"Həyata sevgi ilə: Mikayıl Abdullayev" sərgisi...

22 Dekabr-01 Avqust, 2022

Keçirilmiş

22 dekabr tarixində  Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin sərəncamına, əsasən Azərbaycan Milli İncəsənət Muzeyində Xalq rəssamı Mikayıl Abdullayevin 100 illik yubileyinə həsr olunmuş “Həyata sevgi ilə Mikayıl Abdullayev” sərgisi keçirilir. Sərgidə Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Rəsm Qalereyası və  Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin kolleksiyasına daxil olan əsərlər nümayiş olunur.

Sərgidə görkəmli rəssamın 190-a yaxın rəngkarlıq və qrafik əsəri nümayiş olunur. Vernisajda “Axşam”, “Sevinc”, “Azərbaycan tarlalarında”, “Saədət qurucuları”, “Mingəçevir işıqları”, “Hindistan anası”, “Çəltikçi qızlar” tematik tabloları, “C.Cabbarlı”, “Y. Məmməmədəliyev”, “M. P.Vaqif”, “M.F.Axundzadə”, “Yazıçı H.Seyidbəyli”, “Şair S.Rüstəm” kimi görkəmli şəxsiyyətlərin portretləri yer almaqdadır. Ekspozisiyada, həmçinin Əməkdar rəssam, heykəltəraş Zeynalabdin İsgəndərovun müəllifi olduğu Mikayıl Abdullayevin obrazı canlandırılan heykəltəraşlıq kompozisiyası da sərgilənməkdədir.

Mikayıl Abdullayevin keçdiyi məhsuldar yaradıcılıq yolunu özündə əks etdirən sərgi izləyicini dahi rəssamımızın çoxşaxəli bədii fəaliyyəti ilə tanış edir. Ekspozisiyada nümayiş olunan həm rəngkarlıq, həm də qrafika nümunələri tematik tablo, portret və mənzərə kimi janrları əhatə edərək Mikayıl Abdullayevin rəngarəng dünyasını bizimlə bölüşür. Ehtiva etdiyi mövzudan asılı olmayaraq sənətkarın hər bir əsərində yeni bir nüans, yeni bir çalar, orada yaratdığı incə təəssürat və güclü rəng harmoniyası diqqəti cəlb edir.

Rənglərin əsərlərindəki harmonik vəhdəti Mikayıl Abdullayevin hələ uşaq yaşlarından agah olduğu Şərq incəsənətindən, miniatürlərimizdən gələn doğma hisslərlə bağlıdır. Zaman keçdikcə bu xüsusiyyət rəssamın əsas bədii maneralarından birinə çevrilir. Lakin əsərlərinin rəng qamması hər nə qədər onu Şərq sənət üslubuna yaxınlaşdırırsa , obrazların bədii şərhində rəssam şərti dekorativlikdən uzaq Qərb realizminin üsullarından istifadə edir.

Müstəqil yaradıcılıq fəaliyyəti boyunca Mikayıl Abdullayev bir-birinin ardınca uğurlu işlərə imza atır. Məşhur "Mingəçevir süitası" əsərlər silsiləsini yaradarkən Mingəçevir su elektrik stansiyasının tikinti prossesində iştirak edir, zəngin etüdlər yaradır, bədii materiallar toplayır və nəticədə bu silsilə əsərlər ən gözəl bədii nümunələr kimi sənaye mənzərə janrında önəmli yer tutur.

Mikayıl Abdullayev yaradıcılığının əsas leytmotivini təşkil edən mövzulardan biri də əmək mövzusudur. Rəssam bütün gerçəkliyi ilə kənd məişətini əks etdirdiyi əsərlərinin qəhrəmanları olan zəhmətkeş insanlara doğmalıqla yanaşır.

Rəssamın Böyük Vətən Müharibəsinə həsr etdiyi, o illərin çətinliklərini əks etdirən "Azərbaycan tarlalarında" adlı triptixi də kənd həyatı fonunda tamaşaçılara təqdim olunur. Lakin burada müharibənin istər ön, istərsə də arxa cəhbəsində iştirak etməsindən asılı olmayaraq hər kəsin taleyinə amansız yara vurduğunu görmək mümkündür.

Rəssam Azərbaycan mənzərələri ilə yanaşı səyahət etdiyi bir çox ölkələrin təbiətini, məişətini təsvir etdiyi müxtəlif əsərlər də yaradır. Bu silsilələr içərisində Hindistana etdiyi səyahətlərin nəticəsində yaranan əsərlər xüsusilə diqqətə layiqdir. Onu da qeyd edək ki, 1970 -ci ildə Cəvahirləl Nehru adına beynəxalq mükafata layiq görülən iki azərbaycanlıdan biri məhz Mikayıl Abdullayevdir.

Azərbaycan rəssamları arasında ilk SSRİ Xalq Rəssamı adına layiq görülən Mikayıl Abdullayev müstəqil Azərbaycan Respublikasının "İstiqlal" ordeninə də layiq görülüb.

 

Son Sərgilər

"Mədəni yaddaşımızda Qərbi Azərbaycan" a...

Ətraflı...

“Zamanla dialoq” adlı sərgisi ...

Ətraflı...

"Miniatürsayağı" adlı fərdi sərgisi...

Ətraflı...

"Türkiyə- Azərbaycan Qardaşlığı: Anadolu...

Ətraflı...