Tacikistanda keçirilən Azərbaycan Mədəniyyət Günləri çərçivəsində Tacikistan Milli Muzeyində görkəmli rəssam Mirzə Qədim İrəvaninin 200 illik yubileyinə həsr olunmuş sərgi açılıb.

Tacikistanda keçirilən Azərbaycan Mədəniyyət Günləri çərçivəsində Tacikistan Milli Muzeyində görkəmli rəssam Mirzə Qədim İrəvaninin 200 illik yubileyinə həsr olunmuş sərgi açılıb.

Sərgidə Azərbaycan Milli İncəsənət Muzeyinin “Mirzə Qədim İrəvani: Şərq və Qərb sənət üslublarının qovşağında” adlı ekspozisiyası yer alıb.

Ekspozisiyanın ana xəttini dahi sənətkarın Azərbaycan Milli İncəsənət Muzeyində qorunub saxlanılan əsərlərinin və onun yaşadığı dövrün Qacar üslubunda yaranmış təsviri və dekorativ-tətbiqi sənət nümunələrinin nümayişi təşkil edir.

Mirzə Qədim İrəvaninin yetkin dövr yaradıcılığına aid “Fətəli şahın portreti“, "Zadəgan xanımın portreti”, “Qacar şahzadəsi Vəcihulla Mirzənin portreti”, "Əsgər" adlı qrafik rəsmləri, eləcə də Qacarlar dövrü rəssamlığının sevimli motivlərindən birini özündə əks etdirən "Qızılgül və bülbül" əsəri ilə yanaşı, XIX əsr Azərbaycan rəssamlığının digər görkəmli nümayəndələri – Usta Qənbər Qarabaği, Mir Möhsün Nəvvabın gül və bülbül motivli qrafik rəsmləri də sərgilənən əsərlər sırasındadır.

XVIII əsr Azərbaycan memarlığının incilərindən olan Şəki Xan sarayının divarlarını bəzəyən unikal rəsmlərin surətləri aid olduqları zamanın aparıcı bədii-estetik idealını mükəmməliklə vurğulayır. Ekspozisiyada nümayiş olunan qalxan, dəbilqə, qolçaq və digər yaraq-əsləhə nümunələri dövrün qəhrəmanlıq ruhunu əks etdirir.

Görkəmli rəssam Mirzə Qədim İrəvaninin Azərbaycan Milli İncəsənət Muzeyində qorunub saxlanılan əsərləri sırasında dövrünün savadlı insanlarından biri olmuş Bəhmən Mirzənin kitabxanasından olan şəxsi möhürlü “Dəvət” adlı dualar kitabı, üzərindəki təsvir və nəfis bəzəklərlə diqqəti cəlb edən qələmdanlar, “Nadir şah” adlı süjetli xalça, nəfis tərtibatlı arxalıq öz dövrünün ruhunu, zövqünü, saray estetikasını ifadə edən əvəzsiz nümunələrdir.

  • Növ :

    Sərgilər
  • Vaxt :

    20 May 2025 - 22 May 2025

event gallery