“Çin İncəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından”
Cümə | 26 May, 2023
29 mart 2023-cü il tarixində Azərbaycan Milli İncəsənət Muzeyində Azərbaycan Milli İncəsənət Muzeyinin, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə “Çin İncəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” sərgisinin açılış mərasimi keçiriləcəkdir.
Sərginin kuratoru və ideya müəllifi Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, professor Çingiz Fərzəliyevdir. O, sərginin konsepsiyasını nümayiş olunan eksponatların Çin ailəsinin ənənəvi həyatının xalis əşyaları qismində göründüyü, “muzeyin sərgi salonlarında ənənəvi Çin evi ab-havasının yaradılması” kimi xarakterizə etmişdir.
Sərginin təşkilatçıları ziyarətçilərə Azərbaycan Milli İncəsənət Muzeyində təqdim olunan Çin incəsənətinin zəngin kolleksiyası ilə tanış olmaq üçün unikal imkan yaradacaqlar. Dualistik varlıq konsepsiyasına əsaslanan xüsusi dünyagörüşün formalaşdığı Çin mədəniyyəti haqlı olaraq bəşəriyyətin ən qədim mədəniyyətlərindən biri hesab olunur.
“Çin incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından ” sərgisi təkcə tarixi eksponatlar toplusu deyil, həm də ziyarətçilərin Çin xalqının mədəniyyəti və adət-ənənələri ilə yaxından tanış olması üçün bir fürsətdir. Hər bir sərgi salonu qədim tanrıların və müdriklərin heykəlcikləri ilə bəzədilmiş Çin ailəsinin qonaq otağının interyerini canlandırır, Çin mənzərələri olan toxuculuq məhsulları, xəttatlıq panelləri, qapalı bitkilər, çini vazalar, oyma taxta mebellər, divarlardakı rəsmlər və qrafik əsərlər… bütün bunlar Çin fəlsəfəsinə uyğun olaraq, semantik yük daşıyır və evdə sülh və əmin-amanlıq kimi simvolizə edilir.
Çin incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” sərgisi təkcə Çin mədəniyyəti və incəsənətini sevənlər üçün deyil, həmçinin, Çinin mədəni irsi və tarixi haqqında daha geniş məlumat əldə etmək istəyən hər kəs üçün maraqlıdır.Layihənin koordinatoru Könül Rəfiyevadır.
“Çin İncəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” sərgisi Azərbaycan Milli İncəsənət Muzeyinin 2016-cı ildən başlanmış genişmiqyaslı layihəsinin multikultural sərgilər silsiləsi çərçivəsində davam edir.
Əlaqədə qalın
Kolleksiyalar, sərgilər, fəaliyyətlər və digər mövzular haqda xəbərləri əldə edin.