"Qocalıqda yorğalıq"...

Çərşənbə | 02 Noyabr, 2022

 "Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı Azərbaycan Milli İncəsənət Muzeyinin Elmi-kütləvi işlər şöbəsinin müdiri Rəfiqə Quliyevadır. Rəfiqə xanımla rus rəssamı Vasili Pukiryevin "Qeyri-bərabər nikah" əsəri haqqında danışmışıq. 

- "Qeyri-bərabər nikah" əsərinin Vasili Pukiryev yaradıcılığındakı rolu haqqında nə deyə bilərsiniz?

- 1862-ci il - şöhrətin zirvəsi! Moskva Rəngkarlıq, Heykəltəraşlıq və Memarlıq Məktəbini bitirər-bitirməz Vasili Pukiryev 1863-cü ildə akademik sərgidə işıq üzü görən "Qeyri-bərabər nikah" əsəri ilə adını bütün Rusiyaya tanıdır. Akademiya Pukiryevi elə həmin ildə "xalq səhnələrini böyük məharətlə təsvirinə və dərkinə görə" professor fəxri adı ilə təltif edir. Müəyyən mənada Pukiryev müasirlərinin, sənətsevərlərin yaddaşında bir əsərin müəllifi kimi qalır. XIX əsrin ortaları - qadın hüquqsuzluğu, azadlığı buxovlanmış, cehizi olmayan qızın öz iradəsi xaricində ərə verilməsi Rusiya mühiti üçün ağrılı problem olaraq qalırdı. O dövrdə nikahların əksəriyyəti mənfəət və maddi maraqlar üzərində qurulurdu. Beləliklə, Pukiryev XIX əsrin sosial problemini tabloya köçürür. Tablo öz dövründə böyük səs-küyə səbəb olaraq müvəffəqiyyət qazanır. Pukiryevin bu şah əsəri haqqında çoxlu şayiələr və əfsanələr gəzir.

- Əsərin yaranma tarixçəsi haqqında məlumat varmı?

- Vasili Pukiryevin ehtiyac içərisində yaşayan yaxın dostu, rəssam Pyotr Şmelkov daima əsərləri üçün süjet axtarışında idi. Kübar cəmiyyətdə bəzən repetitor kimi çalışırdı. O, cəmiyyətdə baş tutan morqanatik nikahların şahidi olur və Pukiryevə əsərin ideyasını ötürür. Əlbəttə ki, bu, versiyalardan biridir.

Rus yazıçısı Vladimir Qilyarovski "Moskva və moskvalılar" memuarında yazır ki, bu tablodakı adam yaşlı, nüfuzlu məmurdur. Onun yanındakı gəlin isə Pukiryevin adaxlısıdır, qollarını çarpazlamış şafer isə Pukiryevin özüdür.

Uzun illər tablonun süjetinin rəssamın öz nakam eşq hekayəsinə əsaslandığına inanılırdı. Gənc oğlan kasıb ailədən olan qıza vurulur, elçi göndərir, lakin rədd cavabı alır. Tezliklə onu zorla yaşlı, zəngin məmura ərə verirlər. 

- Əsərdə simvolika, gizli mesajlar mühüm yer tutur. Sizcə, bu mesajlardan ən önəmlisi hansılardır?

