Mayın 30-da Ankara Rəsm və Heykəl Muzeyində Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasına aid əsərlərdən ibarət “Mədəni yaddaşımızda Qərbi Azərbaycan” sərgisinin açılışı olub. Görkəmli rəssam, milli təsviri sənətdə realist rəngkarlığın banisi Mirzə Qədim İrəvaninin (1825-1875) 200 illik yubileyinə həsr olunmuş sərgi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Ankaradakı Azərbaycan Mədəniyyət Mərkəzi, Azərbaycan Milli İncəsənət Muzeyi və Ankara Rəsm və Heykəl Muzeyinin birgə təşkilatçılığı ilə keçirilir.

Mayın 30-da Ankara Rəsm və Heykəl Muzeyində Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasına aid əsərlərdən ibarət “Mədəni yaddaşımızda Qərbi Azərbaycan” sərgisinin açılışı olub. Görkəmli rəssam, milli təsviri sənətdə realist rəngkarlığın banisi Mirzə Qədim İrəvaninin (1825-1875) 200 illik yubileyinə həsr olunmuş sərgi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Ankaradakı Azərbaycan Mədəniyyət Mərkəzi, Azərbaycan Milli İncəsənət Muzeyi və Ankara Rəsm və Heykəl Muzeyinin birgə təşkilatçılığı ilə keçirilir. Sərginin açılış mərasiminə Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Səadət Yusifovanın rəhbərliyi ilə nümayəndə heyəti, Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, TÜRKSOY-un təmsilçiləri qatılılıblar.

Tədbirdə Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Səadət Yusifova, Türkiyə Respublikası mədəniyyət və turizm nazirinin müavini Serdar Çam çıxış ediblər. Onlar Mirzə Qədim İrəvaninin Azərbaycan təsviri sənətinin inkişafındakı mühüm rolundan danışaraq, tarixi yaddaşın, mədəni dəyərlərin təbliği baxımından belə sərgilərin davamlı olmasının vacibliyi vurğulayıblar. Daha sonra açılış lenti kəsilib və sərgi ziyarətçilərə təqdim olunub. AMİM-nin direktoru Şirin Məlikova sərgi haqqında qonaqlara geniş məlumat verib.

Qeyd edək ki, sərgidə Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından 40-dək unikal sənət əsəri nümayiş olunur. Ekspozisiyada İrəvanda yaşayıb-yaratmış Mirzə Qədim İrəvaninin qrafik portretləri, vaxtilə İrəvan Sərdar sarayını bəzəmiş divar pannolarının surətləri nümayiş etdirilir. Konsepsiyaya uyğun olaraq sarayın füsunkar interyeri də süni intellekt vasitəsilə canlandırılıb.

Bununla yanaşı sərgidə rəssamlar İ.Zankovski və N.Qruşevin İrəvanın təsvir olunduğu əsərləri, görkəmli rəssam Bəhruz Kəngərlinin “Qaçqınlar” silsiləsi, Xalq rəssamı Hüseyn Əliyevin portretləri, eləcə də İrəvanın kübar saray mühitini əks etdirən dekorativ-tətbiqi sənət nümunələri yer alır.

Açılış mərasimində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin sifarişi ilə“Yaradıcı Azərbaycan” layihəsi çərçivəsində Mirzə Qədim İrəvaninin 200 illik yubileyi münasibətilə çəkilmiş “Cənnət yuxusu” bədii-sənədli filmi nümayiş olunub.

Qeyd edək ki, bu sərgi ilə ilk dəfə Türkiyədə Mirzə Qədim İrəvani irsi, Qərbi Azərbaycan təsviri və dekorativ-tətbiqi sənəti geniş formatda təqdim edilir.
Sərgi 18 iyul 2025-ci il tarixinədək ziyarətçilər üçün açıq olacaq.

  • Növ :

    Sərgilər
  • Vaxt :

    None - None

event gallery