Şuşa milli mədəniyyətimizin tacıdır

Cümə Axşamı | 07 Sentyabr, 2021

Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Şuşaya növbəti səfərini televiziya vasitəsilə diqqətlə izlədim. Bundan əvvəl mən bu şəhərdə böyük uğurla keçirilmiş “Xarıbülbül” musiqi festivalında iştirak etmişdim. Doğrusu, hələ də festivalın təsiri altındayam. Dövlət başçımızın həmin festivalın açılış mərasimindəki nitqi Şuşanın xoşbəxt gələcəyinə təminat idi. Bəli, cənab Prezident Şuşanın bərpası üçün qarşıya qoyulmuş bütün planların icrasına şəxsən özü nəzarət edir.

 

Biz sənət adamları Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi ilə bağlı Prezidentin sərəncamını böyük ruh yüksəkliyi ilə qarşıladıq. Şuşa, əslində, işğaldan əvvəl də milli mədəniyyətimizin beşiyi idi. Burada festivallar, poeziya günləri keçırılir, müxtəlif rəsm sərgiləri təşkil olunurdu.

Budur, Şuşa yenidən öz tarixi ənənələrini davam etdirir. Cənab Prezident və birinci xanım Mehriban Əliyeva səfər zamanı Vaqif Poeziya Günlərinin açılış mərasimində iştirak etmişlər. M.P. Vaqifin yenicə bərpa olunmuş məqbərəsi önündə çıxış edən dövlət başçımız hələ 1982-ci ildə ulu öndərlə birgə bu məqbərənin açılış mərasimində və Vaqif Poeziya Günlərində iştirak etdiyini xatırladı. Bəli, o günləri mən də xatırlayıram və bu gün sənab Prezidentin yenidən Vaqif Poeziya Günlərində iştirakı qürurverici anlar idi.

Mən rəssamam və cənab Prezidentin və Mehriban xanım Əliyevanın Heydər Əliyev Fondu tərəfindən Şuşada təşkil edilən sərgilərlə tanış oluqları anları daha diqqətlə izlədim. “Qarabağ Azərbaycan mədəniyyətinin incisidir” adlı sərginin açılış mərasimində dövlət başçımız buradakı bütün eksponatlara tamaşa etdi. Şuşa Rəsm Qalereyasında keçirilən bu sərgi bir daha göstərir ki, Qarabağ Azərbaycan incəsənətinin və mədəniyyətinin mərkəzi kimi qədim tarixə sahibdir. Ancaq işğal dövründə talan edilən muzeylərdə Azərbaycana məxsus qiymətli tarix və mədəniyyət nümunələri, məşhur Azərbaycan xalçaları və görkəmli şəxsiyyətlərimizin xatirə əşyaları, həmçinin digər dəyərli eksponatlar olub. Məhv edilən həmin xəzinələr təkcə Azərbaycanın yox, həm də dünya mədəniyyətinin nümunələri idi. Burada nümayiş etdirilən əsərlərdə əsas ilham mənbəyi Qarabağdır. Azərbaycanın tarixi diyarı olan Qarabağ uzun illər ərzində özünəməxsus atmosferi ilə fərqli nəsillərdən və cərəyanlardan olan rəssamların və heykəltəraşların dünyagörüşünə böyük təsir edib.

Sərgidə Böyükağa Mirzəzadə, Toğrul Nərimanbəyov, Maral Rəhmanzadə, Nadir Əbdürrəhmanov, Mikayıl Abdullayev, Ucal Haqverdiyev, Müseyib Əmirov və digər görkəmli rəssamlarımızın əsərləri yer alıb. Burada Qarabağın mənzərələri, ədibləri, xalçası, atı, muğamı, Vətən müharibəsində tarixi qələbəmiz və s. mövzulara geniş yer verilib. Məlumat verildi ki, altmışdan çox əsərin nümayiş olunduğu sərgidə xalq rəssamları Altay Hacıyevin “Məclisi-üns”, Səttar Bəhlulzadənin “Yuxarı Daşaltı”, Əməkdar rəssam İnna Kostinanın “Qarabağın zənginliyi”, Leyla Əliyevanın “Xarıbülbül” əsərləri, Faiq Hacıyevin “Qarabağ atı”, Orxan Nəbizadənin “Qarabağ gözəli” kimi heykəltəraşlıq nümunələri və digər əsərlər maraq doğurur.

Şuşadakı Xalçaçılıq Qalereyasında “Yenidən doğma diyarda. Qarabağın sənət inciləri” sərgisi də maraqla qarşılandı. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycan Milli Xalça Muzeyinin təqdim etdiyi sərgidə xovlu və xovsuz xalçalar, xalça məmulatları, milli tikmə və geyim dəstləri, bədii metal nümunələri nümayiş olunur. Sərgidə, həmçinin Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasına daxil olan xalça nümunələri də yer alıb.Sərgi qədim torpağın ruhunu, əsrlərlə burada yaşayıb-yaradan insanların həyat və məişətini, estetik zövqünü, sənətkarların bədii dünyagörüşünü duymağa, həmin tarixi dövrlərə səyahət etməyə imkan yaradır.

Əlbəttə, mən inanıram ki, bundan sonra da Şuşada belə tədbirlər tez-tez təşkil olunacaq və biz də öz əsərlərimizlə həmin sərgilərdə iştirak edəcəyik.

Şuşa milli mədəniyyətimizin tacıdır. Bütün görülən tədbirlər, aparılan bərpa işləri onu göstərir ki, bu tac dünyanın hər yerində bərq vuracaq.

 

Çingiz Fərzəliyev,

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru,

Əməkdar incəsənət xadimi, rəssam

Əlaqədə qalın

Kolleksiyalar, sərgilər, fəaliyyətlər və digər mövzular haqda xəbərləri əldə edin.