“Mədəniyyətimizin incisi - Qarabağ”...

05 Noyabr-28 Fevral, 2022

Keçirilmiş

2021-ci il noyabrın 5-də Azərbaycan Milli İncəsənət Muzeyində Mədəniyyət Nazirliyinin təşkilatçılığı və dəstəyi ilə Şanlı Qələbənin ildönümə həsr olunmuş “Mədəniyyətimizin incisi - Qarabağ” adlı sərgi keçirilir. Sərgidə Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi, Üzeyir Hacıbəylinin Ev-Muzeyi, Bülbülün Memorial Muzeyi və Niyazinin xatirə muzeyinin fondlarına məxsus eksponatlar nümayiş olunur.

Qarabağ Azərbaycan üçün sakral məna ehtiva etdirir.

O, Azərbaycanın qəlbi və ruhu, ilham mənbəyidir.

Qarabağın füsunkar təbiəti sənət ruhu ilə doludur. Burada dağ zirvələri sanki qüvvətli akkordlartək məğrur və hürr insanların mədhi ilə ucalığa can atır. Burada təbiət parlaq palitra kimi vəsfəgəlməz gözəlliyi təcəssüm etdirir.

Qarabağ torpağı dünyaya yüzilliklər boyunca vətəni tanıdan dahi şəxsiyyətlər bəxş edib. Qarabağ torpağı vətənin hər qarışı üçün canından keçən, hər an xalqına, vətəninə bağlı olan rəşadətli sərkərdələr yetişdirib. Qarabağ torpağı Azərbaycanın musiqi mədəniyyəti beşiyidir. Qarabağ torpağı yaradıcı insanlar üçün tükənməz ilham mənbəyidir.

“Mədəniyyət incisi - Qarabağ” sərgisi yalnızca Azərbaycan torpağının bu unikal guşəsinə həsr olunmuş sənət əsərlərini təqdim etmir. Habelə, sərgidə Qarabağ bəstəkarlarının, ifaçılarının və musiqiçilərinin Azərbaycanın mədəni irsinə verdiyi böyük töhfələrə canlı şahid olacağıq.

Sərginin ekspozisiyası elə tərtib edilib ki, ziyarətçilər zallara daxil olarkən Qarabağın dahi övladlarının doğulduğu, yaşayıb-yaratdığı ab-havanı duya və onların sənət dünyasına qərq ola bilsinlər. Zalların kiçik güşələrində həyat tapan sənətkarların şəxsi əşyaları ilə sanki izləyicilər istedadın nota və ədəbi sətirlərə qovuşduğu anların şahidinə çevrilirlər.

Sərginin ekspozisiyasında Qarabağ xalça və xalça məmulatları, bədii tikmələr, milli geyimlər, məişət əşyaları nümayiş olunur. Xurşidbanu Natəvanın əlyazmaları, Usta Qəmbər Qarabaği və Mir Möhsün Nəvvabın rəsmləri, M.M.Nəvvabın “Dəvazdəh bənd” əlyazma kitabı, Ü.Hacıbəylinin, Bülbülün, Niyazinin şəxşi əşyaları və bu sənətkarların həyat və yaradıcılıqlarını əks etdirən çoxsaylı fotoşəkillər yer almaqdadır. Musiqi mədəniyyətimizin zənginləşməsinə töhfələr bəxş edən Üzeyir Hacıbəyli skripkası, Qurban Pirimov sədəfli tarı, Xan Şuşinski qavalı ekspozisiyamıza rəng qatır. Habələ, Qarabağın füsunkar təbiətinin təcəssüm olunduğu mənzərələr, qarabağlı görkəmli şəxsiyyətlərin Natəvan, Ü.Hacıbəyli, Niyazi, Bülbül, İ.Əfəndiyev, Ş.Bədəlbəyli, F.Bədəlbəyli portretləri və Qarabağ xanlığında əvəzsiz xidmətləri olan siyasi və ictimai xadim, şair M.P.Vaqifin portertləri sərgilənməkdədir. İzləyicilər vernisajda 250-ə yaxın Qarabağ incisi ilə tanış ola biləcəklər.

“Mədəniyyətimizin incisi – Qarabağ” – babalarımızdan bizə mirasdır. Son qələbəmiz Azərbaycanın ayrılmaz hissəsini zorla qoparmağın mümkün olmadığına təkzibolunmaz sübutudur. Şanlı qələbəmiz bir daha göstərdi ki, xalqın böyüklüyü onun qüdrətində və iradəsindədir, onun təməlində əbədi olaraq mədəni irs və doğma torpağa məhəbbət qalacaqdır.

Hörmətli qonaqlar!

Hər biriniz 5 noyabr, saat 17.00-da Azərbaycan Milli incəsənət Muzeyində baş tutacaq “Mədəniyyətimizin incisi - Qarabağ” sərgisinə dəvətlisiniz.

Sərgi noyabr ayının sonunadək davam edəcək. Giriş ödənişsizdir.

Son Sərgilər

AMİM Cartier bərpa edilmiş sənət əsərlər...

Ətraflı...

Milli Qurama Festivalı...

Ətraflı...

Çingiz Fərzəliyev fəxri üzvü seçilib...

Ətraflı...

Bədii lövhələr və Gil yapmalar ustad dər...

Ətraflı...