"Sevgi ilə Gürcüstandan"...

18 Noyabr-02 Dekabr, 2014

Keçirilmiş

18 noyabr 2014-cü il tarixində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Gürcüstan Mədəniyyət və Abidələri Mühafizə Nazirliyi, Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyi və Gürcüstan Rəssamlarının Yaradıcılıq Birliyinin birgə təşəbbüsü ilə Azərbaycan Milli İncəsənət Muzeyində “Sevgi ilə Gürcüstandan” adlı sərgisinin açılışı oldu. 

Açılışda çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanla Gürcüstan arasında mədəni mübadilənin möhkəmlənməsinə xidmət edən layihənin əhəmiyyətini diqqətə çatdırdı: “Bu sənət hadisələri iki ölkə rəssamlarını yeni axtarışlara sövq edir. Düşünürəm ki, gürcü rəngkarlıq məktəbi təkcə Azərbaycanda deyil, bütün dünyada tanıdılmağa layiqdir. Biz Gürcüstanla bir çox beynəlxalq layihələrdə birgə çıxış edirik. İnanıram ki, bu addımlar gələcək əlaqələrin daha da möhkəmliyinə bir qarantdır”.
Qonşu ölkənin nümayəndə heyətinin Bakıya gəldiyini deyən nazir paytaxtımızda bir anlamda Gürcüstan mədəniyyəti günlərinin yaşandığını vurğuladı.
Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi naziri Mixeil Giorqadze sərginin Azərbaycan sənətsevərləri üçün maraqlı olacağına inandığını bildirdi. Qeyd etdi ki, təqdim edilən sənət əsərləri Gürcüstan haqqında təsəvvür yaradacaq, gürcü xalqının mədəniyyəti və adətləri ilə yaxından tanışlığa körpü olacaq: “Məqsədimiz mədəni mübadilələri intensivləşdirməkdir. İki ölkə arasında təkcə rəssamlıq sahəsində deyil, mədəniyyətin bütün növlərində mübadiləni inkişaf etdirməliyik”.

Açılış mərasimində Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev və Gürcüstan Milli Muzeyinin direktoru David Lordkipanidze əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi məqsədilə müqavilə imzaladılar. Sonra mərasim iştirakçıları sərgi ilə tanış oldular.
Gürcü rəssamlıq məktəbi zəngin ənənələrə malikdir və onun tarixi Qərbi Gürcüstanın qədim Kolxida əyalətindən və orta əsrlərə aid milli freska rəssamlığından başlayır. XX əsrdə tanınmış rəssamlar Niko Pirosmani, David Kakabadze, Lado Qudiaşvili və digərləri bu ənənələrə yeni çalarlar gətiriblər. Çağdaş gürcü rəssamlığı müxtəlif rəng çalarlarından ibarət mozaikaya bənzəyir, üslub və semantika baxımından, sənət əsərlərinin avanqard mahiyyəti ilə seçilir.
Sərgidə Mamuka Tsetsxladze, Şalva Matuaşvili, Camal Kuxalaşvili, Laşa Kuxalaşvili - ümumilikdə 62 rəngkar və qrafik rəssamın 130-a yaxın əsəri nümayiş olunur. Sərgi iki həftə davam edəcək.

Son Sərgilər

"Mədəni yaddaşımızda Qərbi Azərbaycan" a...

Ətraflı...

“Zamanla dialoq” adlı sərgisi ...

Ətraflı...

"Miniatürsayağı" adlı fərdi sərgisi...

Ətraflı...

"Türkiyə- Azərbaycan Qardaşlığı: Anadolu...

Ətraflı...