"Bir eşq hekayəsi"...

Çərşənbə | 02 Noyabr, 2022

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı Milli İncəsənət Muzeyi məktəb bölməsi müdiri, sənətşünas  Mənsurə Məmmədəliyevadır. Onunla Françesko Solimenanın "Oriteyanın oğurlanması" əsəri haqqında danışmışıq.

***

- Mənsurə xanım, əsərə keçmədən öncə rəssam haqqında qısa məlumat verə bilərsinizmi?

- Françesko Solimena Neapol rəssamlıq məktəbi və son barokko dövrünün parlaq nümayəndəsidir. Rəssam Anjelo Solimenanın ailəsində dünyaya göz açan Françesko sənətin ilkin sirrlərini də elə atasından öyrənib. Lakin onun bir rəssam kimi yetişməsində təşəkkülündə neapollu rəssam Luki Cordanonun əvəzsiz xidmətləri olub. Müəllimindən barokko və karavaccizmin sirlərini mənimsəyən rəssam, zamanla öz təkrarsız dəst-xəttini formalaşdırib. Rəssam çoxsaylı mifoloji və dini mövzulu əsərlərin müəllifidir.

"Oritiyanın oğurlanması" əsəri Solimena yaradıcılığının yetkin dövründə - 1727-ci ildə ərsəyə gətirdiyi şah əsərlərindən biridir. Tablonun süjeti Qədim Roma şairi Publi Ovidi Nazonun yunan və roma mifologiyasına əsaslanaraq qələmə aldığı "Metamorfoz" əsərindən iqtibas edilib.

- Deməli, əsərin hekayəsi var.

- Bəli, əsərin mövzusu Afina çarı Erexteyin qızı Oritiya ilə şimal küləyi tanrısı Boreyin enişli-yoxuşlu eşq hekayəsindən bəhs edir. Bu mifoloji süjet Annibal Karraççi, Piter Paul Rubens, Fransua Buşe kimi bir çox dünyaca məşhur rəssamları yeni əsərlər yaratmağa sövq edib.

Yunan mifologiyasında fırtınalarla dolu şimal küləyi tanrısı Borey ulduzlu səma tanrısı Astrea və şəfəq ilahəsi Eosun oğlu, gözəllər gözəli Oritiya isə Afina çarı Erexteyin qızı idi. Süjetə görə öz gözəlliyi ilə Oritiya külək tanrısı Boreyi özünə məftun edir. Bir könüldən min könülə aşiq olan Borey eşqini məşuquna etiraf edir. Lakin külək tanrısının vahiməli qanadlarından ürkən Oritiya onun məhəbbətini rədd edir, hər vəcdlə ondan gizlənirdi. Ah, qarşılıqsız sevgi nə qədər də acıdır. Hiddətlənən külək tanrısının səbri tükənir və güc tətbiq etmək qərarı alır.

Qızmar yaz günlərinin birində İlis çayının sahilində əkinçilik və bərəkət tanrısı Demetranın şərəfinə Tesmoforiya qadın şənliyi keçirilirdi. Anası Praksifeya ilə birlikdə şənlikdə iştirak edən Oritiya olacaqlardan bixəbər rəqs edir, əylənirdi. Qəti qərarlı Borey nəhəng qanadları ilə yerə enir. Sanki bir anda cahan toz dumana bürünür, üfüq siyaha boyanır, torpaq lərzəyə gəlir. Və nəhayət, Borey Oritiyanı ağuşuna alaraq şaxə qalxır, küləklərin müşayiəti ilə özünün Akropuldakı Polieya məbədinə sovrularaq gözdən itir. Françesko Solimena da öz interpretasiyasında süjetin kuliminasiya nöqtəsini - Boreyin Oriteyanı qanadları arasında alaraq şaxə qalxdığı anı əbədiləşdirib.

- Əsərin kompozisiyası barədə nə deyə bilərsiniz?

