AMİM Cartier bərpa edilmiş sənət əsərlərini təqdim edir...

01 Avqust-30 Dekabr, 2022

Hal hazırda keçirilir

Azərbaycan Milli İncəsənət Muzeyi Fransanın Cartier Zərgərlik Evinin dəstəyi ilə muzeyin kolleksiyasından olan üç bərpa edilmiş sənət əsərini təqdim edir və onların milli toy adətləri ilə əlaqəsindən bəhs edir

 

Azərbaycanın ən mühüm mədəniyyətə xidmət göstərən təşkilatları ilə əməkdaşlıq, habelə mədəni-maarifçilik təşəbbüslərinin reallaşdırılması brendin mədəni irsin qorunması, inkişafı və incəsənətin dəstəklənməsi ilə əlaqədar uzunmüddətli öhdəliklərinin davamı sayıla bilər. Cartier Evi və Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə 2019-cu ildə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında "Yeddi nar çubuğu" xalq nağılının motivlərinə əsaslanan tamaşa səhnələşdirilib. 2021-ci ildə Azərbaycan Xalça Muzeyinin iştirakı ilə Dövlət Ermitajında “Görünməyən incəsənət. İmkanların sərhədlərini genişləndirərək” adlı inklüziv sərgi keçirilib və sərgi inklüziv muzey işi sahəsində inqilabi çevrilişə səbəb olub. Bundan başqa, 2021-ci ildə şəhərin əsas görməli yerləri və heyrətamiz sevgi hekayələrindən bəhs edən onlayn bələdçi yaradılıb.

Bu dəfə fransız brendi Azərbaycanın ən nüfuzlu muzeylərindən olan – Milli İncəsənət Muzeyi ilə birgə əməkdaşlığa başlayıb, eksponatların bərpa layihəsini dəstəkləyib, xalq sənətkarları və zərgərlərin əsərlərini bərpa etməyə yardım edib. Restavrasiya işləri XX əsrə məxsus rəngli daşlarla bəzədilmiş, gümüş və metaldan hazırlanmış qadın kəməri, “buta” elementləri ilə bəzədilmiş tacşəkilli baş bəzəyi, gəlinin toy ərəfəsində bəzək əşyalarını saxladığı mücrü üzərində aparılıb. “Azərsuvenir” MMC-də “şəbəkəçi zərgər” vəzifəsində çalışan peşəkar mütəxəssis muzeyin dəvəti ilə predmetlərin bərpası üzərində işləyib və tarixi əşyaları üç ay ərzində bərpa edib. İş prosesində mücrünün üzərində bərpadan əvvəl görünməyən yazının aşkarlanması muzey komandasını çox sevindirib. Mücrünün qapağı üzərində XIII əsr fars şairi Sədi Şirazinin "Gülüstan" poemasından sətirlər həkk edilib.

"Cartier Evi uzun və zəngin tarixi boyunca müxtəlif incəsənət formalarından və dünya mədəni irsindən ilham alıb və ilham mənbəyi olan bu dəyərli irsi gələcək nəsillər üçün saxlamağa çalışıb. Şübhəsiz ki, islam mədəniyyəti Cartier-in estetik dəyərlərinə böyük təsir göstərib. Biz Azərbaycan Milli İncəsənət Muzeyi ilə əməkdaşlığımızdan qürur duyur və ürəkdən ümid edirik ki, bu layihə Şərqin zərif tətbiqi sənətinə diqqəti cəlb edəcək" - deyə Cartier şirkətinin Rusiya və MDB üzrə idarəedici direktoru Yanina Novitskaya bildirib.

