“Muzeydə gecə” adlı multimedia layihəsi...

18 May-18 May, 2022

Keçirilmiş

Beynəlxalq Muzeylər Günü münasibətilə “Muzeydə gecə” adlı multimedia layihəsi nümayiş etdirildi.

18 may 2022-ci il tarixində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Milli İncəsənət Muzeyində Beynəlxalq Muzeylər Günü münasibətilə “Muzeydə gecə” adlı multimedia layihəsinin təqdimatı keçirilib.

Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva hər il keçirilən Beynəlxalq Muzeylər Gününün əhəmiyyətindən danışıb. Diqqətə çatdırıb ki, bu il Beynəlxalq Muzeylər Günü "Muzeylərin gücü" mövzusuna həsr olunub: “Beynəlxalq Muzeylər Günü ölkəmizdə də geniş miqyasda qeyd edilir. Bu gün Mədəniyyət Nazirliyinin təşkilatçılığı və İsveçin Azərbaycandakı səfirliyinin dəstəyi ilə Azərbaycan Milli İncəsənət Muzeyində müxtəlif multimedia layihələrinin köməyi ilə "Muzeydə gecə" layihəsi təqdim edilir”.

İsveçin ölkəmizdəki səfiri Kristian Kamill bildirdi ki, muzeylər ətrafımızdakı dünyanı dəyişdirmək gücünə malikdir. Onlar misilsiz kəşf məkanları olaraq bizə keçmişimiz haqqında öyrədir və zehnimizi yeni ideyalara açır: "Bu günə kimi təkcə Bakının əsas muzeylərində deyil, həm də kənd yerlərində çoxlu sayda muzeyləri ziyarət etmişəm. Bölgələrdə ziyarət etmək üçün ən azı onlarla muzey var ki, onların çoxu Azərbaycanın görkəmli musiqiçilərinin, şairlərinin və alimlərinin ev-muzeyləridir. Mən bütün bunları kəşf etməkdən böyük məmnunluq duyuram və fürsətdən istifadə edərək, ziyarət zamanı həmişə göstərilən səmimi qəbula görə bütün muzey işçilərinə təşəkkürümü bildirirəm.

Mən xüsusilə şadam ki, bu gecə Könül Rəfiyevanın kuratorluğu ilə “İsveç-Azərbaycan incəsənət dialoqu” layihəsi də təqdim olunur. Paytaxtımız Stokholmdan olan rəssam Lyudmila Kristeseva və bakılı Günel Ravilova heç vaxt şəxsən görüşməyiblər, lakin pandemiya zamanı onlar bu gecə nümayiş etdirilən bu gözəl instalyasiyanı yaradıblar".

Multimedia layihəsinin açılışı Azərbaycanın əməkdar artisti Fuad İbrahimovun dirijorluğu ilə muzeydə ilk dəfə açıq səma altında Bakı Kamera Orkestrinin müşayiəti ilə, solistləri beynəlxalq müsabiqələr laureatı Əziz Pənah (qoboy) və Prezident təqaüdçüsü Nərmin Nəcəfli (piano) olan konsert proqramı, eləcə də muzeyin zəngin kolleksiyasından seçilmiş eksponatlar əsasında Xalq rəssamı Səttar Bəhlulzadənin sehrli dünyasının qrafik dizayner Timur Əmirxan tərəfində total instalyasiyaya çevrildiyi proqramı ilə baş tutdu.

Təntənəli açılış mərasimi ilə paralel olaraq Azərbaycan Milli İncəsənət Muzeyində “Açıq qapı" günü  gecəyarısınadək davam etdi və muzeydə saxlanılan mədəni irsimizə, tariximizə, incəsənətimizə dair ümumi klassik kolleksiya ətrafında yaradılan Fərhad Fərzəliyev, Günel Ravilova, İbrahim Babayev, Lyudmila Kristeseva, Timur Amirxanovun  multimedia instalyasiyaları, rəqəmsal layihələri, davamlı inkişaf və gender mövzularında əsərləri layihənin kuratoru Könül Rəfiyevanın konsepsiya müəllifliyi altında təqdim edildi.

Son Sərgilər

"Mədəni yaddaşımızda Qərbi Azərbaycan" a...

Ətraflı...

“Zamanla dialoq” adlı sərgisi ...

Ətraflı...

"Miniatürsayağı" adlı fərdi sərgisi...

Ətraflı...

"Türkiyə- Azərbaycan Qardaşlığı: Anadolu...

Ətraflı...