Dekabrın 6-da Azərbaycan Milli İncəsənət Muzeyində Xalq rəssamı, milli heykəltəraşlıq məktəbinin görkəmli nümayəndəsi Mirəli Mirqasımovun 100 illik yubileyinə həsr olunmuş “Mirəli Mirqasımov: daşın poetikası” adlı xatirə gecəsi keçirilib.
Dekabrın 6-da Azərbaycan Milli İncəsənət Muzeyində Xalq rəssamı, milli heykəltəraşlıq məktəbinin görkəmli nümayəndəsi Mirəli Mirqasımovun 100 illik yubileyinə həsr olunmuş “Mirəli Mirqasımov: daşın poetikası” adlı xatirə gecəsi keçirilib. Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova qonaqları salamlayaraq Mirəli Mirqasımovun yarım əsrdən çox davam etmiş sənət yolu ərzində yaratdığı dəzgah və monumental heykəltəraşlıq abidələrinin təsviri incəsənətimizə verilən qiymətli töhfələr olduğunu vurğulayıb. Xalq rəssamı, akademik Ömər Eldarov öz yaxın dostu ilə bağlı səmimi xatirələrini, tələbəlik illərində yaşadıqları maraqlı hadisələri dinləyicilərlə bölüşüb. Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Natiq Əliyev, Xalq rəssamı, professor Fuad Salayev, Əməkdar mədəniyyət işçisi Lalə Eldarova öz çıxışlarında Mirəli Mirqasımov yaradıcılığının yüksək bədii məziyyətlərindən danışaraq yaşadığı fiziki məhdudiyyətə rəğmən əzmi, iradəsi, sənət eşqi ilə hər kəsi heyrətə saldığını qeyd ediblər. Mirəli Mirqasımovun qardaşı, tanınmış kinorejissor, Xalq artisti Oqtay Mirqasımov və həyat yoldaşı Nailə Mirqasımova sənətkarın ömür yolunun canlı şahidləri kimi onun yaxın ətrafına bəlli olan maraqlı həyat məqamlarını iştirakçılarla paylaşıblar, ailə üzləri adından belə səmimi gecənin təşkilinə görə Azərbaycan Milli İncəsənət Muzeyinə təşəkkürlərini bildiriblər.
Daha sonra Azərbaycan Televiziyası tərəfindən 2008- ci ildə lentə alınmış “Heykəlləşən ömür” adlı veriliş nümayiş olunub. Tədbirdə, həmçinin Mirəli Mirqasımovın Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasına aid 4 heykəltəraşlıq əsəri – tanınmış rəssam, Azərbaycan teatr-dekorasiya sənətinin yaradıcılarından biri Rüstəm Mustafayevin qız övladını əks etdirən “Qız büstü”, SSRİ Xalq artisti Vladimir Abramoviç Etuşun həyat yoldaşı Nina Aleksandrovna Kraynovaya həsr edilmiş “Tələbə qızın portreti”, “Qız göyərçin ilə”, "Neftçi Qurban"ın büstləri sərgilənib.
Qeyd edək ki, təqdim edilən əsərlər ilin sonunadək muzeydə nümayiş olunacaq.
Növ :
TədbirlərVaxt :
6 Dekabr 2024 - 6 Dekabr 2024