Bu eksponatlar müxtəlif dövrlərdə, XIX və XX əsrlərdə yaradılıb və xalq ustalarının, mahir zərgərlərin əsərlərindən ibarətdirlər. Tədqiqatlar göstərir ki, Azərbaycanın milli qadın geyim mədəniyyətində zinət əşyaları xüsusi yerə malik olublar. Gəlin toya zinət əşyalarında çıxır və onun üzərindəki bəzəklər ailəsinin cəmiyyətdəki statusunu vurğulayırdı. Zinət əşyaları arasında kəmər və baş bəzəyi xüsusi əhəmiyyət kəsb edirdi. Kəmər gənc qadının həyatının bir mərhələdən digərinə keçidini simvolizə edirdi. Adətlərə görə, toy günü kəməri gəlinin belinə ya qardaşı, ya da atası taxırdı. Gəlinə cehiz kimi mücrü də verilməli idi. Gəlin ərinin ona verdiyi zinət əşyalarını orada saxlayırdı. Bu mücrülərdə təkcə XIX əsr zərgərləri tərəfindən hazırlanmış və gələcək nəsillərə ötürülən zinət əşyaları deyil, həm də uzun tarixə malik qiymətli xatirə əşyaları saxlanılırdı. Mücrü nə qədər dəbdəbəli görünüşə malik idisə, onun içindəki zinət əşyaları bir o qədər qiymətli idi.

“Toy mərasimi Azərbaycan xalqının ölməz və unudulmaz adət-ənənələrindən biridir. Bu ənənələrdə xalqın gözəllik sevgisi özünü aşkar şəkildə ifadə edir. Bu əşyaların hər biri öz dövrünün estetikasını simvolizə edir, xalq adətlərinin gözəlliyindən xəbər verir. Bu zinət əşyaları həm ailələrin tarixini, həm də əbədiyaşar xalq yaradıcılığını özündə təcəssüm etdirir” - deyə Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, Azərbaycanın Əməkdar İncəsənət Xadimi, rəssam, professor Çingiz Fərzəliyev bildirib.

Şübhəsiz ki, hər üç eksponat dünya incəsənət tarixinə məxsus olan və əvvəlki möhtəşəm gözəlliyi ilə ekspozisiya çərçivəsində nümayiş etdirilməyə layiq sənət əsəridirlər.

Bakı muzeyi üçün bu əlamətdar hadisə fərqli mədəniyyətlərin bədii üslubunun qəbul edilməsi, başa düşülməsi və yaradıcı interpretasiyasına can atan Paris Zərgərlik Evinin tarixinin 175 illik yubileyinin yeni sətri oldu. Şərq mədəniyyəti Evin üslubu repertuarının inkişafına ciddi təsir göstərib. Bu yaxınlarda Parisin Dekorativ İncəsənət Muzeyində keçirilən “Cartier və İslam incəsənəti: Müasirlik axtarışında” sərgisi bunu bir daha sübut edir. Parisdə keçirilən genişmiqyaslı ekspozisiyada Şərqin XX əsrin əvvəllərindən bu günə qədər fransız zərgərlik evinin üslubuna təsirini əks etdirən 500-dən çox eksponat təqdim olunub.

“Dekorativ-tətbiqi sənət əsərlərində: xalçalarda, tikmələrdə, bədii işləməyə malik metalda, zərgərlikdə xalqın dünyagörüşü, fəlsəfəsi özünü ən bariz şəkildə göstərir. İncəsənət əsərlərinin düzgün bərpası və konservasiyası muzeylərin ən mühüm vəzifələrindən biridir və Cartier Evinin buna kömək göstərməsi çox yaxşı haldır. Təbii ki, bu eksponatların hər birinin yüksək bədii, elmi və tarixi əhəmiyyəti var”, - deyə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Muzey, qalereya və sərgilər şöbəsinin müdiri Nərgiz Abdullayeva bildirib.

Azərbaycan Milli İncəsənət Muzeyinin Cartier Evi ilə yaradıcı əməkdaşlığı XX əsrin əvvəllərində İslam mədəniyyətinin ciddi təsirinin xatirəsinə çevriləcək və diqqəti bir daha Şərq tətbiqi sənətinə cəlb edəcək. Bu, ekspozisiyaya gələn ziyarətçilərin bərpa olunmuş əşyalardan ilham alması və müxtəlif dövrlərin ustad sənətkarları ilə tanış olması üçün gözəl fürsətdir, çünki layihənin əsas məqsədi sənətkarlıq və mədəni irsin gələcək nəsillər üçün qorunub saxlanılmasıdır.

Son Sərgilər

“AMİM-də Şənbə” ...

Ətraflı...

“AMİM-də şənbə” layihəsi ...

Ətraflı...

“Zəfərin mübarəkdir, ey Vətən!”...

Ətraflı...

Hafiz Məmmədovun 100 illik yubiley sərgi...

Ətraflı...