Mayın 19-da Azərbaycan Milli İncəsənət Muzeyində Belarus Respublikasının “Nesvij” Milli Tarix-Mədəniyyət Muzey-Qoruğunun “Nesvij–dünya mədəniyyətinin irsi” adlı sərgisinin açılışı baş tutub.

Mayın 19-da Azərbaycan Milli İncəsənət Muzeyində Belarus Respublikasının “Nesvij” Milli Tarix-Mədəniyyət Muzey-Qoruğunun “Nesvij–dünya mədəniyyətinin irsi” adlı sərgisinin açılışı baş tutub. Tədbir iştirakçılarını salamlayan Azərbaycan Milli İncəsənət Muzeyinin Elmi-tədqiqat üzrə direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytən Əhmədova Azərbaycan və Belarus respublikalarının mədəniyyət nazirliklərinin dəstəyi ilə həyata keçirilən sərgi haqqında geniş məlumat verib və bu mədəni hadisənin iki ölkə arasında mövcud əlaqələrin inkişafına növbəti töhfə olduğunu vurğulayıb.

Açılış mərasimində çıxış edən Belarus Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Dmitri Pineviç, Nesvij Muzey-Qoruğunun direktor müavini Nataliya Jerko sərgi vasitəsilə məşhur Radzivillərin iqamətgahı kimi fəaliyyət göstərmiş möhtəşəm Nesvij qəsrinin Azərbaycan tamaşaçısına təqdim olunmasından məmnunluq duyduqlarını ifadə ediblər. Daha sonra mərasim iştirakçıları UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş unikal memarlıq abidəsinin görüntülərinin əksini tapdığı videoçarx izləyiblər.

İntibah gözəlliyinin, barokko dinamikasının və klassisizm nizamının mükəmməl vəhdətini yaşadan Nesvij qəsri və onun təxminən əlli muzey zalı qədim və müasir Belarus mədəniyyətinin nailiyyətlərini nümayiş etdirən xüsusi məkandır. Qeyd edək ki, 23 planşetin yer aldığı ekspozisiyada muzey-qoruğun yerləşdiyi XVI-XVIII əsrlərə aid Nesvij qəsrinin eksteryer və interyer təsvirləri, həmçinin ekspozisiya zallarının fotoları nümayiş etdirilir.

Muzey-qoruğun əməkdaşlarının orta əsr ab-havasını canlandıran geyimlərdə apardıqları tematik ekskursiya sərgini qonaqlar üçün xüsusilə yaddaqalan edib.

Sərgi 15 iyun 2025-ci il tarixinədək ziyarətçilər üçün açıq olacaq.

  • Növ :

    Sərgilər
  • Vaxt :

    19 May 2025 - 15 İyun 2025

event gallery