Azərbaycan Milli İncəsənət Muzeyinin kitabxanasının yaranma tarixi

Cümə axşamı | 16 Fevral, 2023

Azərbaycan Milli İncəsənət Muzeyinin tərkibində fəaliyət göstərən şöbələr, onun özü kimi zamanın süzgəcindən keçərək bu günümüzə gəlib çıxmışlar. Bu şöbələrin yaradılmasında bir çox görkəmli şəxsiyyətlər və incəsənət fədailəri öz töhfələrini verərək müasir, bugünkü əzəmətli duruma gəlməsinə rəvac vermişlər. Onların sırasında zəngin ədəbiyyatın, maraqlı məlumatların toplandığı qiymətli kitabxana da fəaliyyət göstərir. Burada toplanmış elmi arxiv sənədlərindən kitab fondunun muzeyin ilk pionerlərindən olduğu bəlli olur.

1936-cı ildə Xalq Komissarları Soveti tərəfindən imzalanmış sərəncama əsasən Azərbaycan Dövlət İncəsənət Muzeyinin yaradılması qərara alınmışdır. Muzey ilk vaxtlar Hacı Zeynalabdin Tağıyevin malikanəsi, indiki Milli Azərbaycan Tarixi Muzeyinin binasında yerləşirdi. 1937-ci ildən onun rəsmi açılışı baş tutmuşdur. Arxiv sənədlərində muzeyin kitabxanasının adı ilk dəfə 22 fevral 1937-ci ildəki daxili əmrlər kitabında öz əksini tapır. Buradan bəlli olur ki, “İncəsənət” şöbəsinin Azərbaycan Dövlət Muzeyindən ayrılması ilə əlaqədar olaraq kitabxananın qəbulu üzrə komissiya yaradılır. Komissiyanın tərkibinə tanınmış rəssamlardan Əzim Əzimzadə, İsmayıl Axundov, heykəltəraş Pinxos Vladimiroviç Sabsayın daxil olduğu qeyd olunur.

Hal-hazırda muzeyin kitabxanasında Azərbaycan təsviri incəsənətində satirik janrın və kitab qrafikasının əsasını qoymuş görkəmli fırça ustası Ə. Əzimzadənin yaradıcılığını əks etdirən bir çox kataloq, buklet və kitablar yer alır. Bunlar içərisində tanınmış Azərbaycan sənətşünaslarından Mürsəl Nəcəfovun müəllifi olduğu “ Xalq rəssamı Əzim Əzimzadə” adlı kitabı xüsusi qeyd etmək olar. Çünki bu kitabda Ə. Əzimzadənin həyat və yaradıcılığı müfəssəl şəkildə təfsir olunmuşdur.

Sabsay Pinxos (Pyotr) Vladimiroviçin isə özü Ukraynanın Odessa şəhərində anadan olsa da həyat və yaradıcılığının çox hissəsini Azərbaycana həsr etmişdir. O, Azərbaycan SSR Xalq rəssamı və sovet heykəltəraşı kimi incəsənətə öz töhfələrini vermişdir.  Muzeyin kitabxanasında Sabsay haqqında kitab, albom və kataloqlar mövcuddur ki, tanınmış heykəltəraş – rəssam haqqında ətraflı məlumatları özündə toplamışdır.

Təsviri sənətimizin zənginləşməsində yaddaqalan töhfələr bəxş etmiş  İsmayıl Axundov əsasən kitab qrafikası və illüstrasiyaları ilə məşhurdur. Yaradıcılığının ikinci dövründə isə Azərbaycanın məşhur teatr və kino rejissoru və aktyoru, SSR  Xalq artisti, bir zamanlar “Azərbaycanfilm” kinostudiyasının direktoru olan Ədil İsgəndərovun  dəvətilə Azərbaycan teatrlarında quruluşçu rəssam kimi çalışmağa başlayır, elə ilk addımlarının uğurlu olduğu üçün bu fəaliyyəti davam etdirərək səhnə əsərlərinə xüsusi canlılıq verib, teatrlarımızın çiçəklənməsində böyük xidmətlər göstərir.

Bu sənət məbədində daim Azərbaycan və dünya incəsənətinə, görkəmli rəssamların yaradıcılığına həsr olunmuş sərgilər keçirilir. Muzeydə keçirilən sərgilərin hər birinin kataloqları kitabxanada mövcuddur. Hətta burada xarici və yerli rəssamların, heykəltəraşların və digər sənətkarların əsərlərinin əks olunduğu nəşrlərin toplandığı  “Kataloqlar” bölümü vardır. 

