Martın 12-də Azərbaycan Milli İncəsənət Muzeyində “Y.Pen, Y.Kruqer: Belarusda rəssamlıq təhsilinin baniləriadlı Belarus Respublikasının Milli İncəsənət Muzeyinin kolleksiyasından rəngkarlıq və qrafika əsərlərindən ibarət sərginin açılış mərasimi baş tutub.

Martın 12-də Azərbaycan Milli İncəsənət Muzeyində “Y.Pen, Y.Kruqer: Belarusda rəssamlıq təhsilinin baniləri” adlı Belarus Respublikasının Milli İncəsənət Muzeyinin kolleksiyasından rəngkarlıq və qrafika əsərlərindən ibarət sərginin açılış mərasimi baş tutub. Sərgi Sankt-Peterburq Rəssamlıq Akademiyasının məzunları, müasir Belarusda peşəkar rəssamlıq təhsilinin baniləri, Vitebsk və Minsk şəhərlərində Rəsm və rəngkarlıq məktəblərinin təsisçiləri olmuş rəssam-pedaqoqlar, bir çox şagirdləri üçün həyatlarının ilk və ən vacib müəllimləri sayılan Yuri Penin anadan olmasının 170, Yakov Kruqerin 155 illiyinə həsr edilib.

Giriş sözü ilə tədbir iştirakçılarını salamlayan Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova Azərbaycan və Belarus Respublikalarının Mədəniyyət nazirliklərinin dəstəyi ilə həyata keçirilən bu sərginin iki dövlət arasında mədəni əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcək vacib əhəmiyyətindən danışıb. O, həmçinin vurğulayıb ki, görkəmli Belarus rəssamları Yuri Pen və Yakov Kruqerin bədii irslərinin, eləcə də onların tələbələrinin bütöv pleyadasının – dünyaşöhrətli Mark Şaqal və Mixael Kikoin, eləcə də çoxsaylı Belarus rəngkar və qrafiklərinin əsərləri bütün sənətsevərlər üçün Vitebsk və Minsk rəssamlıq məktəbləri ilə tanış olmağa unikal şans verir.

Açılışda çıxış edən Belarus Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Dmitri Pineviç, Xalq rəssamları Ömər Eldarov və Salhab Məmmədov öz çıxışlarında bu sərginin iki ölkə arasında daim inkişaf etməkdə olan mədəni münasibətlərə dəyərli töhfə olduğunu bildiriblər.

Belarus Respublikasının Milli İncəsənət Muzeyinin direktoru Anna Konnonova öz çıxışında sərgi haqqında tədbir iştirakçılarına geniş məlumat verib. O, AMİM ilə birlikdə həyata keçirilən bu layihənin gələcək əməkdaşlıqlar üçün daşıdığı mühüm əhəmiyyətdən bəhs edərək, yaradılmış şəraitə görə Belarus və Azərbaycan Respublikasının Mədəniyyət nazirliklərinə, həmçinin Azərbaycan Milli İncəsənət Muzeyinə öz minnətdarlığını bildirib və mərasim iştirakçılarını sərgi ilə tanış olmağa dəvət edib.

Qeyd edək ki sərgidə Belarus Respublikası Milli İncəsənət Muzeyi tərəfindən ilk dəfə olaraq Azərbaycan Respublikasında muzeyin kolleksiyasından seçilmiş XIX əsrin sonu - XX əsrin ortalarına aid 61 rəngkarlıq və qrafika əsəri nümayiş olunur. Burada Y.Pen, Y.Kruqer və onların tələbələri olmuş Mark Şaqal, Mixael Kikoin, Belarus SSR-nin Xalq rəssamı İvan Axremçik, rəngkar və qrafiklər Lev Zevin, Mixail Kunin, Lev Leytman və digər məşhur rəssamların əsərləri yer alıb.

Sərgi 4 may 2025-ci il tarixinədək davam edəcək.

  • Növ :

    Sərgilər
  • Vaxt :

    12 Mart 2025 - 4 May 2025

event gallery