On September 24, the National Art Museum of the Republic of Belarus hosted the opening of the exhibition “Sattar Bahlulzade – Creator of Invisible Worlds”, featuring works from the collection of the Azerbaijan National Museum of Art.

Sentyabrın 24-də Belarus Respublikası Milli İncəsənət Muzeyində Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasına aid əsərlərdən ibarət “Səttar Bəhlulzadə – görünməyən aləmlərin yaradıcısı” sərgisinin açılışı olub.

XX əsr Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, müasir mənzərə rəngkarlığının dahi ustası Səttar Bəhlulzadənin yaradıcılığına həsr olunmuş sərgi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Belarus Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Milli İncəsənət Muzeyi və Belarus Respublikası Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə həyata keçirilir.

Açılış mərasimində Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova və Belarus Respublikası Milli İncəsənət Muzeyinin direktoru Anna Kononova çıxış ediblər.

Çıxışlarda Səttar Bəhlulzadənin Azərbaycan rəngkarlığının inkişafındakı əvəzsiz rolu vurğulanıb. Sərginin Azərbaycan və Belarus Respublikaları arasında mədəni əlaqələrin inkişafına, xalqlar arasında dostluq münasibətlərinin güclənməsinə töhfə verdiyini qeyd edilib.

“Səttar Bəhlulzadə – görünməyən aləmlərin yaradıcısı” sərgisi tamaşaçılara dahi rəssamın Azərbaycan təsviri sənətindəki misilsiz yerini, yaradıcılıq fəlsəfəsini və unikal bədii üslubunu dolğun şəkildə təqdim edib.

Qeyd edək ki, ekspozisiyada rəssamın vətən təbiətinin gözəlliklərini əks etdirən 30-dək rəngkarlıq və qrafika əsəri nümayiş olunur. Burada rəssamın “Torpağın arzusu”, “Xəzər gözəli”, “Kəpəzin göz yaşları”, “Gülüstan” kimi poetik-fəlsəfi səciyyəli, simvolik mənalı əsərləri ilə yanaşı, təbiətin rəng harmoniyasını incəliklə əks etdirən mənzərələri də yer alır.

Sərginin açılış mərasimində Azərbaycanın “Sarı gəlin” rəqs ansamblı və “Polifonika” xor kollektivi çıxış ediblər.

Sərgi 24 noyabr 2025-ci ilədək davam edəcək.

  • Növ :

    Sərgilər
  • Vaxt :

    24 Sentyabr 2025 - 24 Noyabr 2025

event gallery