"Andeqraund. Yeni həyat" adlı sərginin açılışı...

18 May-01 İyun, 2018

Keçirilmiş

18 may - Azərbaycan Milli İncəsənət Muzeyində Beynəlxalq Muzeylər Günü münasibətilə “Andeqraund. Yeni həyat” adlı sərginin açılış mərasimi baş tutdu. “Anderqraund. Yeni həyat” sərgisi Azərbaycanın nonkorfomist rəssamları Cavad Mircavadov, Tofiq Cavadov, Rasim Babayev, Kamal Əhməd, Əşrəf Murad, Qorxmaz Əfəndiyevin yaradıcılıqlarının bədii irsinə həsr olunmuşdur.

Andeqraund rəssamların əsərlərindən bir neçəsinin ilk dəfə sərgidə nümayişi sənətsevərlərin və muzeyin daimi izləyicilərinin diqqətni çəkdi. Sərgi keçən əsrin 50-80-ci illərinin qeyri-rəsmi Azərbaycan incəsənətinin ən parlaq nümayəndələrinin yaradıcılığını əhatə edir. 1920-30-cu illərdə doğulmuş bu yaradıcı rəssamlar ordusu doğma torpağa, keçmiş köklərə, milli incəsənətə müraciətlə öz dəsti-xətlərini tapdılar. Böyük məhdudiyyətlərlə qarşılaşan və sovet dövrünün rəsmən qəbul edilmiş ideoloji “xətti” ilə üst-üstə düşməyən Cavad Mircavadov, Tofiq Cavadov, Rasim Babayev, Kamal Əhməd, Əşrəf Murad, Qorxmaz Əfəndiyevin parlaq, təkrarolunmaz yaradıcılığını siyasi və ideoloji senzura ictimai bədii həyatdan sıxışdırılıb çıxarmışdır.

Həyat və yaradıcılıqları əfsanəyə çevrilmiş bu rəssamlar haqqında müəmmalı əhvalatlar danışılırdı. İllər sonra, yenidənqurma dövründə rəsmi incəsənət istiqaməti və ideallogiyasının süqutu ilə yaradıcılıqları məhdudiyyətlərlə qarşılaşan bu rəssamların əsərləri yalnız geniş kütlə tərəfindən deyil, sənətsevərlər tərəfindən də heyrət, məftunluq və təəccüblə qarşılandı. Əfsus ki, insan ömrü qısadır. Təəssüf ki, rəssamların hamısı bu günü görə bilmədi, sərgi mühitində“qəbul edilmənin dadı”nı duymadılar, hətta bəzilərinin əsərləri onlar həyatda olan zaman belə sərgilənmədi. Lakin parlaq, özünəməxsus, individual əsərlər öz yaradıcılarının iz və energetikasını daşıyır.

Tədbirin açılışında hər kəsi salamlayaraq sözə başlayan Milli İncəsənət Muzeyinin direktoru, professor Çingiz Fərzəliyev bu əlamətdar gün münasibəti ilə hər kəsi təbrik etdi. O, vurğuladı ki, vaxtilə yaradıcılıqları məhdudiyyətlərlə qarşılaşan bu rəssamların əsərlərindən ibarət sərgilərin keçirilməsinin mümkünsüz olsa da, lakin bu gün biz bayramımızı “Andeqraund. Yeni həyat” sərgisi ilə qeyd edirik. 1950-80-ci illərin qeyri-rəsmi Azərbaycan incəsənətinin ən parlaq nümayəndələrinin yaradıcılığı unikal dəyərə sahibdi. O, dövrdə nonkorfomist rəssamların yaradıcılığı müxtəlif maneə və qadağalarla rastlaşsa da, illər sonra onların əsərləri izləyicilərin qəlbinə yol tapa bildi. Rəssamların bəziləri ölkənin hüdudlarından kənarda qəbul edilmiş və tanınmışdırlar.

Daha sonra Mədəniyyət naziri müavini Sevda Məmmədəliyeva hər kəsi salamlayaraq sözə başaldı: “Beynəlxalq Muzeylər Şurasının təşəbbüsü ilə 18 may –Beynəlxalq Muzeylər Günü” kimi qeyd olunur. Bu gün həqiqətən muzey işçilərinin və muzeysevərlərin bayramıdır. Həmçinin bu gün Azərbaycan xalqı üçün tariximizə qanlı hərflərlə həkk olunmuş - Laçın rayonunun erməni silahlı qüvvələri tərəfindən işğal olunduğu gündür. Cənab prezident İlham Əliyevin uğurlu siyasəti ilə tezliklə işğal olunmuş bütün ərazilərimiz geri qaytarılacaq, biz Qələbə gününü bayram edəcəyik və bu kimi əlamətdar günləri öz doğma torpaqlarımızda qeyd edəcəyik”.

