Dekabrın 4-də Azərbaycan Milli İncəsənət Muzeyində görkəmli rəssam, milli təsviri sənətdə realist dəzgah rəngkarlığının banisi Mirzə Qədim İrəvaninin (1825–1875) 200 illik yubileyi qeyd olunub.

Dekabrın 4-də Azərbaycan Milli İncəsənət Muzeyində görkəmli rəssam, milli təsviri sənətdə realist dəzgah rəngkarlığının banisi Mirzə Qədim İrəvaninin (1825–1875) 200 illik yubileyi qeyd olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin böyük sənətkarın yubileyinin dövlət səviyyəsində qeyd edilməsi ilə bağlı imzaladığı Sərəncamına əsasən reallaşan tədbirdə “Mirzə Qədim İrəvani: Zamanların qovşağında” kitabının təqdimatı və “Mirzə Qədim İrəvani: 200 illik sənət salnaməsi” sərgisinin açılış mərasimi baş tutub.

Tədbirin açılış mərasimində Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərov, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, Gürcüstan Milli Muzeyinin direktor müavini Mixeil Sereteli, AMİM-nin Elmi-tədqiqat şöbəsinin müdiri Telman İbrahimov çıxış ediblər. Çıxışlarda M.Q.İrəvaninin Azərbaycan təviri sənətinin formalaşmasında oynadığı tarixi rol xüsusi qeyd edilib. Bildirilib ki, rəssamın əsərləri yaşayıb yaratdığı bölgənin mədəni yaddaşını özündə daşıyan nadir sənət nümunələrindəndir.

Mədəniyyət naziri Adil Kərimli öz çıxışında bu il ərzində keçirilən yubiley tədbirlərinin M.Q.İrəvani irsinin gələcək nəsillərə ötürülməsi və dünyaya tanıdılması baxımından önəmli olduğunu vurğulayıb.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru Telman İbrahimov müəllifələrindən biri olduğu “Mirzə Qədim İrəvani: Zamanların qovşağında” kitabı haqqında tədbir iştirakçılarına geniş məlumat verərək nəşrin Azərbaycan təsviri sənəti və sənətşünaslıq elmi üçün daşıdığı vacib əhəmiyyətdən danışıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyi tərəfindən nəşr olunmuş “Mirzə Qədim İrəvani: Zamanların qovşağında” kitabında rəssamın həyat və yaradıcılığı geniş tədqiqat obyektinə çevrilib. Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Şirin Məlikovanın rəhbərliyi ilə ərsəyə gəlmiş kitabda M.Q. İrəvaninin Azərbaycan təsviri sənəti tarixindəki müstəsna rolu xüsusi vurğulanır, onun bioqrafiyası ilə bağlı daha dəqiq və elmi əsaslandırılmış məlumatlar təqdim olunur. Nəşrdə rəssamın Azərbaycan, Gürcüstan və Rusiya muzeylərində saxlanılan əsərləri hərtərəfli şəkildə təhlil edilir, bir sıra əsərlərin yeni atribusiyası aparılır, həmçinin indiyədək çap olunmamış sənət nümunələrinə yer verilir. Kitabın diqqət çəkən məqamlarından biri M.Q. İrəvaninin doğulub boya-başa çatdığı XIX əsr İrəvan şəhərinin tarixi və mədəni mühitini əks etdirən sənət nümunələrinin kolleksiya materialları əsasında kitaba daxil edilməsidir. Kitab zəngin illüstrativ materiala malikdir. Nəşrə həmçinin XIX əsr İrəvanına aid arxiv fotoları daxil edilib.

Açılış mərasiminin rəsmi hissəsindən sonra qonaqlar sərgi ilə tanış olublar.

  • Növ :

    Sərgilər
  • Vaxt :

    4 Dekabr 2025 - 31 Yanvar 2026

event gallery