- Tablonu laqeyd nəzərlərlə izləmək qeyri-mümkündür. Onun seyrinə daldığımız zaman fərqli bir aləmə qərq oluruq. Tabloda barokko kanonlarının bütün müddəalarının şahidi oluruq. Assimmetrik kompozisiya həllindən koloritinə qədər hər şey barokkosayağıdır. Əsər ilk öncə monumentallığı və dinamizmi ilə bizim diqqətimizi çəkir. Tünd rəng qamması fonunda verilən siyah buludlar, səmaya ucalan yarımqaranlıq sütunlar tabloya həşəmət qazandırır. Çoxfiqurlu dioqanal kompozisiya həllinə müraciət edən rəssam baş qəhrəmanları mərkəzdə deyil, sola meylli istiqamətdə yerləşdirib. Əsas fiqurlar arasındakı hiss ziddiyyətinin kontrastla verilməsi eşq və nifrətin bədii şərhidir. Rəssam nimfanın qüsursuz vücudunu mərmər tək soyuq və bəyaz, güc-qüvvət simvolu olan külək tanrısının bədənini isə daha isti tonlarda, antik yunan tanrılarına xas ilahi vücudla təfsir edib. Oritiya çöhrəsini yana çevirərək sanki fəryad edir, müqavimət göstərərək qaçmağa çalışır. Fəqət aşiqinə bərk sarılan məşuq tutduğu işdən arxayınlıqla zirvəyə doğru yol alır.

Köməkçi personajların mürəkkəb rakurslarda yerləşdirilməsi, həcmli bədən həlləri, uçuşan geyimlərin kəskin drapirovkalarının dəqiqliklə çatdırılması, işıq-kölgə oyunları böyük peşəkarlıqla işlənib. Rəssam məharətlə obrazların çöhrəsində heyrət, qorxu və vəhşət hisslərini ötürməyə nail olub. Rəssam məkanı doldurmaq və daha da zənginləşdirmək üçün əsərə çoxsaylı kiçik amurlar əlavə edib. Tablonun yuxarı sağ küncündə çiynində sevgi və nifrət oxları gəzdirən eşq mələyi Kupidonun təsviri süjetin necə sonlanacağına işarə edir. Oritiya doğru tuşlanmış ox onun qəlbini eşqlə çırpındırır. Hekayə xoşbəxt sonluqla bitir. Oritiya Boreyə aşiq olur. Bu izdivacdan Oritiya atası kimi qanadlı Zeta və Kalaida adlı iki oğul, Xiona və Kleopatra adlı qız övladı dünyaya gətirir.

Sənət yolunda Mikelancelo Merisi de Karavacconu özünə ustad bilən, ona pərəstiş edən Françeskonun bu tablosunda da karavaccizm təsiri duyulur. Sənətkar məhz tenebrizmin köməyi ilə drammatizmi, teatrallığı artıraraq süjeti daha da ağırlaşdıraraq gərginliyi yüksəldib.

- Əsər hazırda harada saxlanılır?

- Bu möhtəşəm əsər hazırda çoxçeşidli və zəngin kolleksiyası ilə seçilən Milli İncəsənət Muzeyində sərgilənməkdədir. Əsəri görmək və yaxından duymaq üçün muzeyin Avropa incəsənətinə həsr olunmuş, İtaliya incəsənəti zallarına baş çəkə, habelə yerli və dünya incəsənətinin nadir inciləri ilə tanış ola bilərsiniz.

- Sizcə, bu  rəsm bizə nə deyir?

- Rəsmdən bir çox mənalar çıxarmaq olar. Sevgi ilə nifrət yanaşı addımlayır. Şiddətlə nifrət etdiyimiz insan gün gəlir ən doğmamız, canımız olur. Bəzən isə tam əksi ilə qarşılaşırıq. İllərlə sevir, həyatımızın tam mərkəzində yer edirik, amma gün gəlir həyat o sevgini buz kimi soyuq bir nifrətə çevirir. İki doğma insan dünyanın ən yad varlığına çevrilir. 

 525-ci qəzet. "Bir rəsmin dedikləri" rubrikası, Aytac SAHƏD 

Əlaqədə qalın

Kolleksiyalar, sərgilər, fəaliyyətlər və digər mövzular haqda xəbərləri əldə edin.