"Azərbaycanın İpək xəzinəsi: dünən, bu gün, sabah"...

01 Dekabr-01 Dekabr, 2017

Keçirilmiş

1 dekabr saat 19.00-da Azərbaycan Milli İncəsənət Muzeyində “Azərbaycanın İpək xəzinəsi: dünən, bu gün, sabah” mövzusunda diskussiya keçiriləcək. Diskussiyada bədii tikmə üzrə aparıcı ekspertlər, müasir geyim dizaynerləri və “Art Loqos” sənətşünaslar klubunun üzvləri iştirak edəcəklər.

Ənənəvi Azərbaycan tikmələri yüz illərlə dünyanın dörd bir yanında sənətsevərlərinin diqqətini cəlb etmiş və cəlb etməkdədir. Beynəlxalq akademik mühitdə “Erkən Azərbaycan tikmələri” adı altında tanınan XVI-XVIII əsr tikmələri qərb kolleksiyaçıları və ekspertləri arasında yüksək qiymətləndirilmişdir. “Qafqazlı” kimi qeyd olunan xalçalardan fərqli olaraq,məhz bu tikmələr hər kəs tərəfindən “azərbaycanlı” kimi tanınan Azərbaycan dekorativ-tətbiqi sənətinin yeganə nümunələridir. Dünyada 400-dən az olan nadir tikmə nümunələrindən yalnız ikisi Azərbaycan ərazisində qorunub saxlanılır.

Bu gün müasir dizanyerlər öz yaradıcı işlərində ənənəvi tikmə naxışlarını istifadə edirlər. Yaradıcılıqda mədəni irs elementlərinin istifadə tendensiyası nəinki Azərbaycanda, eləcə də bütün dünyada trend hesab edilir.

Erkən Azərbaycan tikmələri zəngin kolleksiyaya malik Britaniyanın Viktoriya və Albert Muzeyi, Berlin İslam İncəsənəti Muzeyi, Vaşinqton Tekstil Muzeyi, Vyana Dekorativ-Tətbiqi Sənət Muzeyi kimi dünyanın ən möhtəşəm muzeylərində və bir çox tanınmış xarici şəxsi kolleksiyalarda qorunur. Erkən Azərbaycan tikmə nümunələri ölkəmizdə olduğu kimi, onun hüdudlarından kənarda da son dərəcə dəqiq və ciddi tədqiqata, eyni zamanda intişara hələ də ehtiyac duyur. Bu tikmələrin yalnız dar mütəxəssis mühitə məlum olmasının əsas səbəbi onların yuxarıda adı çəkilən muzey fondlarında və ya şəxsi kolleksiyalarda saxlanmasıdır.

2017-ci ildə Londonun “HALİ Publications Ltd.” nəşriyyatı tərəfindən dərc olunan “Qafqazın ulduzu: Azərbaycan ipək tikmələri” (orijinalda “The Stars of Caucasus: Silk Embroideries from Azerbaijan”) kitabı tikmələr haqqında müfəssəl informasiyanı və əvvəllər araşdırılmamış eksponatların fotolarını özündə əks etdirən ilk akademik nəşr oldu. İncəsənət Muzeyində keçirilən “İpək xəzinəsi” sərgisi beynəlxalq muzey praktikasında erkən Azərbaycan tikmələrinə həsr olunmuş ilk sərgi idi.

Eksponatların 80 faizindən çoxunun ilk dəfə olaraq muzey fondu tərk etməsi Azərbaycan incəsənətini yüksək qiymətləndirənlər üçün önəmli hadisə idi. Onların əksəriyyəti oktyabr ayının ortalarında V Beynəlxalq Azərbaycan Xalçası üzrə Simpozium (İSAC 2017) çərçivəsində keçirilən məhz adı çəkilən sərginin açılışı üçün Bakıya gəldilər. Layihə və sərginin kitabı ölkənin Mədəniyyət və Turizm Nazirliyi və Şərq Xalçası üzrə Beynəlxalq Konfrans (İCOC), həmçinin missiyası xalça və tekstil sənətinin intişarı və tədqiqi olan Amerika QHT-nin dəstəyi ilə nəşr edilmişdir. Yuxarıda adları çəkilən muzey və şəxsi kolleksiyaların ən yaxşı nümunələrindən təşkil olunan unikal erkən Azərbaycan tikmələrinə həsr olunmuş sərgi müfaviq profil üzrə mütəxəssis, rəssam, diznayner, illüstrator, eləcə də sənətsevərlər üçün Azərbaycan tikmə sənəti dünyasına, onun unudulmuş unikal texnikası, ornament və rənglər aləminə daxil olmağa möhtəşəm imkan yaradır.

Azərbaycan Milli İncəsənət Muzeyi və “Art Loqos” mütəxəssis-sənətşünaslar klubu tərəfindən təşkil olunan “Azərbaycanın İpək xəzinəsi: dünən, bu gün, sabah” mövzusunda diskussiyanın əsas məqsədi erkən Azərbaycan tikmələrinin intişarı və tikmə texnikalarının tədqiqinə və intibahına olan marağı artırmaqdır. Həqiqətən Azərbaycan tikmə sənəti estetik zövqün, sənətkarlıq və harmoniyanın fenomenidir.

Diskussiyada müasir dizanydə milli irsin tətbiqi praktikası müzakirə ediləcək. Məhz bu diskussiya qədim ənənələri yaşadan modalyer, dizanyner və rəssamlara xalqımızın haqqsız olaraq unudulmuş ornament və rəng dünyasını öz sahələrində tətbiq etməyə və dirçəltməyə unikal imkan yaradır.

Giriş sərbəstdir.

Son Sərgilər

"Mədəni yaddaşımızda Qərbi Azərbaycan" a...

Ətraflı...

“Zamanla dialoq” adlı sərgisi ...

Ətraflı...

"Miniatürsayağı" adlı fərdi sərgisi...

Ətraflı...

"Türkiyə- Azərbaycan Qardaşlığı: Anadolu...

Ətraflı...