"Heydər Əliyev və sənət müasirləri" adlı sərgi...

07 May-31 May, 2013

Keçirilmiş

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubilyi ilə əlaqədar 7 may 2013-cü il tarixində saat 12.00-da Azərbaycan Milli İncəsənət Muzeyinin ekspozisiya zalında “Heydər Əliyev və sənət müasirləri” adlı sərginin açılış mərasimi təşkil edilir.

Ulu öndər Heydər Əliyevin milli mədəniyyətimizin, o cümlədən təsviri  sənətimizin inkişfı naminə gördüyü işlər çoxdur. O, yaşadığı dövrün siyasi durumundan asılı olmayaraq istər 1969-82-ci illərdə, daha sonralar  Moskva şəhərində  vəzifədə olduğu müddətdə və müstəqilliyimizi qazandıqdan sonra, 1993-cü ildən etibarən Azərbaycanın incəsənətinin, bütövlükdə mədəniyyətimizin rifahı naminə  səmərəli işlər həyata keçirmiş, yaradıcı şəxslərlə daim maraqlanmış, onların yaratdığı milli dəyərlərə böyük önəm vermişdir. Azərbaycanın tanınmış sənət adamlarından Maral Rəhmanzadə, Mikayıl Abdullayev, Tahir Salahov,  Nadir Əbdürrəhmanov, Ömər Eldarov və başqaları ilə dəfələrlə şəxsən görüşüb, ünsiyyət yaradan Heydər Əliyev, milli mədəniyyətimizin daha da zənginləşməsi üçün yaradıcı insanlarda öz diqqəti və əməli fəaliyyəti ilə böyük stimul yaratmışdır.

Azərbaycan Milli İncəsənət Muzeyində keçirilən tədbirin açılışı ümummilli liderin Azərbaycan mədəniyyətinə göstərdiyi qayğını əks etdirən foto-şəkillərdən ibarət sərginin nümayiş edildiyi zalda keçiriləcək. Burada 70-dən artıq foto nümayiş olunur. Fotolarda Heydər Əliyevin iştirak etdiyi mədəni həyatımızla bağlı  tədbirlərdən bir qismi nümayiş edilir - 1996-cı ildə Azərbaycanın Xalq rəssamı Maral Rəhmanzadənin 80 illiyi münasbətilə İncəsənət muzeyində təşkil edilmiş sərgi, 1995-ci ildə Arif Məlikovla görüş, 1998-ci il 15 may tarixində Nikas Safronovun sərgisinin açılış mərasimi, Nəsiminin, Cəfər Cabbarlının, Nəriman Nərimanovun  heykəllərinin açılışı, “Nizami Gəncəvi” adına metro stansiyasının açılışı zamanı Mikayıl Abdullayevin eskizləri əsasında hazırlanmış süjetlərdən ibarət divar bəzəkləri ilə tanışlıq, Şuşada Vaqifin barelyefinin təntənəli açılışı və s. təqdim edilir. Bu zalda eyni zamanda heykəltəraş, Azərbaycanın Xalq rəssamı Ömər Eldarovun ağ mərmərdən 2012-ci ildə hazırladığı “Heydər Əliyevin portreti” əsəri sərgilənir.

Sərginin davam etdiyi növbəti ekspozisiya salonlarında ulu öndərin müasirləri və onun xüsusilə önəm verdiyi rəssamların tabloları nümayiş edilir. Burada birinci olaraq Tahir Salahovun çox canlı tərzdə yaratdığı  “Heydər Əliyevin portreti” əsəri qonaqlara təqdim edilir. Əsərdə Heydər Əliyev obrazı çox real şəkildə kətan üzətində yağlı boya ilə əbədiləşdirilib. Bundan sonra Səttar Bəhlulzadənin “Füzuli”, “Xəzərdə axşam” və “Torpağın arzusu”, Oqtay Sadıqzadənin “Akademik Zərifə Əliyevanın portreti”, “Şairə Natəvanın portreti” və “Fidan Qasımovanın portreti”, Elmira Şahtaxtinskayanın “Şah İsmayıl Xətai” və “Məhsəti Gəncəvi” plakat-portretləri, Mikayıl Abdullayevin “Fərhadın məşqi” və rəssamın dahi şair Məhəmməd Füzulinin “Leyli və Məcnun” poemasına çəkdiyi “Ayrılıq”, “Məcburi toy”, “Sevgililər”  illüstrasiyaları, Hüseyn Əliyevin “Dağ partlayışı” və “Azıx mağarası”, Maral Rəhmanzadənin “Aşıq Pəri”, “Xınalıq kəndi”, Böyükağa Mirzəzadənin “Lətif Kərimovun portreti” və “Şəmsi Bədəlbəylinin portreti”, Tağı Tağıyevin “Bakı kontrastları”, Xalidə Səfərovanın “Süsənlər” və “Novruz”, Nadir Əbdürrəhmanovun “Sevimli naxışlar”, Toğrul Nərimanbəyovun “Göyçay bağlarında”, Elbəy Rzaquliyevin “Bakı. Xan Sarayı”, Baba Əliyevin “Qız şərbət ilə”, Rasim Babayevin “Püstə ağacı”, heykəltəraş Ömər Eldarovun “Səttar Bəhlulzadə” əsərləri nümayiş olunur.

Bu əsərlər ümummilli liderin uzun illər boyu ünsiyyətdə olduğu sənət adamlarının yaradıcılığında önəmli yer tutur. Heydər Əliyev bu əsərlərin bir çoxu ilə bilavasitə tanış olmuş, onların yaradılması prosesində öz tövsiyyələrini vermişdir. Onlar üslub baxımından boyakarlıq, qrafika və heykəltəraşlıq əsərləridir, hamısı Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından seçilmişlər. Bu əsərlərdə portret, natürmort, mənzərə janrı yer tutur. Təqdim edilən əsərlər sənətkarların yaradıcılığının müxtəlif dövrlərini səciyyələndirir.

Son Sərgilər

"Mədəni yaddaşımızda Qərbi Azərbaycan" a...

Ətraflı...

“Zamanla dialoq” adlı sərgisi ...

Ətraflı...

"Miniatürsayağı" adlı fərdi sərgisi...

Ətraflı...

"Türkiyə- Azərbaycan Qardaşlığı: Anadolu...

Ətraflı...