Milli İncəsənət Muzeyində “Novruz ahəngi”...

19 Mart-31 Mart, 2021

Keçirilmiş

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov martın 19-da Milli İncəsənət Muzeyində “Novruz ahəngi” sərgisi ilə tanış olub. Tədbirdə xarici işlər nazirinin müavini Ramiz Həsənov, müxtəlif ölkələrin Bakıdakı səfirliklərinin nümayəndələri və incəsənət xadimləri iştirak ediblər. 

Tədbir iştirakçılarını ilk olaraq Novruz ab-havasında qurulmuş zalda Aşıq Elçin “Novruz bayramınız mübarək olsun” saz havası ilə salamlayıb. Daha sonra  Novruz bayramına həsr olunmuş videoçarx nümayiş olunub. 

Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev çıxış edərək Novruz bayramının ölkəmizdə hər zaman böyük ruh yüksəkliyi ilə keçirildiyini, Milli İncəsənət Muzeyinin zəngin kolleksiyasında Novruz bayramına aid maraqlı rəsm əsərlərinin qorunduğunu bildirib. 

Mərasimdə çıxış edən mədəniyyət naziri Anar Kərimov qonaqlara Novruz bayramı münasibətilə təbriklərini çatdırıb. Uzunillik həsrətdən sonra Azərbaycanın mədəniyyət beşiyi olan Qarabağda, o cümlədən Şuşada Novruz bayramının qeyd ediləcəyini söyləyən nazir Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyib. İlaxır çərşənbədə Şuşa qalası önündə yandırılan tonqalı qürurverici an və gözəl mənzərə kimi dəyərləndirən nazir deyib: “44 günlük Vətən müharibəsində Ali Baş Komandanımızın iradəsi və şanlı Ordumuzun şücaəti sayəsində Qarabağımıza qovuşduq. Novruzun işğaldan azad olunan ərazilərdə qeyd olunması xalqımıza böyük ruh yüksəkliyi və bayram əhval bəxş edəcək”.  

Anar Kərimov qeyd edib ki, Novruz baharın gəlişinin bayram edilməsi, təbiətin oyanmasının, canlanmasının simvolu olmaqla yanaşı, həm də özündə ümumbəşəri dəyərləri təcəssüm etdirir. Xalqımız Novruzun ənənələrini hər zaman yaşadıb. Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti həm də milli köklərə söykənən ənənələrin yaşadılmasına və daha geniş miqyasda təbliğinə imkan yaradıb.

2009-cu ildə Novruz bayramının UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edildiyini bildirən nazir Azərbaycan-UNESCO əlaqələrinin inkişafında, xalqımızın mənəvi dəyərlərinin, mədəniyyətinin beynəlxalq səviyyədə təbliğində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESCO və İCESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın əvəzsiz rolunu vurğulayıb. 

Qeyd olunub ki, 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasında Azərbaycan Respublikasının təşəbbüsü və digər tərəfdaş ölkələrin dəstəyi ilə 21 mart “Beynəlxalq Novruz Günü” elan edilib. Bu təşəbbüs Azərbaycan dövlətinin bütün xalqlarla həmrəylik, dostluq və anlaşma şəraitində yaşamaq istəyi ilə yanaşı, eyni zamanda mədəniyyətin, mənəvi dəyərlərin irqindən, dinindən və etnik mənsubiyyətindən asılı olmayaraq, bütün insanlar arasında birləşdirici rolunun təşviq olunmasının əhəmiyyətini bir daha göstərir. 

Daha sonra xarici işlər nazirinin müavini Ramiz Həsənov, Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev və Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov çıxış edərək Novruz bayramının əhəmiyyətini qeyd ediblər. O da vurğulanıb ki, bu gün torpaqlarımızın azad edilməsində canından, qanından keçən oğulların bir vətənpərvər kimi yetişməsində yaradıcı insanların da rolu olub. Onların əsərlərində aşılanan yurd sevgisi Vətən övladlarının milli ruhda tərbiyələnməsinə töhfə verib. 

Sonda tədbir iştirakçıları sərgi ilə tanış olublar.

Son Sərgilər

"Mədəni yaddaşımızda Qərbi Azərbaycan" a...

Ətraflı...

“Zamanla dialoq” adlı sərgisi ...

Ətraflı...

"Miniatürsayağı" adlı fərdi sərgisi...

Ətraflı...

"Türkiyə- Azərbaycan Qardaşlığı: Anadolu...

Ətraflı...