Oktyabrın 30-da Azərbaycan Milli İncəsənət Muzeyində görkəmli rəssam, XX əsr Azərbaycan avanqard sənətinin tanınmış nümayəndəsi Tofiq Cavadovun 100 illiyinə həsr olunmuş “Yarımçıq qalmış ömür” adlı sərginin açılış mərasimi baş tutub. Sərgi Azərbaycan Respublikası Mədəniyyətn Nazirliyi, Heydər Əliyev Fondu və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə “Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy” mədəniyyət festivalı çərçivəsində baş tutub.

Oktyabrın 30-da Azərbaycan Milli İncəsənət Muzeyində görkəmli rəssam, XX əsr Azərbaycan avanqard sənətinin tanınmış nümayəndəsi Tofiq Cavadovun 100 illiyinə həsr olunmuş “Yarımçıq qalmış ömür” adlı sərginin açılış mərasimi baş tutub. Sərgi Azərbaycan Respublikası Mədəniyyətn Nazirliyi, Heydər Əliyev Fondu və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə “Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy” mədəniyyət festivalı çərçivəsində baş tutub.

Tanınmış ictimai, elm və mədəniyyət xadimlərinin qatıldığı açılış mərasimində Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, sərginin kuratoru Şirin Məlikova, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, Bakı İncəsənət Mərkəzinin rəhbəri Rafael Gülməmmədli çıxış edərək Tofiq Cavadovun qısa, lakin məhsuldar ömründə bədii ideyalarla zəngin bir miras qoyduğunu vurğulayıblar. Çıxışlarında onun 1950–1960-cı illərdə sovet incəsənətinin sərt ideoloji çərçivələrinə baxmayaraq, fərdi yaradıcılıq azadlığını qoruyub saxlayan nadir sənətkarlardan biri kimi tanındığını qeyd ediblər.

Daha sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.

Sərgidə Tofiq Cavadovun müxtəlif illərdə yaratdığı 91 əsər – rəngkarlıq və qrafika nümunələri, o cümlədən kitab illüstrasiyaları və eskizlər nümayiş etdirilir. Qeyd edək ki, Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Bakı İncəsənət Mərkəzi (“Yeni Gallery”) və şəxsi kolleksiyalardan toplanmış əsərləri əhatə edən ekspozisiyada ilk dəfə olaraq rəssamın yaratdığı bədii irs vahid məkan daxilində bir araya gətirilib.

Tofiq Cavadov Abşeron rəngkarlıq məktəbinin ən poetik təmsilçilərindən sayılır. Onun bu mövzuya həsr olunmuş “Buzovnada küçə”, “Kənd mənzərəsi” və digər əsərləri Abşeronun ruhunu, koloritini, poetik dillə təcəssüm etdirir. Müəllifin sərgidə yer alan “Sənaye mənzərəsi”, “Neftçilər”, “Çənlər”, kimi tabloları, “Zavod” silsiləsi sənaye motivlərini insan duyğuları ilə birləşdirərək neft şəhərinin ruhunu canlandırır.

Sərginin əsas yeniliklərindən biri rəssamın kitab qrafikası sahəsindəki işlərinin interaktiv multimedia formatında – sensor ekran vasitəsilə təqdim olunmasıdır. Bu təqdimat tamaşaçılara Cavadovun yaradıcılıq diapazonunu daha geniş müstəvidə dərk etmək imkanı yaradıb.

Qeyd edək ki, Azərbaycan Milli İncəsənət Muzeyi sərgi ərəfəsində rəssamın sənət irsinin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində mühüm addımlar atıb. Muzey Tofiq Cavadovun “Bakıda küçə” adlı rəngkarlıq əsərini və “Analıq” adlı qrafik işini öz kolleksiyasına daxil edib, Dövlət Rəsm Qalereyasının kolleksiyasına aid “Tökmə sexi” tablosunun bərpasını həyata keçirib.

Sərgi 30 noyabr 2025-ci ilədək ziyarətçilər üçün açıq olacaq.

  • Növ :

    Sərgilər
  • Vaxt :

    31 Oktyabr 2025 - 30 Noyabr 2025

event gallery