Prezidentə təbrik məktubu

Cümə Axşamı | 28 Dekabr, 2021

Azərbaycan Respublikasının Prezidenti

Zati-aliləri cənab İlham Əliyevə

 

Möhtərəm Prezident,

Bu gün Azərbaycan xalqının çoxəsrlik tarixində əlamətdar bir hadisədir. Sizin anadan olmağınızın 60 illik yubileyi ümumxalq bayramıdır. Ümummilli lider, müasir Azərbaycanın memarı Heydər Əliyevin siyasi kursunun layiqli və davamlı varisi olaraq Siz ölkəmizi və xalqımızı yeni dönəmdə qarşıya çıxan bütün sınaq və maneələri qətiyyətlə və əzmlə dəf edərək uğurlu gələcəyə yönəldib aparırsınız. Coşqun fəaliyyətiniz Azərbaycan dövlət quruculuğunun bütün sahələrini əhatə edir. Respublikada aparılan nəhəng işlər, xalqımızın rifahının, iqtisadi, sosial, mədəni və mənəvi yüksəlişinə yönəldilmiş təşəbbüskar əməyiniz hamıya bəllidir.

Mədəniyyət sahəsinin təmsilçilərindən biri kimi bu sahəni heç bir zaman diqqətinizdən yayındırmadığınız üçün Sizə sonsuz minnətdarlığımı bildirmək istəyirəm. Bərpa olunan tarixi abidələrimiz, yenidən qurulan teatr və muzeylər şəbəkəsi, ölkəmizin beynəlxalq səviyyədə layiqli təqdimi - bunların hamısı gərgin zəhmətinizin nəticəsi və bəhrəsidir.

Sizin dövlətimizin bütün sahələrini əhatə edən fəaliyyətiniz biz mədəniyyət işçiləri üçün örnək olaraq yeni-yeni zirvələri fəth etməyə ruhlandırır. Rəhbərlik etdiyim Azərbaycan Milli İncəsənət Muzeyinə Sizin hər gəlişiniz mədəniyyətimizə, incəsənətimizə göstərilən diqqət və qayğının tərənnümüdür. Bu gəlişlərin hər biri kollektivimiz üçün çox əlamətdar və məsuliyyətli bir hadisə olaraq hər dəfə inkişafımızda yeni bir mərhələnin müqəddiməsidir.

Möhtərəm cənab Prezident, Siz bütün Azərbaycan xalqına, o cümlədən də mənə illər boyu həsrətində yaşadığımız Qarabağın işğaldan azad olunmasını bəxş etdiniz. Bu ömrümün ən xoşbəxt anıdır. Bütün Azərbaycan xalqını, eləcə də biz mədəniyyət və incəsənət işçilərini vahid bir amal ətrafında birləşdirmək bacarığınız və idarəçilik istedadınız onilliklər boyu intizarında yaşadığımız torpaqların azad edilməsi missiyasını gerçəkləşdirdi. Xəyalımda belə təsəvvür edə bilməyəcəyim reallaşdı və Şuşanın azad olunması həyəcanını yaşamaq mənə nəsib oldu. Milli mədəniyyətimizin incisi olan doğma Qarabağın Azərbaycana qovuşduğunu görmək, hər bir azərbaycanlı üçün müqəddəs olan bu torpaqları yenidən ziyarət etmək sevinci əbədi olaraq yaddaşımdan silinməyəcəkdir. Bunun üçün bir azərbaycanlı kimi Sizə daima minnətdaram.

Möhtərəm cənab Prezident, milli mənəvi sərvətimizin və sənətimizin “qızıl fond”unun qoruyucusu olan Azərbaycan Milli İncəsənət Muzeyinin rəhbəri kimi bütün işçi heyətimiz adından bu əlamətdar yubileyiniz münasibəti ilə Sizi ürəkdən təbrik edir, Sizə möhkəm can sağlığı, bütün başlanğıc və təşəbbüslərinizdə müvəffəqiyyətlər, Azərbaycan Respublikasının firavanlığı naminə fəaliyyətinizdə uğurlar arzu edirəm.

 

Dərin hörmət və ehtiramla,

Azərbaycan Milli İncəsənət Muzeyinin

direktoru, professor,

Çingiz Fərzəliyev

Əlaqədə qalın

Kolleksiyalar, sərgilər, fəaliyyətlər və digər mövzular haqda xəbərləri əldə edin.