- Əsər müəmmalarla doludur. Tabloda hər bir detala xüsusi diqqətlə yanaşmaq lazımdır. Hadisələr kilsədə cərəyan edir. Çoxfiqurlu kompozisiyanın mərkəzində keşişin indicə barmağına nişan üzüyü taxacağı qızcığaz təsvir olunub. Hətta əlindəki şamı belə qaldırmağa taqəti olmayan qızın həyatı ilə bağlı hökm verilib və o, gələcəyinin puç olacağının fərqindədir. Rəssam dramatizmi artırmaq üçün bilərəkdən bəyi olduğundan xeyli yaşlı, əldən düşmüş, gəlini isə yeniyetmə qız obrazında təsvir edib. Bu kontrast gəlinlik libasının xəfifliyi, bəyazlığı və canlılığında, bəyin isə sərt, donuq duruşunda öz əksini tapır. Bəyin boynunda II dərəcəli Vladimir xaçı ordeni, sol döşündə isə bu ordena uyğun ulduz təsvir olunub. Rəssam bu vasitə ilə qocanın nə qədər nüfuzlu şəxs olduğunu vurğulamaq istəyir. Qeyd edək ki, bu ordenlə hərbdə fərqlənənlər, yaxud da vətəndaşlıq xidmətlərinə görə seçilənlər təltif olunurdular. Gəlinin yaxalığı və çələngi bakirəlik simvolu olan narınc çiçəklə bəzədilib. Əsərə diqqətlə nəzər yetirsək, bəyin və keşişin arxasında iki qarının təsvir olunduğunu görərik. Onların başında gəlinlik çələnginin, hətta birinin əynində ağ libasın olması tamaşaçını düşündürür. Kilsədə kəbin zamanı yalnız bir qadın ağ libasda ola bilərdi. Qarıya daha yaxından baxdıqda əynindəkinin libas yox, kəfən olduğunu görürük. İkinci qarı isə keşişin arxasında təsvir olunub. Axı kilsə qanununa görə keşişdən arxada heç kəs dayana bilməzdi. Həm bu faktlar, eləcə də, digər personajlarla müqayisədə qarıların cizgilərinin qeyri-dəqiq təsvirindən belə qənaətə gəlinir ki, bu qadınlar kabusdur. Onlar bəyin - qoca məmurun keçmiş həyat yoldaşlarıdır. Rəssamın ustalıqla yaratdığı hər bir obrazın baxışı heyranedicidir. Kabus qarılar bəyə, bəy və onun dostları gəlinə baxır, gəlinin isə baxışları yerə dikilib. Qolları yaxasında çarpazlaşmış Pukiryevin yanındakı personajın baxışları tamaşaçılara yönəlib. Sanki o, baxışları ilə mühakimə edir. Bu obraz, bəzilərinin fikrinə görə, Pukiryevə əsərin ideyasını ötürən onun dostu rəssam Pyotr Şmelkovdur. Rəssam sanki əsərin var olması ilə bağlı insanları kətana köçürüb. Onlardan biri də tablonun çərçivəsinin müəllifi Qrebenskidir. Qrebenski əsərin əsas ideyasını təkrarlayaraq, çərçivə boyunca yenicə açmış tər gül və köhnəlmiş sarmaşıqları bir-birinə hörür. Deyilənə görə, əsəri satın alan Pavel Tretyakov tablonun çərçivəsini o qədər bəyənir ki, bundan sonra bütün çərçivələri Qrebenskiyə sifariş etməyə başlayır. 

- Tanınmış sənətşünas Vladimir Stasov Pukiryevin rəsmini görəndə deyir ki. nəhayət, günün mövzusuna aid müasir həyatın dərinliklərindən götürülmüş bir əsər gördüm. Lakin bilirik ki, dövrünün sənətşünasları Stasov kimi düşünmürdülər. Bu barədə nə deyə bilərsiniz?

- Bəziləri Pukiryevi sadə məişət mövzulu əsərin qəhrəmanlarını natural ölçüdə təsvir etdiyinə görə  qınayırdılar. Əslində, bu, yanlış idi. Rəssam sanki bu üsulla tamaşaçını hadisənin iştirakçısına çevirir və istəyinə nail olurdu. Deyilənə görə, məhz əsərin Moskvada sərgidə nümayişindən sonra yaşlı və imkanlı kişilər tablodakı qoca bəyin obrazında özlərini gördüklərindən onun səhvini təkrarlamaqdan imtina etməyə başlayırlar. Hətta belə bir fakt da var ki, tarixçi N.Kostomarov Pukiryevin tablosunu gördükdən sonra gənc qızla evlənmək fikrindən daşınır. Deməli, rəssamın əsəri yetəri qədər uğurlu alınıb, o, dövrünün eybəcərliyini ustalıqla tamaşaçıya ötürməyi bacarıb.

- Əsərin rəng koloriti necədir?

- Ümumilikdə tabloda tutqun, kədərli kolorit hakimdir. Rənglər əsərin ideyası ilə səsləşir. Mərasimin qeyri-təbiiliyindən isti, ancaq tünd, qəmgin rəng çalarları belə danışır. Kilsənin yuxarı küncündən süzülən işıq əsərə dramatiklik və gərginlik gətirir. Əsərin kompozisiyası klassik qanunlara uyğun olaraq qurulub.  İşıqlar altında əsas qəhrəmanlar piramida şəklində yerləşdirilib. İzləyici əsəri bu qəhrəmanların üz ifadəsindəki hiss və halətdən oxuyur.

Rəssam rəng həllinin köməyi ilə obrazların, xüsusilə də gəlin və keşişin geyiminin faktura və teksturasını tamaşaçıya ustalıqla ötürə bilib. Gəlinin yarımşəffaf duvağı, gəlinliyin zərif gipürləri, keşişin qızılı və gümüşü işləməli cübbəsi xüsusi diqqətə layiqdir.

- Sizcə, bu rəsm bizə nə deyir?

- Əsərin fəlsəfi ideyasını kənara qoysaq, müəllifin öz şedevrinin əsiri olduğunu görürük. Şöhrət rəssamı hələ yaradıcılığının başlanğıcında yaxalamışdı. O, insan həyatının həm yüksəlişi, həm də enişidir. Zirvədə qalmaq onu fəth etməkdən daha çətindir.

525-ci qəzet. "Bir rəsmin dedikləri" rubrikası, Aytac SAHƏD 

Əlaqədə qalın

Kolleksiyalar, sərgilər, fəaliyyətlər və digər mövzular haqda xəbərləri əldə edin.