Martın 14-də Azərbaycan Milli İncəsənət Muzeyində Novruz bayramına həsr olunmuş “Güllər ruzigarı” adlı sərgi açılıb.

Martın 14-də Azərbaycan Milli İncəsənət Muzeyində Novruz bayramına həsr olunmuş “Güllər ruzigarı” adlı sərgi açılıb.

Sərgidə kolleksiyamızdan seçilmiş və əksəriyyəti ilk dəfə məhz burada nümayiş olunan 30-dan çox gül təsvirlərindən ibarət natürmort əsəri yer alıb. Qeyd edək ki, natürmort Azərbaycan rəssamları arasında həmişə sevilən janrlardan olub və bu janra həm dövrün aparıcı sənət üslubunu təmsil etmiş sənətkarlar, həm də avanqard cərəyanlara meyl göstərmiş rəssamlar müraciət ediblər. Ona görə də, natürmort janrının stilistikasında klassik realizm istiqaməti ilə bərabər, rəssam-modernistlərin özünəməxsus yanaşma tərzini də görə bilərik.

Ekspozisiyada ilk dəfə olaraq Salam Salamzadə, Tağı Tağıyev, Əbdülxalıq, Davud Kazımov, Tofiq Cavadov, Xalidə Səfərova, Nazim Babayev, uzun illər AMİM-də çalışmış tarixi binalarımızın memarı Nikola Fon der Nonnenin yaxın qohumu İrina Koqnivitskaya və başqa natürmort janrında mükəmməl sənət əsərləri yaratmış görkəmli sənətkarların tablolarını görə bilərsiniz.

Sərgidə Şəki Xan sarayının ecazkar çiçək təsvirli kompozisiyalarının surətləri də ilk dəfə nümayiş olunur. Usta Qəmbər Qarabağinin yaratdığı bu möhtəşəm sənət əsərlərinin surətləri XX əsrin 30-40-cı illərində Azərbaycan təsviri sənətinin inkişafına öz töhfələrini vermiş Vera Kvitko, Zinaida Boqoslovskaya-Kosiçkina tərəfindən köçürülüb.

Ekspozisiyada natürmortlarla yanaşı, Qorxmaz Sücəddinov, İbrahim Zeynalov, Akif Əsgərov, Sahib Quliyev, Teymur Rüstəmov kimi tanınmış heykəltəraşlarımızın da yazı tərənnüm edən sənət əsərləri sərgilənir.

Xalq rəssamı Davud Kazımovun “Güllər”inin çərçivələri aşaraq sanki kətandan ayrılaraq real natürmorta çevrilməsi sərginin yaddaqalan məqamlarındandır.

Sərgidə iki QR kod təqdim olunub. Biri sərginin e-kataloqunu yükləmək, digəri isə məmnuniyyət sorğusunda iştirak etmək üçündür. Sorğu vasitəsilə sərgi ilə bağlı rəy və təkliflərinizi bizimlə bölüşə bilərsiniz.

Sərgi aprelin 30-a qədər davam edəcək.

  • Növ :

    Sərgilər
  • Vaxt :

    14 Mart 2025 - 30 Aprel 2025

event gallery