elnarə Akimova Ülviyyə Həmzəyevanın müasir Azərbaycan təsviri sənətində seçilən yaradıcılığa malik olduğunu, dərin məna, məzmun yükünə sahib əsərlərinin minilliklər ərzində formalaşmış zəngin sənət ənənələrimizdən güc aldığını vurğulayıblar.

Sonda söz Əməkdar rəssam Ülviyyə Həmzəyevaya verilib. Rəssamın təklifi ilə öncəliklə Ulu Öndər Heydər Əliyevin və 44 günlük Vətən müharibəsində canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükütla yad olunub. Ülviyyə Həmzəyeva yaradıcılığına mühüm dəyər verən  çışıxçılara, sərginin yüksək təşkili üçün Azərbaycan Milli İncəsənət Muzeyinə və açılış mərasiminə qatılan hər kəsə dərin təşəkkürün bildirərək sərgi ilə tanış olmağa dəvət edib. 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə baş tutan sərgidə rəssamın 50-dən çox qrafika əsəri nümayiş olunur.

Ekspozisiyada sərgilənən qrafika əsərlərinin fəlsəfi mahiyyəti dünyaya göz açdığı, boya-başa çatdığı qədim və misilsiz tarixə malik Naxçıvanın  ruhu ilə səsləşir. 44 günlük Vətən müharibəsindəki şanlı qələbə, Qərbi Azərbaycanın tarixi-mədəni irsi, Kovid-19 pandemiyası, yuxu və gerçəkliyin bir arada, fasiləsiz vizual axın kimi təsviri aparıcı mövzuları təşkil edərək rəssamın gərgin yaradıcılıq axtarışlarının nəticəsində ərsəyə gəlib.

Qrafika əsərlərində qədim bədii dilimizi müasirləşdirən rəssam onlara öz qəlbi və ruhunun isti hərarətini bəxş etmişdir.

Qeyd edək ki, sərgi 28 fevral 2025-ci il tarxinidək ziyarətçilər üçün açıq olacaq.

  • Növ :

    Sərgilər
  • Vaxt :

    22 Yanvar 2025 - 28 Fevral 2025