İyunun 24-də Azərbaycan Milli İncəsənət Muzeyində Əməkdar rəssam, ali dərəcəli bərpaçı Natiq Səfərovun 65 illik yubileyinə həsr olunmuş “Bərpa: keçmişə ehtiram, gələcəyə miras” adlı sərgi açılıb.

İyunun 24-də Azərbaycan Milli İncəsənət Muzeyində Əməkdar rəssam, ali dərəcəli bərpaçı Natiq Səfərovun 65 illik yubileyinə həsr olunmuş “Bərpa: keçmişə ehtiram, gələcəyə miras” adlı sərgi açılıb.

Çoxsaylı ictimai və mədəniyyət xadimlərinin qatıldığı açılış mərasimində Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova, Azərbaycan Rəssamlar İttifaqının sədr müavini, Xalq rəssamı Ağaəli İbrahimov, Xalq rəssamı Salhab Məmmədov, AMİM-nin Elmi- tədqiqat şöbəsinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Telman İbrahimov, Bakı şəhəri Ali Mələk Mikayıl kilsəsinin baş keşişi Mifodi Ata, Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov çıxış edərək yubiliyarı təbrik ediblər və Natiq Səfərovun bərpa sahəsindəki çoxillik fəaliyyətindən, mədəni irsə verdiyi əvəzolunmaz töhfələrdən danışıblar. Tədbirdə Natiq Səfərova Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilovun təbrik məktubu təqdim edilib. Sonda çıxış edən Əməkdar rəssam Natiq Səfərov yaradıcılığı haqqında səslənən fikirlərə və ümumilikdə bərpa sənətinə verilən dəyərə görə öz təşəkkürünü bildirib.

Daha sonra tədbir iştirakçıları sərgi ilə yaxından tanış olublar.

Qeyd edək ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə keçirilən sərgidə Natiq Səfərovun rəhbərliyi ilə restavrasiya olunmuş muzey kolleksiyasına aid 40-dan çox eksponat, onların bərpadan öncəki və sonrakı görüntülərinin əks etdirən foto və məlumatlar, eləcə də müəllifi olduğu rəngkarlıq əsərləri yer alıb.

XVII–XIX əsrlərə məxsus ikonalar, V.Serovun “Baronessa N.A. Meyendorfun portreti” və rəqəmsal animasiyası, T. Tağıyevin uzun müddət sərgilənməyən “Koroğlu” triptixi, Azərbaycan avanqardının tanınmış siması Tofiq Cavadovun tabloları, eləcə də öz ecazkarlığı ilə seçilən Azərbaycan xalçaları, Meysen çiniləri, Türkiyə incəsənətinə aid unikal sənət nümunələri sərginin maraqlı əsərləri sırasındadır.

Sərgi 25 sentyabr 2025-ci ilədək ziyarətçilər üçün açıq olacaq.

  • Növ :

    Sərgilər
  • Vaxt :

    25 İyun 2025 - 25 Sentyabr 2025

event gallery