Oktyabrın 14-də Azərbaycan Milli İncəsənət Muzeyində Meksikanın Dieqo Rivera Anauakali Muzeyinin “Dieqo Rivera: Daha yaxşı gələcəyin vədi” sərgisinin açılışı baş tutub.
Oktyabrın 14-də Azərbaycan Milli İncəsənət Muzeyində Meksikanın Dieqo Rivera Anauakali Muzeyinin “Dieqo Rivera: Daha yaxşı gələcəyin vədi” sərgisinin açılışı baş tutub.
Açılış mərasimində Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova, Meksikanın Azərbaycandakı səfiri Viktoriya Romero, sənətşünaslıq üzrə fəlsəfə doktoru Telman İbrahimov və Meksikanın Dieqo Rivera Anauakali Muzeyinin direktoru Teresa Moya çıxış edərək sərginin əhəmiyyətindən danışıblar. Onlar Dieqo Rivera yaradıcılığının bəşəri dəyərləri əks etdirdiyini və Meksikanın mədəni irsinin ayrılmaz hissəsi olduğunu vurğulayıblar. Çıxışlarda sərginin Azərbaycan və Meksika arasında mədəni əlaqələrin möhkəmlənməsinə töhfə verdiyi bildirilib və təşkilatçılara minnətdarlıq ifadə olunub.
Sərgi Meksikanın Azərbaycandakı Səfirliyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Anauakali Muzeyi və Muzeyin birgə təşkilatçılığı ilə keçirilir. Burada dünyaca məşhur rəssam Dieqo Riveranın (1886–1957) yaradıcılığını əks etdirən 100-ə yaxın fotoqrafik reproduksiya – divar rəsmləri, eskizlər və arxiv materialları nümayiş olunur.
Sərginin ekspozisiyası beş əsas tematik bölmədən ibarətdir. Burada rəssamın incəsənət haqqında düşüncələri, muralist hərəkatındakı mövqeyi, rəssamlıq və memarlığın sintezi və inqilabdan sonrakı Meksikada incəsənətin ictimai rolu izlənilir. Həmçinin, sərgidə “Yaradılış” (1922), “İki yol ayrıcında qalan insan”(1933-1934) “İnsan, kainatın idarəçisi”(1934) kimi monumental əsərlərin reproduksiyaları da təqdim edilir.
Sərginin mərkəzi hissəsi rəssamın təşəbbüsü ilə yaradılan və zəngin kolleksiyasının qorunduğu Anauakali Muzeyinə həsr olunub. Mexikoda yerləşən bu muzey qədim irs və gələcəyi birləşdirən simvolik məkandır.
“Dieqo Rivera: Daha yaxşı gələcəyin vədi” sərgisi 31 dekabr 2025-ci ilədək ziyarətçilər üçün açıq olacaq.
Növ :
SərgilərVaxt :
15 Oktyabr 2025 - 31 Dekabr 2025event gallery