Azərbaycan Milli İncəsənət Muzeyinin iki tarixi tikilidə - “De Burun sarayı” “Mariinski Qadın Gimnaziyası”nın binalarında yerləşir. Elə muzeyin kitabxanası da əvvəllər gimnaziya üçün inşa olunmuş binalarda yerləşir. Hal-hazırda kitabxanada ümumilikdə 10000-dək  kitab, kataloq və dövrü jurnallar vardır. Nəinki təsviri incəsənət, ümumiyyətlə burada bütün incəsənət növlərinə  aid yeni və qədim dövrü əhatə edən kitabları görmək olar. Bu kitabların hər biri ayrı-ayrılıqda inventarlaşdırılıb və məxsus olduğu incəsənətin növünə görə kitab rəflərinə düzülmüşdür. Bunlar: “Dekorativ-tətbiqi sənət”, “Azərbaycan boyakarlığı”, “Qrafika”,  “Azərbaycan qadın rəssamları”, “Dünya muzeyləri”, “Yerli muzeylər”, “Xalçaçılıq”, “Nəzəriyyə”,  “Memarlıq”, Qərb incəsənəti”, “Şərq incəsənəti”, “Fransa incəsənəti”, “İtaliya incəsənəti”, “Yunan incəsənəti”, musiqi və kino bölmələrinə ayrılmışdır. Muzeyin kitabxanasının digər kitabxanalardan fərqlənməsinin başlıca səbəbi isə onun “Nadir kitablar” bölməsi adlanan qədim dövr incəsənət nümunələri ilə bağlı kitabların yerləşdiyi ayrıca fondunun olmasıdır. Hal-hazırda muzeyin kitabxanasında 600-dən çox nadir kitab qorunub saxlanılmaqdadır. Bu kitabların hər biri bəşər incəsənətinin tərəqqisinə  işıq tutur və ölkələrin incəsənət mərhələlərini əks etdirir, incəsənətin necə yaranması, inkişaf  mərhələləri  haqqında aydın  fikir formalaşdırır.  

Bu kitablardan ən uzaq tarixdə çap olunanı 1822-ci il nəşri olan Bernard de Montfaucon “L`antiquite Expliquée et represéntée en figure” (Fransızca – “Antik dövr rəqəmlərlə açıqlayır və təmsil edir”) kitabıdır. Bu kitabın kitabxanamızda 5 cildi mövcuddur. Hər cild isə 2 hissəyə ayrılaraq 10 ayrı kitabda toplanmışdır.  Kitabda adından da göründüyü kimi antik dövr ölkələrinin dini inancları, mədəniyyəti və incəsənəti haqqında geniş tarixi faktlarla məlumat verilir.  Kitabda, hətta Antik Yunan Roma və Misir mədəniyyətinə uyğun olaraq müxtəlif maraqlı  illüstrasiyalar da verilmişdir. Muzeyin kitabxanasında digər nadir yazı nümunələri də vardır ki, dünya incəsənəti və tarixindən müfəssəl, dolğun məlumatlar verir. 

Kitabxana şöbəsi öz fəaliyyətini yalnız daxili tədbirlərin keçirilməsində deyil, beynəlxalq əhəmiyyətli tədbirlərdə iştirakı ilə də göstərir. Ən son tədbirlər içərisində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Nizami Gəncəvi ili münasibətilə 2021-ci il 6-10 oktyabr tarixlərində “Baku International Book Fair” beynəlxalq kitab sərgisində layiqincə təmsil olunaraq sertifikat qazanmasını qeyd etmək olar.  Bu tədbirin, xüsusilə ələmətdar olmasının əsas səbəbi isə Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, professor Çingiz Fərzəliyevin “Vərqa və Gülşa” kitabının ilk dəfə burada təqdimatının keçirilməsi oldu. Kitab Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə nəşr edilib. Bu nəşr nümunəsi Məsihinin “Vərqa və Gülşa” poeması əsasında Azərbaycan miniatür məktəbinin nümayəndəsi Əbdülmömin Məhəmməd əl-Xoyinin çəkdiyi və hal-hazırda Topqapı Sarayı Muzeyində qorunan 71 miniatürü əsasında hazırlanıb. Əsərdə olan hadisələr, səhnələr animasiya filmini xatırladacaq tərzdə, izahlı şəkildə öz əksini tapmışdır. Onu da vurğulamaq yerinə düşər ki, Əməkdar incəsənət xadimi, professor Çingiz Fərzəliyevin bu ilk və sonuncu kitabı deyil.  Natürmort haqqında hər şey" (2004), "Portret haqqında hər şey" (2005), "Mənzərə haqqında hər şey", (2006),  "Azərbaycan Rəngkarlığı. Antologiya"(2007), "Azərbaycan Dövlət İncəsənət Muzeyi" (2010), "Azərbaycan el sənəti" (2013) və XX əsr Azərbaycanın təsviri sənətində tanınan 45 görkəmli incəsənət xadiminin yaradıcılığını əks etdirən "Sərvət" silsiləsindən 36 kitabı (2014) da bu sıraya daxil etmək olar. Onlar Azərbaycan Milli İncəsənət Muzeyinin kitabxanasına daxildir, muzeyin işçilərinin və müraciət edən bütün oxucuların istifadəsinə verilir.

Beləliklə, bu yazıda Azərbaycan Milli İncəsənət Muzeyinin  kitabxanasının yaranma tarixindən və bugünkü günümüzdə olan inkişafından danışıldı. İstedadlı, ziyalı insanların burada çalışması və müstəqil dövlətimizin apardığı siyasət, mədəni irsə göstərdiyi qayğı nəticəsində Azərbaycan Milli İncəsənət Muzeyi dünya standartlarına tam cavab verən bir muzeyə çevrilmişdir.

 

Azərbaycan Milli İncəsənət Muzeyinin Kitabxana müdiri Tacəddin İmanov

Əlaqədə qalın

Kolleksiyalar, sərgilər, fəaliyyətlər və digər mövzular haqda xəbərləri əldə edin.