Hafiz Məmmədovun 100 illik yubiley sərgisi...

19 Oktyabr-19 Aprel, 2023

Keçirilmiş

19 oktyabr tarixində Azərbaycan Milli İncəsənət Muzeyində Əməkdar incəsənət xadimi Hafiz Məmmədovun 100 illik yubileyinə həsr olunmuş sərginin açılış mərasimi baş tutub. Sərgidə Azərbaycan Milli İncəsənət Muzeyinin, Azərbaycan Rəsm Qalereyasının kolleksiyalarından, eləcə də şəxsi kolleksiyadan əldə olunan əsərlər nümayiş olunur.

Sərginin açılışını edən Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov bu əlamətdar tarix münasibəti ilə hər kəsi təbrik etdi. O, çıxışında Hafiz Məmmədovla bağlı xatirələrini ziyarətçilərlə bölüşdü. Mərasimdə çıxış edən Mədəniyyət naziri Anar Kərimov Azərbaycan təsviri sənətimizin inkişafında böyük xidmətləri olan Hafiz Məmmədov yaradıcılığının milli irsimizə olan böyük dəyərindən söz açdı. Nazir, həmçinin dövlətimizin hər zaman rəssamlara və ümumilikdə sənət adamlarına diqqət və qayğı ilə yanaşdığını vurğuladı.

Rəssamın çoxşaxəli yaradıcılıq fəaliyyətinin dolğun şəkildə təqdim edildiyi sərgidə 60-a yaxın əsər yer alıb. Vernisajda portret, natürmort, mənzərə kimi janrlarda işlənmiş əsərlər, süjetli və monumental tablolar nümayiş olunur. Bir çox janrlarda yaratdığı bədii nümunələr, yaradıcılıq ezamiyyətləri zamanı ərsəyə gətirdiyi əsərlər rəssamın tükənməz ilhamının nəticələridir. Məzmun dolğunluğu və bədii estetik mahiyyəti ilə seçilən əsərlərdə biz rəssamın mükəmməl kolorit həllinə nail olduğunun şahidi oluruq.

İkinci dünya müharibəsində iştirak etməsi, Stalinqraddan Berlinədək şərəfli döyüş yolu keçməsi heç şübhəsiz ki, rəssamın yaradıcılığında öz təsirini göstərib. Rəssam müharibənin bütün çətinliklərini - istər arxa, istrəsə də ön cəbhədə baş verən hadisələrin gerçək üzünü özü ilə cəhbəyə apardığı bloknotunun səhifələrində əbədiləşdirir. Bu eskiz-əsərlər daha sonra müəllifin müharibəyə həsr etdiyi diqqətəlayiq rəngkarlıq nümunələrinin yaradılmasında əhəmiyyətli rola malikdir. Rəssam ön və arxa cəbhədə baş verən hadisələr arasında emosional məntiqi əlaqə tapmağa çalışdığı müharibə mövzulu tablolara müraciətini yaradıcılığının sonrakı illərində də davam edir. Sərgidə nümuyiş olunan “Sülh naminə”, “Döyüş yollarında” , “Narahat əsr”, “Odlu illər” kimi əsərlər buna misaldır.

Müharibədən sonrakı illər - ötən əsrin 50-ci illəri isə rəssamın yaradıcı bir şəxsiyyət kimi formalaşdığı, özünəxas mövzu və rəsm üslubunu yarada bildiyi illərdir. Rəsm və rəng qanunauyğunluqlarını mükəmməl şəkildə öyrənən Hafiz Məmmədov tarixi-inqilabi mövzularla yanaşı , “Altıağac”,“Təzə məhəllələr”, “Doğma yerlər”, “Yay günü”, “Məhsul bayramı” kimi əsərlərində ölkəmizdə görüb - duyduğu təbiəti, insanların məişətini əks etdirən tematik tabloların, eləcə də “Neft mənzərəsi”, “Xəzərin üstündə” kimi sənaye mənzərələrinin, “Hacı Məmmədov”, “Əli Hüseynov”, “Sovet İttifaqı qəhrəmanı B. Mirzəyev”, “166 yaşlı Şirəli Müslümov” portretlərin , “Natürmort. Heyva” və s. kimi natürmortların mahir yaradıcısıdır.

Ekspozisiyada Hafiz Məmmədovun Misirə yaradıcılıq ezamiyyətinin uğurlu nəticəsi kimi meydana gələn tablolar da nümayiş olunur. Bu tablolar ərəb ölkəsinin qızmar günəşini, iqlimini, insanlarının həyat gerçəkliklərini bilavasitə izləyiciyə çatdırır. “Şərq suvenirləri”, “Luksorda məbəd”, "Luksor məqbərəsi” adlı əsərləri buna misaldır.

“Qara bayram” adlı əsəri isə təkcə rəssam kimi deyil, bir vətəndaş kimi də Hafiz Məmmədovun xalqımızın tarixində qanlı iz qoymuş 20 Yanvar gününə ürək ağrısı ilə yanaşmasını əks etdirir.

 

 

Son Sərgilər

"Mədəni yaddaşımızda Qərbi Azərbaycan" a...

Ətraflı...

“Zamanla dialoq” adlı sərgisi ...

Ətraflı...

"Miniatürsayağı" adlı fərdi sərgisi...

Ətraflı...

"Türkiyə- Azərbaycan Qardaşlığı: Anadolu...

Ətraflı...