Bu gününün digər bir özəlliyi Azərbaycan Milli İncəsənət Muzeyində Azərbaycanın nonkorfomist rəssamları Cavad Mircavadov, Tofiq Cavadov, Rasim Babayev, Kamal Əhməd, Əşrəf Murad, Qorxmaz Əfəndiyevin yaradıcılığına həsr olunmuş “Andeqraund. Yeni həyat” adlı sərginin keçirilməsidir. Azərbaycan incəsənətinin parlaq səhifəsini təşkil edən bu rəssamların hər birinin öz taleyi, öz idealogiyası var. Onların hər biri incəsənətdə ideoloji doqmaları qəbul etməyən, sırf fərdi bədii məqsədlərə xidmət edən navatorlardır. Bu gün burada təqdim olunan əsərlərin bir neçəsi ilk dəfə bu sərgidə nümayiş olunacaqdır.

Bakı İncəsənət Mərkəzinin rəhbəri Rafael Gülməmmədov əlamətdar gün münasibəti ilə hər kəsi təbrik edərək vurğuladı ki, bu gün yalnız muzey işçilərinin deyil, eləcə də sənətsevərlərin bayramıdır. Hesab edirəm ki, 2018-ci il 18 may tarixində Milli İncəsənət Muzeyində “Azərbaycan təsviri incəsənətində Andeqraud” bədii sərgisinin keçirilməsi və daha sonra müzakirəsi önəmli hadisədir. Təəssüf ki, bu dövr milli mədəniyyətimizin yetərincə geniş öyrənilməmiş mərhələsidir. Sovet dövründə mədəniyyətimizdə yaranmış bu önəmli hadisəni yalnız peşəkar-sənətşünaslar, sənət adamları, Azərbaycanın sənət tarixini öyrənən insanlar deyil, incəsənət universitetlərinin tələbələri, eləcə də geniş ictimaiyyət ətraflı şəkildə öyrənməmişdir. Hansı dövrün sərhədləri əhatə edirdi? Kimi Andeqraundun nümayəndəsi hesab etmək olar, kimi isə yox? Bu hadisə bizim mədəni həyatımıza nə qədər təsir etdi? Bütövlükdə Andeqraund rəssamların yaradıcılığı o dövrün və gələcək təsviri incəsənətin inkişafına nə dərəcədə təsir edir? Andeqraund, Abşeron məktəbi və müasir Azərbaycan incəsənəti anlayışını necə təsnif etmək olar? Bu suallara müzakirə iştirakçıları cavab tapmağa cəhd etdilər. Düşünürəm ki, müzakirə olduqca səmərəli keçdi. Fikirlər müxtəlif idi, hətta mübahisələr də oldu. Elə bu da tələb olunurdu. Bədii və bütünlükdə Azərbaycanın mədəni cəmiyyəti üçün bu mövzu gələcəkdə də müzakirə olunmalıdır ki, andeqraund sözü geniş təbəqələrin mülkiyyətinə çevrilsin. Əminəm ki, bu mövzu ilə bağlı çıxışlar gələcəkdə də davam etdirilməlidir. Bu müasir və avanqard təsviri incəsənətimizdə tarixi və inkişaf analizi nöqteyi nəzərdən əhəmiyyətlidir. Sərginin semantik mənası və formatı onun adını müəyyənləşdirir.

Bu əlamətdar günə Ahmedowsky Trio qruppunun XX əsrin ikinci yarısına məxsus musiqiləri müasir şərh və böyük şövqlə ifaları tədbirə xüsusi abu-hava qatdı. Əyləncəli melodiyalara laqeid qalamayan gənclərin rəqsi illər sonra yeni nəfəs qazanmış rəssamların ideyalarına parlaq cavab oldu. 

Sərgidən sonra “Artlogos” incəsənət klubunun nəfəskəsici diskussiyada Ziyadxan Əliyev, Rüstəm Hüseynov, Rafael Gülməmmədli, Dilarə Vahabova, Əsmər Abdullayeva, ElçinƏliyev və Teymur Daiminin çıxışı gecəyə xoş sonluq verdi. Hər bir spiker əsəri nümayiş olunan rəssam haqqında individual fikirlər irəli sürdü. Müzakirdə mövzu ətrafında eləcə də, Azərbaycanda sosialist realizm və Abşeron məktəbi ilə bağlı fikir birlikləri ilə yanaşı, fikir ayrılıqları da oldu. Həmçinin müasir andeqraund nümayəndələrinin varislik ənənəsi, etik və əxlaqi fəlsəfəsi yanaşmaları ilə bağlı mövzulara toxunuldu.

Son Sərgilər

"Mədəni yaddaşımızda Qərbi Azərbaycan" a...

Ətraflı...

“Zamanla dialoq” adlı sərgisi ...

Ətraflı...

"Miniatürsayağı" adlı fərdi sərgisi...

Ətraflı...

"Türkiyə- Azərbaycan Qardaşlığı: Anadolu...

Ətraflı...